«Baş Prokurorluğun əsasız və ədalətsiz araşdırması məhkəmədə təkrarlanmasın…»
Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsinə görə məsuliyyətə cəlb olunanlardan biri olan Samir Mustafayevin atası dövlət başçısına müraciət edib. Şakir Mustafayev məktubunda jurnalistin ölümünə görə təəssüfünü ifadə edir. Eyni zamanda, qeyd edir ki, oğlu Rasim Əliyevin döyülməsində iştirak etməyib. Bu, hadisə yerində quraşdırılmış təhlükəsizlik kamerasının qeydə aldığı video-görüntülərdən də aydın olur.
“Rasim Əliyev zorakılığa məruz qalanda o, hadisə yerindən təxminən 50 metr kənarda olub. Kamera çəkilişindən birbaşa görünür ki,Samir Mustafayev Rasim Əliyevin zorakılığa məruz qaldığını görən kimi dərhal qaçaraq hadisə yerinə gəlib və müdaxilə edərək onu qurtarmağa çalışıb. Belə olan halda, Samir Mustafayevə Rasim Əliyevin ölümü ilə əlaqədar Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən bədənə ağır xəsarət yetirmə zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsilə ittiham irəli sürülməsi nə qanuni baxımından əsaslı, nə də ədalətlidir”, – deyə Şakir Mustafayev məktubunda yazır.
Ata qeyd edir ki, oğlunun hadisəni törədən şəxslərlə yeganə əlaqəsi onlardan bəzilərini şəxsən tanıması, onlar hadisə yerində olarkən onunla da əlaqə saxlayıb görüşmələrilə bağlı olub: “Samir Mustafayev özünü bu cinayət işi üzrə özünü təqsirli saymır və tezliklə ədalətin börqərar olacağına inanır. Bu hadisədə Samir Mustafayevin heç bir günahı olmadan təqsirləndirilməsi onun yaşlı anası Səmayə Mustafayevanın sağlamlığını ciddi sarsıldıb, o, hazırda insult diaqnozu ilə Dənizçilər Xəstəxanasının reanimasiya şöbəsindədir.
Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ var və bu hüquq Samir Mustafayevə də şamil edilməlidir. Rasim Əliyevin faciəvi ölümündən kədərlənməklə bərabər, Samir Mustafayev inanır ki, onun ailəsi və dostları hadisənin baş verməsi barədə obyektiv əsaslarla məlumat aldıqdan sonra əsl həqiqəti bilirlər.
Müraciətimin məqsədi odur ki, Baş Prokurorluğun əsasız və ədalətsiz araşdırması məhkəmədə təkrarlanmasın…”
Xatırladaq ki, jurnalist Rasim Əliyev avqustun 8-də paytaxtın Bayıl qəsəbəsində bir qrup şəxs tərəfindən döyülüb və avqustun 9-na keçən gecə 1 saylı Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişib.