Türkiyə Putinə «işğalçı» dedi, Rusiya «terrora dəstək verirsiz» cavabını verdi
Avropa Birliyi Ankaranı bombardmanı dayandırmağa çağırdı
“Türkiyə Suriyanın Azez şəhərinin kürd döyüşçüləri tərəfindən işğal edilməsinə imkan verməyəcək”. Bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu dünən Ukraynaya rəsmi səfəri öncəsi jurnalistlərə açıqlamasında deyib. Davudoğlu bildirib ki, Türkiyənin artilleriya zərbələri olmasaydı, kürd döyüşçüləri Azez və Təl-Rifaat şəhərlərini ələ keçirmişdi.
Davudoğlu: “Rusiya 3 ölkədə işğalçı durumundadır”
Kiyevə çatan kimi Davudoğlu ukraynalı həmkarı Arseni Yatsenyukla birgə mətbuat konfransı keçirib. Ukrayna telekanalları ilə canlı yayımlanan mətbuat konfransında hər iki baş nazir Rusiyanın siyasətini kəskin tənqid edib. Davudoğlu Rusiyanı beynəlxalq hüquq normalarını pozmaqda ittiham edib:ÿ “Hazırda Rusiya üç ölkədə işğalçı durumundadır – Ukrayna, Gürcüstan və Suriya. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi də Rusiyanın dəstəyi ilə baş verib”.
Davudoğlunun fikrincə, Rusiyanın Ukraynadakı əməllərinə beynəlxalq aləm lazımi reaksiyanı versəydi, Rusiya bəlkə də Suriyaya girməyə cəsarət etməzdi:ÿ”Bu gün Rusiyanın istər Ukraynaya qarşı yol verdiyi, istərsə də Suriyada ortaya qoyduğu aqressiv siyasətə qarşı Ukrayna ilə ortaq mövqedəyik. Ukrayna təkcə bizə qonşu olan ölkə deyil, həm də bizim strateci ortağımızdır. Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və Krımın ilhaqını rədd edir. Krım tatarların ana yurdudur. 1944-cü ildə zülmə məruz qalaraq torpaqlarından deportasiya edilən tatarların hüquqlarını müdafiə etməkdən məmnunluq duyuruq. Krım Ukraynanın bir hissəsidir”.
Türkiyə baş naziri Rusiya bombardmanları nəticəsində Suriyada çoxlu sayda qadın və uşaqların öldüyünü deyib. O, SSRI-nin vaxtilə Əfqanıstanda üzləşdiyi aqibəti xatırladaraq Rusiyanın da Suriyadakı aqibətinin buna bənzəyəcəyini bildirib: “Rusiya rəhbərliyinə demək istəyirik ki, artıq sovetlər dövrü bitib. Həm də 25 il əvvəl bitib. O dövrü təkrar canlandırmağa çalışmaq Rusiya üçün xeyirli nəticələr doğurmaz. Bu, rus xalqının da qəbul etmədiyi bir şeydir”.
Medvedev: “Suriyada əbədi qalmaq fikrimiz yoxdur”
“Rusiyanın Suriyada əbədi olaraq qalmaq fikri yoxdur. Amma bunun vaxtını Bəşər Əsəd yox, Vladimir Putin müəyyən edəcək”.
Bunu “Time” jurnalına müsahibəsində Rusiya baş naziri Dmitri Medvedev deyib. Baş nazir bildirib ki, Rusiyanın Suriyadakı əməliyyatlarının gedişinə də Putin qərar verəcək: “Suriyada əbədi qalmaq kimi bir planımız yoxdur. Biz orada konkret və məhdud vəzifəni yerinə yetiririk. Rusiya ora öz milli maraqlarını qorumaq üçün, həmçinin Əsədin istəyi ilə gedib. Ona görə də Suriyadakı əməliyyatların gedişatını Əsəd yox, Rusiya hökuməti müəyyən edəcək”.
Medvedev bildirib ki, danışıqların Suriyanın taleyini həll etməsi istisna deyil: “Əgər prezident Əsəd ya bizim, ya da amerikalıların yardımı ilə danışıqlar masasına otursa, həmin an hər şey yekunlaşmış olacaq”.
“Yeni savaşın başlandığını deməmişəm”
Baş nazir bəyan edib ki, o yeni soyuq müharibənin başlanıldığını deməyib. Hökumət başçısının sözlərinə görə, Münhendə çıxış edərkən NATO-nun qərarının soyuq müharibəyə təhrik etdiyini deyib. Medvedev açıqlamasını bir daha təsdiqləməyə hazır olduğunu da vurğulayıb. ÿ
Qeyd edək ki, Münhendə çıxış edən Medvedev NATO-nun Rusiyaya qarşı siyasətinin qapalı və düşməncəsinə olduğunu, vəziyyətin soyuq müharibə dövrünə gəlib çatdığını demişdi.
Son olaylarla bağlı Rusiya Xarici Işlər Nazirliyindən də açıqlama gəlib. Nazirlik Türkiyənin Suriyaya qarşı hücumundan ciddi şəkildə narahat olduğunu bəyan edib.
Rusiya XIN Türkiyənin Suriyanın sərhəd bölgələrini atəşə tutmasını açıq şəkildə terrorçuluğa dəstək və BMT Təhlükəsizlik Şurası qətnaməsinin pozulması adlandırıb. Nazirlik bildirib ki, Ankara muzdlular və IŞID yaraqlılarının Suriyadan çıxmasına kömək edir.
Qeyd edək ki, Türkiyə Suriya kürdlərinin “Demokratik Birlik Partiyası” (PYD) və onun hərbi qanadını PKK-nın yerli şöbəsi hesab edir.
Avropa Birliyinin Təhlükəsizlik və Xarici Siyasət üzrə Ali nümayəndəsi Federika Moqerini də Türkiyəyə çağrış edərək
PYD-yə qarşı bombardmanın dayandırılmasını tələb edib. Xatırladaq ki, ötən gün ABŞ da Türkiyənin PYD-yə qarşı əməliyyatlarını pisləyib. Birləşmiş Ştatlar Ankaranı Hələb yaxınlığında kürd və suriyalı silahlıların mövqelərinə zərbələr endirməyə son qoymağa, diqqəti IŞID-ə qarşı mübarizəyə yönəltməyə çağırıb.