Bakıya 60 min manatlıq təkər gətirən iş adamına gömrüyün zirzəmisində hansı təkliflər edilib?
Mahmud Tağıyev gömrük xidmətindəki korrupsiya mexanizminin şok təfərrüatları barədə danışdı
Biznesmen Mahmud Tağıyev Azərbaycanın gömrük xidmətində özbaşınalıq və qanunsuzluqla qarşılaşıb. Dekabrın 14-dən bu yana Tağıyev Omskdan gətirdiyi 60 min manat dəyərində bir vaqon avtomobil təkərini gömrükdən keçirə bilmir.
Tağıyev dünənki mətbuat konfransında bildirib ki, Bakıda Keşlə dəmiryolu stansiyasına daxil olub. Lakin Bakı gömrük idarəsindən onu Sumqayıt idarəsinə göndərirlər, baxmayaraq ki, o, paytaxtda qeydiyyatdadır.
Bakı Gömrük Idarəsinin rəis müavini Elçin Şirinov biznesmenin hüquqşünası Çingiz Quliyevə də eyni cavabı verib. Sumqayıt gömrüyündə Quliyevi Heydər Şeydayevlə görüşdürüblər, o, hüquqşünası binanın zirzəmisində “xidməti otaqda” qəbul edib. Məlum olub ki, Şeydayevin gömrük xidməti ilə heç bir əlaqəsi yoxdur, “Broker” MMC-nin əməkdaşıdır.
Şeydayev hüquqşünasa bildirib ki, Tağıyevin təkər gətirməyə “haqqı yoxdur”. Lakin yükün təkər idxal etmək “hüququ olan” şəxslərin adına keçirmək yolu ilə problemi aradan qaldırmağı vəd edib. O, öz xidmətinə görə 25 min manat istəyib.
Quliyevin və Tağıyevin sözlərinə görə, Əbülfəz Məlikov adlı bir şəxsin rəhbərik etdiyi “Broker” MMC-nin bütün mal növləri üzrə öz “kuratorları” var və onların icazəsi olmadan biznesmenlər ölkəyə mal gətirə bilmirlər.
“Hələ 5 il əvvəl ”Broker” MMC-də cəmi 30 nəfər işləyirdi, indi isə 5 min nəfər çalışır və onlar bütün gömrük-buraxılış məntəqələrində fəaliyyət göstərirlər və sahibkarlardan pul tələb edirlər”, – deyə Tağıyev bildirib.
Adətən sxem belədir: biznesmenə malı başqasının adına keçirmək təklif olunur, bu zaman müqavilə məbləği azaldılır. Tağıyevdən 25 min manat tələb ediblər, onun malını isə 10 min manata başqasının adına keçirmək nəzərdə tutulurdu.
Lakin biznesmen qanunsuz sövdələşməyə girməməyi və öz hüquqlarını müdafiə etməyi qərara alıb. Gömrüyün hərəkətləri prezident Ilham Əliyevin korrupsiyaya və qiymətlərin süni şəkildə artırılmasına qarşı mübarizə haqqında bəyanatlarına ziddir. Tağıyev və Quliyev dekabrın 16-da Azərbaycan prezidenti Ilham Əliyevə, Antikorrupsiya komissiyasının sədri Ramiz Mehdiyevə, hüquq-mühafizə orqanlarının rəhbərlərinə şikayətlə müraciət ediblər.
Dünən- dekabrın 26-da Quliyev Bakı gömrük idarəsinin rəisi Vüsal Novruzovun yanına dəvət olunub. Novruzov bildirib ki, heç bir problem yoxdur və malı “rəsmiləşdiriləcək”.
Quliyevin vaqonun Keşlə stansiyasında məcburi ləngiməsinə görə dəyən ziyanı kimin ödəyəcəyi barədə suala Novruzov “mal sahibi” deyə cavab verib. Lakin Quliyev bildirib ki, biznesmen Bakı Gömrük Idarəsinin rəis müavini Şirinovun təqsiri üzündən ziyana uğrayır və onun əməllərindən məhkəməyə şikayət veriləcək. Lakin gömrük rəhbəri bu ittihamları təkzib edib.
Hüquq müdafiəçisi Ələkbər Məmmədov Tağıyevin başına gələnləri mülkiyyət hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirib və bu barədə beynəlxalq təşkilatlara məlumat veriləcəyini bildirib(Turan).