Banklara inamın itməsi, milli valyutanın dəyərdən düşməsi bu prosesi daha da sürətləndirir
Azərbaycanda təkcə bir ay ərzində banklardan 830 milyon manat əmanət çıxarılıb. Bu barədə “Marja” Mərkəzi Banka istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, 4 fevralda banklarda əhalinin əmanətləri 8 milyard 643,3 milyon manat təşkil edib. Bu, yanvar ayının 1-i ilə müqayisədə 830 milyon 600 min manat və yaÿ9,6 faiz azdır. Dekabrda əmanətlərin məbləği, dollarda olan vəsaitlərin yeni məzənnə ilə hesablanması nəticəsində artmış kimi görünürdü. Əslində, real ritm olmamışdı.
Ekspertlərin hesablamalarına görə, mövcud vəziyyət ölkə daxilində əlverişsiz biznes mühitinin olması, bank sektoruna olan inamın kəskin şəkildə ölməsi, milli valyutanın dəyərdən düşməsilə bağlıdır. Baş verən hadisələr vətəndaşların hökumətə olan inamını sarsıtdığından belə bir vəziyyət yaranıb. Konkretləşdirsək, əhalinin əmanətlərini kəskin şəkildə geri çəkməsinin əsas iki səbəbi var. Birinci səbəb milli valyutanın dəyərdən düşməsi prosesinin daha da sürətlənməsidir. Əhali başa düşür ki, artıq manatın növbəti devalvasiyası yetişməkdədir. Ona görə də heç kəs manatının daha böyük həcmdə dəyərini itirməsini istəmir. Əhali bu vəsaiti çıxarıb xarici valyutaya çevirməyə çalışır. Burda qazanc almaq məqsədi deyil, alıcılıq qabiliyyətini qoruyub-saxlamaq niyyəti var.
Əmanətlərin geri çəkilməsinin ikinci səbəbi isə banklara inamın ölməsilə bağlıdır. Bir ildə baş verən devalvasiyalar insanları ehtiyatlı olmağa sövq edir. Onlarda belə halın təkrarlanmayacağına etibar qalmayıb. Ona görə də əhali sürətlə banklarda olan əmanətlərini geri çəkir.
Sosial şöbə