Terror Rusiyanın mahiyyətidir…
Ankaradakı 13 mart terrorundan sonra Azərbaycan ictimaiyyətinin şübhələri dərhal Moskvaya yönəldi. Buna isə ciddi əsaslar var. Ötən ilin noyabrında türk qırıcılarının ruslara məxsus “Su-24″ təyyarəsini vurmasından sonra Rusiya prezidenti Vladimir Putinin söylədikləri unudulmayıb.
O, noyabrın 24-də, hadisənin baş verdiyi gün demişdi: “Bu hücum Türkiyə-Rusiya münasibətləri üçün faciəvi nəticələrə səbəb olacaq”.
Dekabrın 3-də, ənənəvi müraciətində isə daha kəskin bildirmişdi: “Biz hələ onların etdiklərini dəfələrlə xatırladacağıq və onlar hələ bundan çox peşiman olacaqlar. Biz nə edəcəyimizi bilirik”.
12.01.2016. Istanbul – 11 ölü, 15 yaralı;
17.02.2016. Ankara – 28 ölü, 61 yaralı;
13.03.2016. Ankara – 37 ölü, 125 yaralı.
Putinin hədə-qorxularına əsaslanıb, Istanbulda və Ankarada baş verənlərdə “Rusiya izi”ni axtarmağa dəyməzmi? Rusiyanın “edəcəyi” və ya etdikləri bunlar deyilmi?
Terror hadisələrinin xronoloji ardıcıllığına diqqət edin: Putinin dekabr müraciətindən sonra, demək olar, arada bir ay fasilə ilə 3 terror?! Putinin “biz onların etdiklərini dəfələrlə xatırladacağıq” xəbərdarlığı şübhələri məhz hadisələrin xronoloji ardıcıllığına yönəldir…
Türkiyə rus mentalitetinə bələd deyil. Azərbaycan isə 200 ildir Rusiyanın nə demək olduğunu bilir. Azərbaycan türklərinə qarşı qətliamlar, soyqırımlar məhz XIX əsrdə, rus işğalından sonra baş verib. Çar Rusiyası dövründə 1905-1906-cı illər qətliamı, 1918-ci il mart soyqırımı, sovet Rusiyası zamanında isə 20 Yanvar qırğınını unutmuruq. Rusiya müstəqillik illərində belə Azərbaycana daha bir faciəni – Xocalı soyqırımını yaşadıb. Bütün bunlar isə birbaşa deyil, ermənilərin əli ilə və ya onların adı altında törədilib. Hələ ölkəmizdə sirri açılmayan təxribat və terror hadisələrini demirik.
Azərbaycanda ermənilərin əli ilə qırğın törətməkdə tarixi təcrübəsi olan Rusiya imperiyası Türkiyədə gizli bir şəkildə kürdlərlə işbirliyinə gedə bilməzmi? Əslində isə Rusiya bu gün separatçı və terrorçu kürd təşkilatları ilə nümayişkaranə şəkildə əməkdaşlıq edir. Istanbul və Ankara terrorları da məhz Moskvadakı gizli-açıq danışıqlardan sonra baş verdi.
Bu arada, 13 mart Ankara terrorunun səhəri günü Polşanın müdafiə naziri Anoni Meçereviçin ölkəsinin keçmiş prezidenti Lex Kaçinskinin terror aktı nəticəsində öldürülməsi barədə açıqlaması zahirən təsadüfi görünsə də, əslində yerinə düşdü. Polşaya qarşı bu terrorun rusların törətdiyini söyləyən müdafiə nazirinin açıqlamasındakı son cümlələr xüsusilə ibrətamizdir: “Xalqları soyqırıma uğratmaq Rusiyanın mahiyyətidir. Rus xalqı öz əcdadlarının törətdiyi cinayətlər barədə nədənsə susur”. O, eyni zamanda, 1940-cı ildə SSRI-nin törətdiyi Katın qırğınını da xatırladıb.
Azərbaycan hakimiyyəti silkələnməlidir. Bu gün ölkəmizdə hökumət üzvləri arasında Rusiyaya casusluq edənlər üzə çıxır. Amma məlum ifşalardan sonra baş nazirin müavini Eyyub Yaqubovun Kremldə Putindən “Dostluq” ordenini qəbul etməsi və bunu özünə şərəf bilməsi göstərir ki, milli dövlətçiliyimizə təhlükə davam edir.
Başımıza gələn bu qədər hadisələrdən sonra Rusiya ilə Azərbaycan arasında hansı dostluqdan söhbət gedə bilər?
“Qəlbim bütün Rusiyaya və bütün Rusiya xalqına səmimi təşəkkür sözləri ilə doludur” deyən baş nazirin müavini, üstəlik Putini “Rusiya xalqının ləyaqətli oğlu, müasir dövrün görkəmli siyasətçisi” kimi tərif edir. Bəs, bunları dilə gətirən şəxs elə Rusiyanın ucbatından hər gün cəbhədə yaralanan, şəhid olan əsgərlərimizin analarını düşünürmü?
Amma Yaqub Eyyubov Rusiya prezidentindən “Dostluq” ordeni alan ilk Azərbaycan məmuru da deyil. Görünür, 13 mart Ankara terroruna görə başsağlığında “yas tutduğunu” söyləyən Putin Türkiyə xalqına qarşı nə qədər səmimidirsə, ondan orden alan Azərbaycan məmurları da öz xalqına münasibətdə o dərəcədə səmimidirlər…
Şövkət Məmməd