Erkin Qədirli: “Demokratiya və insan haqları bizim cəmiyyətə yad olmadığı kimi, İslam da qətiyyən yad deyil”
Bir qrupun beynəlxalq təşkilatlara ünvanladığı məlum bəyanatla bağlı ölkə ictimaiyyətində reaksiyalar davam edir. REAL vətəndaş birliyinin həmsədri Erkin Qədirli bu gün sosial şəbəkələrdən birində aşağıdakı kimi status paylaşıb: ““54+35”-lərin bəyanatını oxudum. Üslubu heç xoşuma gəlmədi, məzmunuyla da razı deyiləm. Ünvanı isə ümumiyyətlə yanlışdır”.
Erkin Qədirli paylaşdığı statusundakı fikirləri “Deyerler.org”a açıqlayıb: “Bəyanatın ünvanının yanlışlığı ondadır ki, BMT, AŞ, başqa ölkə və təşkilatlara ünvanlanıb. Bu, ünvan olaraq tamamilə yanlışdır. Əgər belə bir giley, narahatlıq və hətta etiraz var idisə, onun ünvanı elə Azərbaycan toplumu olmalı idi. Ona görə bu BMT-lik, AŞ-lıq və ya başqa təşkilatlara aid bir şey deyil. Əgər doğurdan da elə bir narahatlıq varsa, bu, bizim öz cəmiyyətimizdə həll olunmalıdır.
Üslub xoşuma gəlmədi ona görə ki, ifrat aciz üslubdur. Sanki bizi tanımırlar, bizim harada olduğumuzu bilmirlər, bizdən xəbərsizdirlər. Bu bəyanat kimə ünvanlanırsa, öncədən onların üzərinə xəbərsizlik fərziyyəsi qoyulur. Yəni siz bizi tanımırsız, amma biz burada varıq və sizin dəyərlərinizi daşıyırıq. Mən bu təqdimatı da bəyənmədim.
Məzmunu ilə razı olmamağımın əsas şərti odur ki, orada vurğular yanlış qoyulub, təhlükələr yanlış seçilib. İlk öcə onu deyim ki, İslamı hədəf alıblar, mən bununla razı deyiləm. Təhlükə mənbəyini İslamda, onun Azərbaycanda olan təcrübəsində görürlər ki, mən bununla razı deyiləm. Eyni zamanda getdikcə və ya gələcəkdə Azərbaycanın iransayağı cəmiyyət olacağı ehtimalını da bölüşmürəm. Təbii ki, İran və başqa qonşu ölkələrin Azərbaycanda geostrateji məqsədləri var və onlar Azərbaycanın ümumi maraqları ilə uyğun deyil. Bu təhlükələri həmişə göz önündə saxlamaq lazımdır. Böyük dövlətlərin bölgədəki mənafeləri toqquşur və bu toqquşmanın tam ortasında da Azərbaycan var. Rusiya, İran, ABŞ və digər ölkələrlə mümkün qədər hesablaşmadan ilk öncə öz mənafelərini dəyərləndirməlidir.
Mən həmişə bunu vurğulamışam ki, demokratiya və insan haqları bizim cəmiyyətə yad olmadığı kimi, İslam da bizim cəmiyyətə qətiyyən yad deyil. Ona görə də guya biz burada Qərb və Şərq toqquşmasının içindəymişik kimi, dünyəviliklə dini dünya görüşlülərinin barışmaz bir mühitində yaşayırıqmış kimi bir təqdimatı bölüşmürəm.
Təbii ki, təhlükələr, təhdidlər, narahatlıqlar var. Cəmiyyətin bütün sahələrində olduğu kimi, dini çevrələrin də özünəməxsus problemləri var. Onların geniş toplumla münasibətlərdə problemləri var ki, onlar da siyasi azadlıqların məhdudluğundan qaynaqlanır. Hazırda ölkə təhsil sistemi çöküb. Ona görə heç dini, dünyəvi demədən hamının təhsil səviyyəsi düşür. Hökumətin yanlış siyasəti nəticəsində insanların özünüifadə etmə imkanları azaldıqca onlar daha qapalı çevrələrdə xilas axtarmağa, yardımlaşmağa çalışırlar. Pensiya, səhiyyə, təhsil sisteminə güvənmirlər, siyasi proses zatən yoxdur, seçkilər saxtalaşdırılır, məhkəmələrə güvənilmir. Bu kimi məsələlər sayəsində istər dini, istərsə də dünyəvilər hamısı dar çərçivələrə qapanır. Sonda dünyada və bölgədə gedən bəlli proseslər fonunda da dini çevrələri hədəf seçmək çox asandır. Çünki onlar görünürlər. Ona görə də bu yanaşmaların doğru olmadığını düşünürəm.
Həmçinin inanclı bacı və qardaşlarımızın da deyəcəyim iradı doğru anlamasını istəyirəm. Onlarda da özlərini təqdim etməkdə, bəzi haqlarını müdafiə edərkən seçdiyi yollarda problem var. Amma mən bunu bəyanatda olduğu kimi həlledici, əsas, qarşısı alınmaz təhlükə kimi hiss etmirəm. Ümumi toplum problemləri var onları həll etmək lazımdır. Onların fonunda dini çevrələr rahat buraxılacaqsa, özlərini cəmiyyətin bütün sahələrində, sahibkarlıq, elm, təhsil, idman, siyasət, incəsənət və s. sahələrdə hər kəs özünü harada istəyirsə, sınaya bilər, bacarığına uyğun da yer qazana bilər. Onun dini və ya dünyəvi görüşləri bu məsələdə nə əngəl törədir, nə də təhlükədir”.