Şəhid anası prezidentdən haqq-ədalətin bərpası üçün kömək istəyir
Gəncə şəhəri, H.Abbaszadə küçəsi, ev 64-də yaşayan Əminə Rzayeva şəhid Tahir Həsənovun və Qarabağ əlili Zaur Həsənovun anası kimi, dövlət başçısı Ilham Əliyevdən kömək istəyir. O, dövlət başçısına ünvanladığı məktubun surətini “Azadlıq”a da göndərib. Gəncə sakini müraciətində yazır:
“Mən 50 ildən çox pedaqoji fəaliyyətim dövründə dərs dediyim yüzlərlə şagirdə vətənpərvərlik ruhunu aşılamağa çalışmışam. Şagirdlərimi və üç oğlumu vətənə sədaqət ruhunda yetişdirmişəm. Lakin inanmazdım ki, canını, sağlamlığını Vətənin müdafiəsi uğrunda qurban verən övladlarımdan birinə haqsız olaraq Gəncə şəhəri hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dəhşətli işgəncələr veriləcək.
Qarabağ əlili olan oğlum Zaur Həsənov törətmədiyi qətl hadisəsinə görə 19 il azadlıqdan məhrum edilib. Istintaq zamanı o, Kəpəz rayon polis şöbəsində dözülməz işgəncələrə məruz qalaraq, etirafedici ifadələr verməyə məcbur edilib.
Zaur 2 saylı Gəncə istintaq təcridxanasında da döyülüb, orada zəncirdən asılı vəziyyətdə saxlanılıb. Oğlum məruz qaldığı işgəncələrə etiraz olaraq, Gəncə istintaq təcridxanasında ağzını simlə tikərək, aclıq elan etmişdi. Bakıya müalicə müəssisəsinə gətiriləndən sonra isə özünü asaraq intihara cəhd edib. Dövlət orqanları isə bu ədalətsizliyə biganə qalıblar.
Cənab prezident! Dövlətçiliyimizin, vətəndaşların hüquqlarının qarantı kimi sizə üz tutub, aqq-ədalətin öz yerini tutacağına əmin olmaq istərdim”.
Sosial şöbə