“Bəşər Əsədin hakimiyyəti itirməsi qaçılmazdır”
Suriyada gərginlik davam edir. Hökumət qüvvələri yenə də Əsəd rejiminə qarşı etiraz aksiyalarına qoşulan dinc sakinlərə yönəlik qanlı əməliyyatlar keçirib. Dekabrın 16-da 200 min insanın iştirakıyla mitinqin keçirildiyi Homs şəhərində əsgərlər aksiyadan sonra müxalif fəalların evlərinə basqın edib. Əsgərlərin açdığı atəş nəticəsində 10-dan çox şəhər sakini həlak olub.
Bu arada Ərəb Ölkələri Liqası BMT Təhlükəsizlik Şurasına müraciət edərək Suriyadakı böhranın aradan qaldırılması məqsədiylə hazırladığı “yol xəritəsi”nin əsasında qətnamə qəbul etməsini istəyib. Təşkilatdan o da bildirilib ki, Suriyayla bağlı növbəti toplantı dekabrın 22-də Misirin paytaxtı Qahirədə keçiriləcək.
Bununla yanaşı Suriya müxalifətinin qurduğu Milli Şuranın rəhbərliyi Tunisə səfər edib. Tunisin yeni seçilmiş prezidenti müxalifləri qəbulu zamanı onların apardığı dinc mübarizəni və demokratiya tələblərini dəstəklədiklərini bildirib. Məlumatlarda Tunis hakimiyyətinin Suriya müxalifətinin qurduğu Milli Şuranı Suriyanın legitim hökuməti kimi tanımasının da müzakirə olunduğu deyilir.
Türkiyəyə səfər edən ABŞ-ın müdafiə naziri Leon Panetta bildirib ki, Bəşər Əsədin hakimiyyəti itirməsi qaçılmazdır.
Onu sözlərinə görə, Əsəd beynəlxalq təzyiq davam edərsə getməyə məcbur olacaq: “Biz bölgənin digər ölkələrində nə baş verdiyini gördük. İnanıram ki, hansısa məqamda Suriyada da buna bənzər nəsə baş verəcək. Lakin bunun baş verməsi üçün təkcə Türkiyə və ABŞ-ın deyil, bütün beynəlxalq birliyin Suriyaya, Əsəd rejiminə təzyiq eləməsi lazımdır”.
Əlavə edək ki, Suriya müxalifəti Əsəd rejiminə qarşı etiraz aksiyaları başlanan gündən bu yana 100 mindən çox insanın həbs olunduğunu açıqlayıb. Məlumatda o da vurğulanır ki, həbs olunanların çoxunun taleyi haqda məlumat yoxdur.