Bu aralarda bizi gələcəyə aparan yollardan bir xeyli danışdıq, gəlin, bu gün bizi mənzilbaşına aparan yollardan danışaq. Dünən Respublika Baş Dövlət Yol Polisi Idarəsi 2011-ci ildə ölkə ərazisində baş verən yol qəzalarının statistikasını açıqlayıb. Ötən il respublikada 2890 yol nəqliyyat hadisəsi baş verib. 1016 nəfər ölüb, 3031 nəfər isə xəsarət alıb. Yol qəzalarının 1175-i Bakı şəhərində törədilib. Həmin qəzalarda 371 nəfər ölüb, 1176 nəfər xəsarət alıb. Respublikada yol qəzalarının təxminən 40 faizi piyadaların vurulması ilə əlaqədardır.
Balaca bir statistikada gizlənən böyük faciəni isə görmürük. Iqtisadçı Natiq Cəfərli dərhal maraqlı bir müqayisə apardı: “Ispaniyanın əhalisi 46 milyon 152 min nəfərdir, 2011-ci ildə avtomobil qəzalarında 2605 insan həyatını itirib. Azərbaycanda 8 milyon əhali yaşayır (bəlkə də az), 2011-də qəzalarda ölənlərin sayı 1016 nəfər olub. Bunun səbəbi, idarəetmə bacarıqsızlığı, korrupsiya, büdcə pullarının yeyilməsi, sosial reklamın olmaması, təhsilin, səhiyyənin bərbad vəziyyətidir…”
Göründüyü kimi, əhalisi bizdən 5 dəfə çox olan ölkədə qəzalardakı ölümün sayı 2 yarım dəfə azdır. Həm də onu nəzərə alın ki, orada hər 1000 nəfərə 471, Azərbaycanda isə 51 maşın düşür. Görün, hansı faciəli durumdayıq.
Elə dünən AzadlıqRadiosunda bir xalq videosu yayıldı. Yol polisləri ötən ilin son günündə – milli həmrəylik bayramında maşınları saxlayır, pulu alır, qoyur cibinə və keçir o birisinə. Bir deyil, iki deyil. Üzlərində də gözəl ifadələr var. Pul verənlər də gülürlər…
Cərimələrin banka keçirilməsi ilə bağlı fərman verən və həmin dəqiqələrdə “korrupsiya ilə amansız mübarizə aparıldığını”“” deyən Ilham Əliyevin də üzü gülürdü. Əla mübarizədir – cib doldurur. Biz də deyirik ki, yol kənarlarındakı portretlərdə niyə onun üzü gülürmüş.
Yol qaydalarını qorumalı olanlar cibini dolduranda kiminsə anası ağlar qalmalıdır. Yuxarıdakı ölüm statistikasının gombullaşması həm də bu səbəbdəndir.
Indi Ilham Əliyevin başqa bir yol əhvalatına diqqət yetirək. Qəzet yazısında videonu vermək olmur, amma bizdə oxucuların yolladığı videolar var. Orada Zığ-Hava limanı yolunun necə təmir edilməsi əks olunur. Təmir yaxşı şeydir, amma 2008-ci il mayın 9-da istismara verilmiş təzə yol niyə təmir edilməlidir?
Xalq arasında bu yola “Beton yo”l”“” da deyirlər. Beton yollara asfalt yollardan möhkəmliyinə və ömrünün uzun olmasına görə üstünlük verilir. Normalda onun 40-50 il ömrü olur. Beton yollar Ikinci Dünya müharibəsindən sonra məşhurlaşıb. Bütün dünya gördü ki, Hitler Almaniyasının beton avtobanları bomba zərbələrindən də ciddi xəsarət almır. Bunu görən general D.Eyzenhauer ABŞ prezidenti olduqdan sonra ölkəsinə beton yollarla bağlı layihələr gətirdi və belə yollar dünyada dəbə mindi. Bir yolun 50 illik ömrünün olması çox sərfəlidir. Amma bizdə bu yol 4 il tamam olmamış təmirə bağlanıb.
17 kilometrlik həmin yolun tikintisinə 200 milyon manat xərclənib. Ekspertlər bunu fantastik rəqəm sayır. Lakin milyonlar və beton nədənsə yolun möhkəmliyini təmin edə bilməyib. Hətta almanlar da. Guya bu yol “Akkord”“” şirkətilə Almaniyanın «SP Papenburg Baugesselschaft mbH» şirkətinin iştirakı ilə tikilib.
Bu yollarla, görəsən, biz hara gedirik?!