Dünən çox qarışıq bir gün yaşadım. Dekabrın 16-da həmişə belə olur. Içimdəki duyğular da sanki işlərimə təsir edir həmin gün. Çox sevdiyim adamı itirmişəm bu gün. Illər öncə həmin gün dünyaya baxışlarım dəyişdi, yeni həyata başladım. Qəribə idi. Bir nəfər həyatını başa vurdu, mən isə yeni həyata başladım.
Bir də 4 il sonra ağlaya bilmişdim, qəfildən, gecə vaxtı, çox darıxdığım üçün. Onu görmək istəyirdim. Çarəsiz qalıb ağladım. Onun səsini eşitmək istəyirdim. Əllərindən öpmək istəyirdim. Boynunu qucaqlamaq istəyirdim. Onu çox sevdiyimi ona söyləmək istəyirdim. Nə üçün mən bunları heç vaxt etməmişdim deyə daha çox ağlayırdım. Ana uşağı kimi sızıldayırdım. Həyatımda heç vaxt belə hıçqırmamışdım. Əvvəllər belə hıçqıran adamlara pis baxır, bunu yüngüllük sayırdım. Əvvəlki məndən isə əsər-əlamət qalmamışdı. Səsimi, hönkürtümü içimdə boğa bilmirdim…
Sonra səsim gəlməsin deyə gedib hamama girdim. Başqalarının ağladığımı görməsini istəmirdim. Ona görə yox ki, utanırdım ağlamağa görə. Axı bəziləri ağlamağı ayıb sayır. Mən isə hisslərimdən utanmıram, onların təbiiliyi, dürüstlüyü mənə bəs edir. Kimin bu hisslərə güləcəyi məni narahat etməz.
Amma mənə görə insan, sadəcə olaraq, öz dərdi ilə, kədəri ilə başqalarını kədərləndirməməlidir, buna haqqımız da yoxdur. Xəlvətcə ağlamaq bir hüquqdur – buna söz yox. Təbii ki, camaat qarşısında da bəzən ağlayarsan. Qəfildən baş verər bu. Amma insan ağlaşması ilə ətrafı incitməməli, üstəlik, bunu təkrar-təkrar edib özünə gülüş yaratmamalıdır. Insan kədərini ildə 10 dəfə yazıb, adamları cana doydura bilməz. Insan kədərini tez-tez söyləyib, başqalarını yükləməz. Bir ilə də, on ildə bir dəfə söyləyəndə isə tərəddüd etməlidir ki, bəlkə yersizdir. Çətin də olsa, bunu bacarmaq gərəkdir.
Bu zaman həm də insan həyata, yaşamağa yenidən “bəli” deyir. Hamının bu cür etməyə borcu yoxdur, amma hamının bu cür etmək imkanı var…
Cəmi 3 gün öncə internetdə köhnə bir tanışımla danışırdım. Görüşməyə qərar verdik. Birdən mənə xəbərdarlıq etdi:
– Amma məni görəndə qorxma!
Nə demək istədiyini izah etməsini xahiş etdim. Cavab belə idi:
– Mən xərçəngəm. Bir az ağrıyıram. Müalicə sifətimi xeyli pis vəziyyətə qoyub. Fikir vermə.
Bu, bir hekayə deyil. Bizimlə eyni ölkədə yaşayan nadir insanın xərçəng xəstəliyinə yanaşmasıdır. Əslində, həyata yanaşmasıdır. Bütün hallarda, həyata “bəli” demək gücüdür bu!
Dünən mən də, həmişə olduğu kimi, başqalarının yanında şən olmağa çalışırdım. Işləri yola qoyurdum. Hətta ictimai tədbirlərə qatılmaq istəyindəydim. Günorta isə ad gününü türmədə qeyd edən jurnalist Əvəz Zeynallının müdafiəsi ilə bağlı tədbirə gedəcəkdim. Dünən Əvəzin 42 yaşı tamam olurdu. Yolda mənə zəng gəldi. Bir tanışım idi. Uşağı “yad cisim” udub. “Yad cisim” həkimlərin deyimidir – yəni, hər hansı bir əşya. Mən tədbirə gedən yolu dəyişib, uşağı xilas edən atasının istəyi ilə ona qoşulmağa məcbur oldum. Düz ünvana getdik və hər şey uğurlu keçdi. Maşında hədsiz sevinən ata əlimdəki kitabı alıb onu vərəqləməyə başladı. Bütün azərbaycanlılar başqasının əlindəki kitab haqda belə deyir: “Maraqlı kitaba oxşayır”. Amma mənim tanışım fərqli yanaşdı: “Nə balaca kitabdır?!”
Lakin bilmirdi ki, məşhur filosof Karl Yaspers bu kitab haqda belə deyir: “Bu kitab insan yaradıcılığının az sayda olan böyük nümunələrindən biridir.”
Bütün dünya o kitabı möhtəşəm bir əsər kimi qəbul edir. Bu, Viktor Franklın “Həyata “bəli” deməli: psixoloq konslagerdə” kitabıdır. Konslagerdə olan məşhur müəllif tərəfindən yazılıb. Mən o balaca kitabı Əvəz Zeynallıya hədiyyə yollamaq üçün götürmüşdüm. Bu arada onun doğma dilimizə tərcüməsini çox həvəslə redaktə edirəm və düşünmüşdüm ki, həmin kitabın bir nüsxəsi türmədəki həmkarımın dirənişinə layiq olan bir hədiyyədir.
Bu kitabın balacalığına heyrətlənən tanışımla sağollaşıb, onu təbrik edib, başqa planların arxasınca getdim. Həyata “bəli” deməyə xeyli gücüm vardı hələ. Buna hamıdan çox sevinəcək adam həyatda olmasa da…