Misirin paytaxtı Qahirədə nümayişçilərlə təhlükəsizlik qüvvələri arasındakı dekabrın 16-da gecə saatlarında başlanan qarşıdurma dekabrın 17-də bütün gün boyu davam edib. Toqquşa zamanı ölənlərin sayı 8 nəfərə çatıb. Üç yüzdən çox insanın yaralandığı bildirilir. Ən şiddətli toqquşmalar Nazirlər Kabinetinin binası qarşısında baş verib. Nümayişçilər parlamentin qonşuluğundakı binaya od vurublar.
Aksiya iştirakçıları hərbi xunta tərəfindən təyin edilmiş baş nazirin istefasını tələb edirlər. Onlar yeni baş naziri devrilmiş prezident Hüsnü Mübarəkin yaxını sayırlar. İstefası istənilən baş nazir Kamal əl Qanzuri etirazçıların tələblərini əsassız sayaraq, nümayişçilərin ünvanına sərt ifadələr işlədib.
Ötən gün axşam saatlarında paytaxtın Qəsr əl Ayn küçəsində yerləşən Elmi Araşdırma İnstitutunun binası etirazçılar tərəfindən yandırılıb. Hökumət evinin qarşısında düşərgə salan nümayişçiləri dağıtmağa çalışan təhlükəsizlik qüvvələri sərt təpkiylə üzləşib. Etirazçılar polislərə daş və partlayıcı mayelər atıblar.