Departament sözçüsü: “Davudoğlunun İranda gördükləri və gələcək addımlarla bağlı proqnozları böyük əhəmiyyət daşıyır”
ABŞ Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun İran səfəri ilə bağlı Ankara ilə məsləhətləşmələrə başlayıb (lent.az).
ABŞ Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland deyib ki, Əhməd Davudoğlunun səfəri ilə əlaqədar məlumatlar, mesajlar və informasiyalarla bağlı Türkiyə ilə danışıqlar başlanıb. O, ABŞ-ın Ankaradakı səfiri Frensis Rikkiardonenin yanvarın 6-da Əhməd Davudoğlu ilə görüşdüyünü xatırladıb: “Əhməd Davudoğlunun İran səfərində gördükləri və gələcək addımlarla bağlı proqnozları haqda müzakirələr aparmaq çox böyük əhəmiyyət daşıyır”.
Türkiyə və ABŞ-ın İranın nüvə proqramı ilə bağlı danışıqlar masası arxasında oturması və öhdəliklərini yerinə yetirməsi məsələsində həmfikir olduğunu dilə gətirən Viktoriya Nulandın sözlərinə görə, taktikalar məsələsində fikir ayrılıqları var.
Dövlət Departamentinin sözçüsü İran xarici işlər nazirinin danışıqlar üçün ən uyğun yerin Türkiyə ola biləcəyinə dair açıqlamasına da münasibət bildirib. Viktoriya Nuland qeyd edib ki, İran hələ yeni müzakirələrə hazır olduğunu açıqlamayıb: “Tehran nüvə proqramı ilə bağlı ciddi və şərt irəli sürmədən müzakirələrə hazırdırsa, biz “5+1” formatında toplantıya hazırıq”.