“Bunlar ya xalqı ələ salır, ya da vəziyyəti dərk etmirlər”
Mehriban Vəzir: «Avtoritar rejimlər cəmiyyəti əzib, sonra onun qarşısında əlini belinə qoyub qəhrəman kimi əzələ nümayiş etdirir»
Müxalifətin güc mərkəzinə çevrilən Ictimai Palatanın yaradılmasından bir il ötdü. Bu müddət ərzində ölkə üçün taleyüklü sayılan bir sıra məsələlərin müzakirəsi aparılıb. Eyni zamanda ölkənin əksər bölgələrində qurumun yerli şöbələri yaradılıb. Lakin buna baxmayaraq hakimiyyət hələ də Ictimai Palatanı güc mərkəzi kimi qəbul etmək istəmir. Şübhəsiz ki, bunun da müəyyən səbəbləri var. Bu məsələlər və qurumun bir illik fəaliyyəti ilə bağlı Ictimai Palatanın Koordinasiya Şurasının üzvü, tanınmış publisist Mehriban Vəzirin fikirlərini öyrəndik.
– Ictimai Palata bir ili geridə qoydu. Bəs qarşısına qoyduğu məqsədlərə nail oldumu? Ictimai Palatanın güc mərkəzinə çevrildiyini demək olar?
– Ictimai Palata güc mərkəzidir. Burda cəmiyyətin müxtəlif zümrələri, siyasilər, ictimai xadimlər, eyni zamanda ziyalılar toplaşıb. Amma Ictimai Palatanın qarşısına qoyduğu əsas hədəf parlament seçkilərinin yenidən keçirilməsidir. Təəssüf ki, biz buna hələ nail olmamışıq. Amma ümidsiz də deyilik. Inanırıq ki, Azərbaycan cəmiyyəti özünü toparlayıb yenə də bu mərkəzi gücləndirəcək və hakimiyyət də parlament seçkilərinin yenidən keçirilməsinin zəruri olduğunu qəbul edəcək.
“Partlayışın qarşısında heç kim dura bilməyib”
– Artıq 40-dan çox rayonda Ictimai Palatanın şöbələri, komissiyalar yaradılıb. Ancaq hakimiyyət hələ də bu qurumu qəbul etmək istəmir. Bunu nə ilə izah etmək olar?
– Ümumiyyətlə, avtoritar hakimiyyətlər öz xalqlarını saymır. Onun bir güc mərkəzi olduğunu qəbul etmək, xalqı eşitmək istəmirlər. Amma zaman keçir, bu cəmiyyətin gücü artıq dağıdıcı vəziyyətə gəlib çıxır. Gözümüzün qarşısında ərəb ölkələrində, eyni zamanda ondan əvvəlki mərhələdə postsovet məkanında baş verənlər var. Sanki bu bir qaydadır, hakimiyyət xalqı eşidə bilmir. “Hakimiyyət korluğu” deyilən bir termin var. O korluq idarəedicilərə gerçək vəziyyəti görməyə imkan vermir. Idarəedicilərə yalandan raportlar, hesabatlar verirlər. O da həmin yalançıların sözlərini eşidir. Onları dinləyir. Xalqı dinləmək istəmir. Amma zaman keçir, bu etirazlar bir araya gəlir, neqativləşir və dağıdıcı bir hala gətirib çıxarır. Ondan sonra da bizim gördüyümüz hadisələrə, ölüb-öldürməyə, hakimiyyətlərin çox urvatsız şəkildə getməsinə, xalqın əzilməsinə, minlərlə adamın həlak olmasına gətirib çıxarır. Dövlətin infrasturkturlarına, bütün sahələrə çox böyük zərbə dəyməsi, uzun illər o çaxnaşmadan, qarşıdurmadan, daxili çəkişmədən yaxa qurtarmaması gözümüzün qarşısında sərgilənir. Biz Ictimai Palata olaraq ölkəmizdə xaos istəmirik. Biz istəyirik ki, xalqın dediyini hakimiyyət eşitsin. Ölkədə vəziyyətin son dərəcə ağır, dözülməz, partlayış həddində olduğunu bilsin. Bu partlayışın qarşısında heç kim dura bilməyib. Bu hakimiyyətin də dura bilməyəcəyini qəbul etsin.
“Ya xalqı ələ salırlar, ya da vəziyyəti dərk etmirlər”
– Ilin sonunda bir daha aydın oldu ki, hakimiyyət fərqli düşüncəni qəbul etmir. Növbəti dəfə ziyalıların toplaşmasına imkan verilmədi. Hakimiyyətin bu mövqeyi nədən irəli gəlir?
– Bu, gerçəklikdən uzaq düşmək tendensiyasıdır. Ümumiyyətlə, avtoritar hakimiyyətlər vəziyyəti görə bilmir. Öz arşınları ilə ölçürlər. Onların varidatı gündən-günə artır. Dövlətin, xalqın sərvətini oğurlayırlar. Bank hesabları gündən-günə şişir, mülkiyyətləri çoxalır və onlar gerçəklik hissini itirirlər. Elə bilirlər ki, bütün xalq belə yaşayır. Özünün kefi kökəlir, elə bilir xalqın da vəziyyəti yaxşıdır. Ona görə də cəmiyyət güclü olanda öz sözünü çatdırır. Amma adətən, belə avtoritar rejimlər cəmiyyətin gücünü alıb, onu əzib, ondan sonra onun qarşısında əlini belinə qoyub qəhrəman kimi əzələ nümayiş etdirir. Vəziyyət bu şəkildədir. Öz zənginlikləri artdıqca, elə bilirlər ki, xalqın da yaşayışı yaxşıdır. Yaxud xalqı ələ salırlar. Fikirləşirlər, yüz manat alır, gedir necə istəyir yaşasın. Ya xalqı ələ salır, ya da vəziyyəti dərk etmirlər.
“Hakimiyyət düşünür ki, etdiklərimiz xalqa layiqdir”
– Fransa parlamentinin məlum qərarını şərh edən Əli Həsənov fikrə görə cəzalandırılmağı orta əsrlər təfəkkürü adlandırıb. Ancaq Ictimai Palatanın aksiyalarında həbs edilən 16 vicdan məhbusu gözləntilərin əksinə olaraq hələ də azad edilməyib. Hakimiyyəti nədən ehtiyat edir?
– Göz özünü görmür. Eyni zamanda atalar sözü var. Öz gözündə tiri görmür, özgəsinin gözündə qıl axtarır. Həmin məsələdir. Istər Əli Həsənov, istər digər məmurlar eyni cür düşünür. Düşünürlər ki, bizim etdiyimiz düzdür, xalqımıza layiqdir. Bu belə olmalıdır, xalqımız inkişaf etməyib, demokratiya ona hələ yaraşmır, uyğun deyil. Amma başqa xalqlardan, hakimiyyətlərdən başqa şey umurlar. Bu ikili standatr məsələsi, gerçəklikdən uzaq düşmək məsələsidir.
“Başda dayanan rüşvət almadan keçinə bilmir”
– Ilin sonunda açıqlanan hesabatlar yenə də hakimiyyətin korrupsiyadan əl çəkmək istəmədiyini göstərdi. Hakimiyyət niyə korrupsiya ilə mübarizə aparmaq istəmir və buna cəhd edəndə də ciddi uğurlar əldə edə bilmir?
– Geriyə yol yoxdur. Həqiqətən də bu korrupsiya, rüşvət o qədər dərinə gedib, sistemin özü o qədər korrupsiyalaşıb, rüşvət o qədər canına hopub ki, artıq geriyə yolu yoxdur. Bunu dayandıra da bilməz. Keçən ilin əvvəlində korrupsiya əleyhinə proses başladı. Həkimlər, müəllimlər ayağa qalxdı ki, onda biz nə ilə yaşayaq. Sizin verdiyiniz 150 manatla biz yaşaya bilmərik, ölərik. Hakimiyyət gördü ki, hətta çiynində dayandığı, onların vasitəsilə seçkiləri saxtalaşdırdığı müəllimlər və həkimlər ona müqavimət göstərir, etiraz edir. Eyni zamanda müəssisə rəhbərlərindən yuxarıdan rüşvət tələbi qalmaqdadır. Bütün bu prosesi dayandırmadan heç nə eləmək mümkün deyil. Gözümüzün qarşısında Gürcüstanda canlı tarix yaşanır. Saakaşvili dedi ki, mən almadım, ona görə də rüşvət dayandı. Bu o qədər gözəl, sərrast deyilmiş bir sözdür ki, dünya durduqca yaşayacaq. Başda dayanan almasa, rüşvət dayanacaq. Başda dayanan almadan keçinə bilmir. Ona görə də artıq nə görüntü yaratmaq mümkündür, nə geriyə yol var. Bu şəkildə getsə, təəssüf ki, dağıdıcılığa, xaosa qədər gedəcək.
“Avropada milyonları rüşvət alıb müsbət rəylər yaratmaq dövrü tükənir”
– Bu günlərdə Almaniyanın “Şpigel” nəşri hakimiyyətin xaricdə lobbiçilərinə xeyli pul xərclədiyini yazıb. Bundan əvvəl də Ziya Məmmədovun oğlunun və Rövnəq Abdullayevin ABŞ-da əlaqələr qurmaq üçün çalışdığı barədə məlumatlar var idi. Niyə xarici təşkilatların tənqidini qəbul etməyən hakimiyyət dəstəyi daxildə yox, məhz xaricdə axtarır?
– Azərbaycan hakimiyyəti uzun illərdi xaricdə rüşvətlə saxta rəy yaratmaq siyasətini yürüdür. Qərb ölkələri də bu prosesi sükutla qəbul edirdi və indiyə qədər həmin milyonları udurdular. Qərbin, demokratik ölkələrin bu məsələdə mühüm üstünlüyü var. Orda da rüşvət, korrupsiya müəyyən qədər mümkündür. Ancaq bunun qarşısında böyük ictimai müqavimət, ictimai qınaq var. Üstü açılanda da buna kəskin etiraz olur. Bu gün Avropada, Qərbdə həmin proses yaşanır. Artıq sakit, Avropasayağı təbəssümlərlə milyonları rüşvət alıb müsbət rəylər yaratmaq dövrü tükənir. Artıq cəmiyyət buna etiraz eləyir. Bu məsələlər mətbuata çıxır. Demokratik ölkələrdə belə şeylər mətbuata çıxanda bunu görən adamlar utana, geri çəkilə bilir. Görünür, hələ onların üzlərində abır qalır. Bu vəziyyətlə, lobbiçilik fəaliyyəti ilə ikili fikir yaratmaq istəyirlər. Ölkəni tənəzzülə aparıb, ancaq digər yerlərdə hər şeyin qaydasında olduğunu, demokratiyanın inkişaf etdiyini təqdir etmək siyasəti var idi. Bu siyasət fiaskoya uğradı. Çünki bugünkü tarix də sübut edir ki, hakimiyyətlərin mövcudluğu, sağlam olması, gələcək nəsillərin təminatı üçün yalnız xalqa güvənmək lazımdır. Xalqdan böyük güvənc, qüvvə yoxdur. Hakimiyyətləri ancaq sağlam xalq çiynində saxlaya bilər. Xalqı əzirsənsə, o, çiynini yerindən oynadıb geri çəkiləcək və sən yerə düşəcəksən. Ona görə düşünürəm ki, indiki siyasət avtoritar, totalitar hakimiyyətlərin mahiyyətidir, onların simasıdır. Amma bu puçdu. Dəfələrlə həyat sübut edib ki, bu, yanlış siyasətdir və bunun axırı yoxdur. Çox təəssüflənirəm ki, bizim ölkəmizdə də bu yanlış siyasət yürüdülməkdədir. Bunun dövlətimizə böyük ziyanı var və biz bu zərbələri alırıq. Bunun hakimiyyətə ziyanı var. O, zərbələr alır və alacaq da.
Fizzə Heydərli