Bunlar Avropa Şurasına üzv olandan sonra digər beynəlxalq təşkilatlara və institutlara üzv olmağa can atmırlar, elə bil nəzarətin, öhdəlik götürməyin, necə deyərlər, “dadını görüblər” və bir daha bunu təkrar etmək istəmirlər. O qədər təcrid olunmuş iqtisadi siyasət yürüdürlər ki, neft boruları olmasaydı bizi dünya iqtisadiyyatına bağlayan amilləri çox axtarmaq lazım gələrdi! Indi maraqlı hadisə baş verir. Bu günlərdəcə Cenevrədə ÜTT-nin (Ümumdünya Ticarət Təşkilatı) nazirləri Rusiyanın, Çernoqoriyanın təşkilata üzvlüyünə baxırlar. Burada əsas məsələ təbii ki, Rusiyadır. Amma deyəsən, onun ÜTT-yə üzv olması yolunda 16 il apardığı mücadilə başa çatır: Gürcüstan, eləcə də Venik-Cekson düzəlişi artıq maneə deyil!.. Azərbaycanın da bu təşkilat ilə təmasları olub. Əvvəl mən düşünürdüm ki, yəqin Azərbaycanın təşkilata üzvlüyünə Ermənistan mane olur. Amma sonrakı sorğu və dəqiqləşmələr göstərdi ki, belə deyil, ən azı bunu rəsmilərin açıqlamaları təkzib edir. Onlar isə deyir ki, Azərbaycanın təşkilata indiyə qədər üzv olmamasının bir əsas səbəbi var: Azərbaycan təşkilata özü üçün əlverişli statusla qəbul olunmaq arzusundadır! Çox maraqlıdır. 153 dövlət üçün “əlverişli status” tapılır, zira Azərbaycan üçün bu, tapılmır! Indi dünya ölkələrinin yarıdan çoxu (Rusiya 154-cü, yaxud 155-ci üzv olacaq!) ÜTT-nin üzvüdür. Amma Azərbaycan hələ də “düşünür”… Bunlar qarşılarına məqsəd qoyanda ona çatırlar. BMT TŞ-nin qeyri-daimi üzvü olmaq istədilər və oldular. Deməli, istəsələr ÜTT-yə də üzv olarlar. Görünür ki, ticarətin liberallaşması bunların maraqlarına cavab vermir.
Putin gələcək, ya gəlməyəcək?
Bəli, bu hakimiyyət indi bu tapmacanın həlli ilə məşğuldur. Deyilənə görə, o qədər təlaş içindədirlər ki, hətta “Nabukko”ya münasibətlərini də gələn ilin martında açıqlamaq fikrindədirlər, hər halda, belə deyilir! Putin də artıq özü öz təbliğatına başlayıb. Mən düşünürəm ki, Putin “Nabukko”ya mane olan əsas fiqur olsa, onun işləri bir qədər çətinləşəcək, çünki belə bir qlobal və əhəmiyyətli layihənin qarşısının alınmasını ona bağışlamayacaqlar. Düzdür, indi Rusiya üçün sövdələşmək predmeti ola biləcək başqa məsələ də var: o da Iran məsələsidir! Lakin Avropaya qaz da Irandan heç də az lazım deyil. O da var ki, 80-ci illərin sonlarından müzakirə olunan geosiyasi alyanslar və geoiqtisadi amillər öz həllini tapmalıdır. Əgər yadınıza gəlirsə, bir vaxt “türk zolağı”, mərkəzi Asiyanın enerji mənbələrinə çıxış çox müzakirə olunurdu. Nə vaxtsa, bütün bunlara bir real məzmun vermək lazım gələcək. Qərb ABŞ kimi dövlətin timsalında Mərkəzi Asiya ölkələrinin bəzisinə hərbi çıxış tapıb. Indi Rusiyada bir məsələdən çox narahatdırlar. Onlar ehtiyat edirlər ki, qısa müddətdən sonra ABŞ Əfqanıstandan öz qüvvələrini çıxaracaq və qiymətli hərbi silah-sursat Mərkəzi Asiya ölkələrinə veriləcək! Bunun həqiqətə nə qədər yaxın olduğunu deyə bilmərəm, amma Rusiya mətbuatı təkidlə bu haqda yazır. Bütün bunları bir daha düşünəndə görürsən ki, bölgədə ciddi siyasi və hərbi çəkişmə gedir və çətin ki, bir nəfər, o hətta Putin olsa belə, bu çəkişmənin qarşısını almaq iqtidarında olsun!
Futuroloqlar üçün mövzu: 2012-ci və 2013-cü illər!
Bəli, bu illər dünya siyasətində çox ciddi illər olacaq. Bu illərdə ciddi proses gözləmək olar. Bir dəfə yazmışdım. Indi bir də təkrar edirəm. Rusiyanın siyasətində mistik 12 illik period var. Özünüz diqqət edin: 1905, 1917, 1929, 1941, 1953, 1965, 1977, 1989, 2001, 2013 və s.! Bəli, bu illərin hamısı Rusiya siyasətində çox mühüm dönüş illəri olub. Mən bunu diqqətə gətirməklə heç də mistikaya varmaq istmirəm. Sadəcə, rusların özləri bu faktı israrla təkrar etməyi sevirlər. Hətta bunsuz belə, qarşıdakı iki ilin dünya siyasəti üçün çox mühüm olacağını demək mümkündür. Nə isə. Dünya sanki yenidən yeni bir formada strukturlaşmağa və özünütəşkilə can atır. Siyasi arxitektura dəyişir və yeni çalarlar kəsb etməyə başlayır. Bu prosesdən kənarda qalmaq dünya ilə üzülüşmək deməkdir…