2 aprel məhbuslarından biri – Arif Alışlının atası dünyasını dəyişib. Buradan Arif bəyə başsağlığı verir, səbr diləyirəm.
Məhbus arxadaşımızı atasının hüzr mərasimində iştirak etmək üçün üç günlüyə həbsxanadan məzuniyyətə buraxıblar və çiçəyi burnunda bir hüquq müdafiəçisi başda olmaqla biriləri indi bunu Ilham Əliyevin humanizminin yeni təcəllası kimi qələmə verməkdədirlər.
Mən Ilham Əliyev və humanizm sözlərini yanaşı qoymağa çalışanlara bir az ayaq saxlamalarını, nəfəs dərmələrini və Elmarın oğlunu – atası öldürülən, özü isə kiçik yaşında məmləkətdən dərbədər düşən Aslanı xatırlamalarını məsləhət görürəm.
Xatırlayın, ondan sonrası zatən artıq hər kəsin öz vicdanına qalır.
Niyə sevinmirəm?
“Reytinq” qəzetinin son sayında Ilqar Altayın müsahibəsini oxuyuram. Siz onu 2003-cü ildən tanıyırsınız – Heydər Əliyevin ölüm xəbərinin doğru olub-olmadığını öyrənmək üçün taa Klivlendədək getmişdi.
Dönüncə bir açıqlama yaymışdı, dəfələrcə oxumuşdum, bu açıqlaması ilə Heydər Əliyevin sağ olduğunu, yoxsa dünyasını dəyişdiyini söyləmək istədiyini anlaya bilməmişdim.
Nə isə, sözümün canı bu deyil. “Reytinq”dəki müsahibəsinə baxıram Ilqar Altayın, Azərbaycandakı ədalətsizliyin, zülmün dünyanın heç bir ölkəsində olmamasından şikayətlənir.
Bu hakimiyyətlə ölkənin demokratikləşmə şanslarının olmadığına işarə vurur, əsas kimi də Ilham Əliyevin 8 illik iqtidarı dönəmində bu istiqamətdə heç bir addım atılmadığını göstərir.
Söylədiklərinin hamısı gözəl. Hamısı xub. Hamısı əla.
Sadəcə, məni başqa şey düşündürür: həmin bu Ilqar Altay 2008-ci ildə – “prezident seçkisi” adlı rüsvayçı şouya günlər qala “Ilham Əliyevə səs vermək Azərbaycanın bir dövlət kimi varlığına, təhlükəsizliyinə, demokratik və hərtərəfli inkişafına səs vermək deməkdir” deməmişdimi? Deməmişdimi ki, “ötən beş ildə Ilham Əliyev və onun mütərəqqi komandasının düşünülmüş fəaliyyəti sayəsində dövlətçiliyin bir sistem olaraq daha da möhkəmlənməsi, ölkədaxili ictimi sabitliyin bərqərar olması, ölkənin iqtisadi qüdrətinin sürətli artımı, aparılan balanslaşdırılmış beynəlxalq siyasət və beynəlxalq iqtisadi proyektlərin tərkib hissəsinə çevrilməyimiz kimi uğurlar Azərbaycanın həm dünyada yetgin bir dövlət olaraq yerinin möhkəmlənməsi, həm də ölkəmizdə demokratiya və rifah prinsiplərinin tam həyata keçirilməsi üçün yol açmış olur”.
Nə oldu? Aradan qara pişikmi keçdi? Itmi uladı? Eyni Ilqar Altay birdən-birə necə oldu ki, Ilham Əliyev hakimiyyətinin demokratikləşmə yolunda heç bir addım atmadığını, ölkədə zülmü, ədalətsizliyi dünyanın heç bir ölkəsində rastlanmayacaq şəkildə çiçəkləndirdiyini söyləməyə başladı?
Məncə, səbəb çox sadədir: artıq biriləri dəyişim dalğasının sürətlə bu ölkənin sərhədlərinə yaxınlaşdığını görməkdə və Əliyevçi rejimlə bərabər addımlayanların gələcək üçün heç bir şansı qalmadığını anlamaqdadır. Ilham Əliyevin sükanı arxasında olduğu gəminin batmaqda olduğunun fərqinə varmaqda və nə qədər gec deyil o gəmini tərk etməyə başlamaqdadır.
Bu nə qədər yaxşı tendensiya olsa da, sürətlə qabıq qoya, ikiləşə bilənlərə, nə Əli, nə Vəli aşından olmaq istəyənlərə, nə yardan doyub nə əldən qoyanlara içimdəki dəruni nifrət bundan sevinməyimə mane olur.
Ən köhnə Mirşahin
Mirşahinin “Ən yeni tarix” adlı silsilə verilişlər hazırladığını oxuyub-öyrəndim anspress.com saytından.
Hakimiyyətin əlinə baxan, məşhur teletamaşadakı Fatı kimi, hakimiyyətin əmri ilə telekanalları çoxdan izləmədiyimdən məlumatım yox idi bundan, hətta xəbərim olsa belə, vaxtıma qıyıb baxmazdım.
Niyəsi çox sadədir.
BIR: bu günün məsuliyyətindən qaçıb, bu günün gerçəklərinə laqeyd qalıb, səssiz qalıb tarixi mövzuların arxasında gizlənənlərin məndə ancaq ikrah və ironiya yaratmasına görə;
IKI: bu gün haqqında obyektiv ola bilməyənlərin, dürüst ola bilməyənlərin keçmiş haqqında obyektiv və dürüst ola biləcəyinə zərrəcə inanmadığıma görə.
Günün sözü Əziz Nesindən:
“Bir gün bu memleketin yanağına öpücük, başucuna da bir not bırakıp gideceyim: ”Öyle güzel uyuyordun ki, uyandırmaya kıyamadım!?”.