“Bu zəhrimar tarixi düz yazmayıblar, axı…”
Nə zamansa ağlıma da gətirə bilməzdim ki, günün birində “Vüqar Padar daha yoxdur,.. öldü” xəbərini eşidə bilərəm. Ölümünü təsəvvür etmədiyi çox az adamlardan biri haqqında belə bir xəbər eşidəndə adam bir anlıq nə edəcəyini bilmir. Təbii, ölümsüz adam yoxdu. Amma həyatın ən ağır məhrumiyyətlərini belə, xüsusi nikbinlik parçalarına bürüyüb daha böyük dəyərləri özünə dərd eləyən adamlar var. Şəxsi problemlərini dünyanın ən ufaq qayğıları sırasında təxirə salmağı bacarıb da, daha iri dərdləri içindən keçirən, onların haqqında danışmağı xoşlayan insanlar var və belə adamlara “ziyalı” deyilir.
Kəndli ola bilmirdi. Havası-suyu xəbər idi, informasiya idi. Hər gün Padarçöldən Kürdəmirə qədər 50 kilometr yolu gedib də bir “Azadlıq” oxumaq kimi hobbisi vardı və bunu hobbi adlandırmağı da xoşlamazdı. “Mən belə yaşaya bilirəm, başqa cür yaşamağı bacarmıram”, deyirdi. Cəmi bir ay əvvəlki son görüşümüzdə “daha bezmişəm, bir az pul toplayıb kompüter alacam, internetim olsun, istəyirəm”, deyib söylənmişdi. Və sözarası da infarkt haqqında danışdı: “Yaxşı qurtardım. Amma infarkt kimi avara bir tutmadan ölmək istəmirəm…” Sonra da dərhal nə zamansa oxuduğu hansısa yazının şərhini verməyə başlamışdı…
Kənddə uşaqdan-böyüyə hamının “Bəy” dediyi əziz dostumuz Vüqar böyük bir camaatın, Şirvan padarlarının cikini-bikini bilməyilə fəxr edərdi. Yerlibazlığı, tayfabazlığı-filanı yox idi. Sadəcə, “bu tarix zəhrimarı düz yazmayıblar, axı…” deyərək uzun-uzadı mənsub olduğu elatın tarixi barədə hekayətlər danışardı. Padarın oğuz boylarından biri olmasını özü üçün şəxsiyyət sənədi, qürur mənbəyi kimi qəbul edərdi.
Hərdən bir-iki hektar yemiş-qarpız əkərdi. Toxumu şuma atdığı gündən bu ilin yemişmi, qarpızmı ili olmadığını qəbul elədiyi günə qədər məhsuldan gözləntiləri üstündə planlar qurardı. Məhsul alınmayanda da “tata Tanrıdan yoxdu… mənə deyən lazımdır ki, sənin bostanla nə işin vardı, axı” qeydini zəruri izahat halına salıb, siyasətdən danışmağa güc verərdi.
Siyasət də onun üçün hobbi deyildi. Içərisində böyüdüyü, xarakter formalaşdırdığı bir proses idi. 80-ci illərin sonlarından – Iqtisad Universitetində oxuduğu illərdə Azərbaycanda baş qaldıran tələbə hərəkatının fəallarından idi və ömrünün sonuna qədər də fəal vətənpərvər, demokratiya uğrunda hərəkatın fəal daşıyıcısı olaraq yaşadı. Son zamanlar kütləvi aksiyalara oğlu ilə birlikdə gələr, “qoy, ətrafında nələrin baş verdiyini bilsin, görsün”, deyərdi.
Onun ölümü barədə xəbər eşidəcəyim ağlıma gəlməzdi. Mən onu diri, çox diri bir adam kimi tanıyıram. Ən xoş və ən ərkyana bir yumora bürüyüb təqdim elədiyi söhbətlərilə, dərdi-sərilə başqalarının zəhləsini tökmək istəmədiyi və buna görə də hamını birləşdirən qayğıları belə, çox şirin bir optimizmlə və canlı-canlı müzakirə etməkdən usanmayan Bəy Vüqarın yoxluğu bir gerçəkdir, amma.
Allah rəhmət eləsin!
Allah ona rəhmət eləsin!
Qənimət Zahid