“Diktatorları devirən, həyəcanlandıran ili yola salırıq”
Ictimai Palata Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ötən gün bayram şöləni keçirdi. Müsavat partiyasının ofisindəki bu tədbir yüngül şirniyyat stolu ətrafında baş tutmuşdu. Ictimai Palataya daxil olmayan Azərbaycan Demokrat və “Ümid” partiyalarının sədrləri də iştirak edirdilər. Yenicə həbsdən çıxan AXCP Gəncər Komitəsinin üzvü, vicdan məhbusu Cabbar Savalanlı da dəvətlilər arasında idi.
Dəyərlər uğrunda…
Bayram tədbirinə aparıcılığı Ictimai Palatanın Koordinasiya Şurasının üzvü, DEVAMM (Dini Etiqad və Vicdan Azadlığını Müdafiə Mərkəzi) sədri Ilqar Ibrahimoğlu edirdi. O, qısa çıxışını milli bayrağımızda əks olunan dəyərlər üzərində qurdu. Ilqar Ibrahimoğlu Dünya Azərbaycanlılarının Həmrəylik Günü və milli birlik mövzularında çıxış edərək, ölkə üçün müqəddəs olan dəyərlər uğrunda hər kəsə həmrəylik dilədi.
Günahsız adamları həbsdə saxlamaq ən böyük cinayətdir!
Müsavat partiyasının başqanı Isa Qəmbər də öz növbəsində hər iki bayram münasibətilə tədbir iştirakçılarını və Azərbaycan xalqını təbrik etdi: “Bayram tədbirinin məhz bu günə təsadüf etməsinin bir önəmli səbəbi ondadır ki, bu gün Ictimai Palatanın yaranmasının ildönümüdür. Biz 2010-cu il dekabrın 28-də Ictimai Palatanı yaradaraq cəmiyyətə mesajlarımızı verdik. Bir il ərzində Ictimai Palata ölkənin aparıcı ictimai qüvvəsinə, demokratik düşərgənin toparlanma modelinə çevrildi. Azərbaycanda və dünyada, mövcud hakimiyyətin alternativi kimi qəbul olunmağa başladı. Bu münasibətlə hər kəsi təbrik edirəm. Arzu edirəm ki, 2012-ci ildə məqsədlərimizə nail olaq. Ilin son günlərini yaşadığımız bu günlərdə bizi sevindirən ən böyük hadisə vicdan məhbusu Cabbar Savalanlının azadlığa çıxması oldu. Cavan və gözəl dostumuzu azadıqda görmək çox xoşdur. Arzu edirik ki, vicdan məhbusu olan digər dostlarımız da tezliklə azadlığa çıxsın və bizlərin arasında olsunlar. Hakimiyyət ilin sonunda daha bir cinayət işlədi. Çünki günahsız insanları həbsdə saxlamaq ən böyük cinayətdir”.
Azərbaycan hakimiyyətində qorxu və həyəcan yaradan təşkilat
AXCP sədri Əli Kərimli də hər iki bayram münasibətilə xalqımızı və tədbir iştirakçılarını təbrik etdi: “Bəşər tarixinə diktatorların təmizlənməsi, böyük demokratikləşmə proseslərinin getdiyi, avtoritar liderlərin həyəcan yaşadığı və vicdan məhbusu olan dostlarımızın məhbəsdə saxlanıldığı ili yola salırıq. Bu, bizim ən böyük məhrumiyyətimizdir. Ictimai Palataya qədər ölkədə bu formatda təşkilat formalaşmayıb. Hakimiyyətin həbsləri və repressiyaları bu təşkilatı dağıda bilmədi. Bütün 2011-ci il ərzində Ictimai Palata özünün sağlam bir təməl üstündə qurulduğunu təsdiq etdi. Azərbaycan hakimiyyətinə həyəcan və qorxu yarada bildi. Xalqımızın böyük dəyişikliklərə inamı geri qayıtdı. Bu xalq 2012-ci ilə ciddi ümidlərlə gedir. Mən qarşıdan gələn yeni imkanlar ilində hamınızı təbrik edirəm. Can sağlığı, xoşbəxtlik arzulayıram. 2012-ci il millətimiz üçün xeyirli olsun”.
Sərdar Cəlaloğlunun acı çıxışı
Ümid partiyasının sədri Iqbal Ağazadə, ADP sədri Sərdar Cəlaloğlu da bayram təbriklərini səsləndirdilər. Sərdar Cəlaloğlunun çıxışı bayram təbrikindan daha çox müxalifətin təftişinə bənzədiyindən, yerlərdən ona “bəy, o cür şirniyyat masası kənarında durmusan, amma dilin yenə də şirin deyil” replikaları gəldi. S.Cəlaloğlu tənqidin dozasını daha da artırıb qıcıq yaratmaq istəyəndə zal ona alqışlarla qarşılıq verdi və hər şey xoşluqla sonuclandı.
***
Bayram mərasimi şirniyyat süfrəsi arxasında davam etdirildi.
Natiq