Son çağların iki önəmli mövzusu diqqətimi çəkdi: Milli Şura (MŞ) barədə müzakirələrin ara-sıra qızışdırılması və parçalanmış partiyaların ad iddiaları.
Birinci mövzunu qızışdıran Rəsul Quliyevin MŞ barədə dediyi sözlər və ona reaksiya oldu. Yəqin ki, bu dartışma uzun zaman sürəcək. Ikinci mövzu isə Azərbaycan Demokratiya və Rifah hərəkatinin (ADR) Müsavatla ad dartışması və ADR-in ildönümü hadisələri ilə bağlıdı. Bundan öncə isə bir qrup AXCP üzvünün ad və möhür-ştamp iddiaları gündəmi tutmuşdu.
Bu məsələlərə siyasi mədəniyyət kontekstində və mümkün qədər tərəfsiz yanaşmaq iddiasındayam.
Azərbaycan siyasətinə durbinlə baxmaq zorunda qalmış bir siyasətçinin gerçək durum barədə yanlışa yol verməsi hardasa anlaşılan da ola bilərdi. Lakin Rəsul müəllimin AXCP-ni MŞ-ni inhisara almaqda suçlamasının məlumatsızlıqdan qaynaqlandığıni iddia etmək çətindir. Əslində burada zəngin məlumata ehtiyac da yoxdur. Seçkidən sonra Müsavat və əksər siyasi qurumlar və fərdlər MŞ-ni tərk etdi və MŞ-də AXCP-nin çoxluğu yarandı. Bu, faktdır və bunu danmaq ciddi söhbət deyil.
Ədalət naminə deyək ki, bu durumun yaranmasında ən az günahkar məhz AXCP-dir və başlıca zərbənin ona qarşı yönəlməsi də gerçəyi deyil, siyasi məqsədləri ifadə edir. Cəmil Həsənli və AXCP kimsəni MŞ-dən çıxmağa məcbur eləməmişdi. Gedənlər gedişi sadəcə normal izahla bağlaya bilərdilər – MŞ seçki bloku idi və seçki başa çatdıqdan sonra bizim blokda qalıb-qalmamağımız məsələsini müstəqil həll etmək hüququmuz var. Lakin belə olmadı. “Azadlıq” blokunu və başqa seçki bloklarını, yumşaq desəm, ciddi siyasi səbəblər olmadan dağıdanlar yenə də həmin ssenari ilə hərəkət etdilər. Indi isə yenidən birləşmək təklifi verirlər.
Indi Rəsul müəllimin və ona opponentlik edənlərin MŞ-ni ittiham etməsi və buna cavablar nəinki ciddi sıhbət deyil, hətta siyasi mədəniyyət baxımından da qüsurlu siyasi mübarizə aktıdır. Bunu ən azı müxalifətin ümumi strateji məqsədləri baxımından zərərli saymağa qarşı ciddi arqument yoxdur.
Təbii ki, bəzi MŞ üzvlərinin Rəsul Quliyevin keçmişini xatırlaması da ciddi arqument sayıla bilməz. Siyasi reabilitasiya verdiyin, dünən dost bu gün rəqib saydığın adamın keçmişini onun gözünə soxmaqla heç nəyi sübut eləmək və ya nəyəsə nail olmaq mümkün deyil. Yaxşısı budur ki, boş ver və yoluna davam elə. Yolundan sapanların haqlı olmadığını ancaq konkret əməllərinlə sübuta yetirib ictimai rəyə qəbul elətdirə bilərsən. Hətta ölüvay ictimai rəy də ağı qaradan seçə bilir.
Məncə, partiyaların bölünməsi ilə yaranan problemlər də birbaşa siyasi mədəniyyətlə bağlıdır. Bölünmə əksər hallarda partiyadaxili demokratiyanın olmaması ilə bağlı olur. Amma kimsə ayrılmaq zorunda qalırsa və ya belə sifarişi icra eləməlidirsə, sadəcə gedib yeni partiya təsis eləsə, proses daha ağrısız keçə bilər. Müxalifətin ümumi mənafeyi də daxili müharibələrə yol verilməməsini tələb edir.
Mən təbii ki, ADR-i “raziçilər”lə müqayisə etmək fikrində deyiləm. Amma onların da Müsavat adına iddia etməsini faydalı fəaliyyət saymıram. Üstəlik, Müsavat adına hər hansı siyasi qüvvənin iddiasını da absurd sayıram. Söhbət müstəqil, demokratik Azərbaycan qurmaq uğrunda mübarizədən gedirsə, bu məqsəd bütün gerçək müxalif siyasi partiyalara və şəxsiyyətlərə aid edilə bilər və ya onların hamısı Müsavat adına iddia edə bilərlər. Üstəlik, Müsavat adını onun keçmiş mətbu orqanı yetərincə hörmətdən salıb və partiya illərlə buna dözüb.
Düşünürəm ki, qanunvericilikdə QHT-lər kimi siyasi partiyalarla bağlı da Mülki Məcəllənin 50-ci maddəsində göstərilən məhdudiyyət qoyulmalıdı – siyasi partiyanın adında Azərbaycanın görkəmli şəxsiyyətlərinin və nə vaxtsa fəaliyyət göstərmiş partiyaların adından istifadə edilə bilməz. Indi fəaliyyət göstərən partiyaların heç birinin tarixən fəaliyyət göstərən hər hansı partiya ilə birbaşa varislik əlaqəsi yoxdur.
Ad yaratmaq və onu qüsursuz siyasi fəaliyyətlə doğrultmaq daha düzgün olmazdımı?