Osetiyadan başlayıb, Kremldə davam edən etirazlar hara gedir?
Rusiyada parlament seçkiləri Cənubi Osetiyadakı prezident seçkilərinin davamı oldu. Şimali Qafqazdakı narazılığın rəsmi adı qoyulmamış və faktiki nəticəsi bilinməmiş keçirilən parlament seçkiləri Putini bir xeyli silkələdi. Ya da Putin bir az silkələndi…
Bu ölkənin ucsuz-bucaqsız sərhədlərinin hər tərəfində narazılığın yüksək həddə olması və Putinin bu etirazların hədəfinə çevrilməsi baş naziri ölkə başçısı olmaq fikrindən daşındırmadı. Baş verənlər Rusiyada daşı daş üstündə qoymamaqla nəticələnsə də, Putin qərarlıdır. O, Rusiyanı elə sevir ki, onun uğrunda əhalinin yarısını, imkanı olsa, lap hamısını da qırmağa hazırdır. Paytaxta ordu yeritməklə baş nazir necə prezident olacağının siqnalını verdi. O, Ali Baş Komandan olmadığı halda, xalqla bu cür davranış seçir və üstünə ordu yeritdiyi insanların ona səs verdiklərini deməyə hazırlaşır.
Biz bilirik ki, Rusiyada baş verənlər təkcə bu ölkənin tale xəritəsini dəyişmir. Həm də region ölkələrindəki bir çox hadisələrə təsir göstərir. Amma bütün bunlarla yanaşı, biz bu seçkilərin bir eksperiment olduğunu da deyə bilərik. Putin sözsüz ki, Bəşər Əsəd kimi görünmək və ya Qəzzafinin taleyini yaşamaq istəməz. Ona görə də onun özünə və öz timsalında ölkəsinə uzanan barmaqları görməməsi mümkünsüz idi. Bu baxımdan Kremlin seçkilərə yeni texnologiya ilə getdiyi aydın görünür. Saxtakarlıq təbii ki, baş verib. Amma bir qədər modern qaydada. Bir cümlə ilə deyək ki, böyük Rusiya indi kiçik liderciklərin ümidinə qalıb. Və hazırda rus azadlıq davası lidersizlik şəraitində davam edir.
“Vahid Rusiya” tam qalib olmadı…
Putin demək və göstərmək istəyirdi ki, o, seçkiləri saxtalaşdırmayıb. Buna görə də “Kommunist”lər və yeni yaranmış “Ədalətli Rusiya” kimi qüvvələr də parlamentə daxil ola bildilər. Və Putin aşağı-yuxarı 49 faiz dəmir rəqəmlə parlamentə nəzarət edə biləcəyini düşündü. Hər şey belə davam etsəydi, təbii ki, o, haqlı ola bilərdi. Putin bu yolla bir qədər nəfəslik açmaqla xalqı “ərəb baharı”ndan ruhlanmaq fikrindən daşındırmaq istədi. Amma nəticə bu oldu ki, Rusiyada etirazçı qüvvələr meydana çıxdılar.
Bu, əslində, belə bir nəticə çıxarmağa əsas vermir ki, Putin rejimi daha çox sıxmalı idi. Çünki bu günə kimi baş verənlər sübut edir ki, rejimlər sıxıldıqca xalqlar qəzəblənir. Bu dəfə isə rejimin yumşaqlığı xalqı cürətləndirib. Putin mahiyyətcə dəyişməyib və o, ordu vasitəsilə etirazları yatırmaq istəyir. Bu olay sadəcə, onu göstərdi ki, avtoritar rejimlərin indiki dövrdə yeganə ağıllı addımları o ola bilər ki, seçkilərə maksimum az müdaxilə etsinlər və ya iradələri çatsa, heç müdaxilə etməsinlər. Bu, onların tarixi addımı kimi qiymətləndirilməklə yanaşı, həm də onları qazandıqları xalq nifrətindən qismən azad edə bilər.
Diktaturalarda daha bir kəşf
Əslində, Putinin əvvəlcə yumşaq davranıb, sonradan zor işlətmək planı barədə düşünməsi bir məqamı da ortaya qoydu. Məlum oldu ki, diktatura rejimlərinin, hətta ən böyüyündə və ya qibləsi sayılacaq Kremldə də xalqla oyun oynamaq üçün bütün resurslar var. Amma bu oyunun alınması üçün bir əsas amil artıq yoxa çıxıb. Bu da geniş kütlələrin əsəbləridir. Artıq xalqlar nəinki böyük qırğınlara, hətta xırda haqsızlıqlara belə, dözmək gücündə deyilllər. Əslində, inqilabların xırda bəhanə sayılacaq hadisələrdən güc almasının izahı da bu olmalıdır.
Medvedev – siyasi ölü…
Son seçkilər onu da göstərdi ki, Medvedev prezident kürsüsündə əyləşmiş siyasi müqəvvadır. Onun hadisələrə reaksiya verməməsi, ən yaxşı halda, Putini daha dişsiz və ya mövqesizcə təkrarlaması Rusiyada yuxarıdan islahatın baş verəcəyinə və bunun Medvedevin timsalında olacağına inananları sarsıtdı. Indi hadisələrin iki tərəfi var: xalq və Putin. Xalq xeyli qəzəbli, Putin isə iştahlıdır. Birinin dişi sınmasa, o birinin əti kəsiləcək. Hər halda, xalqın addımları zəruri özünümüdafiə olduğundan daha legitim sayılır. Əks halda, növbəti cinayət baş verəcək.
Putin ABŞ-a niyə qəzəblidir?
Bu sualın təbii cavabı odur ki, ABŞ Putini sevmir. Bu münasibətlər də təbii ki, qarşılıqlıdır. Amma biz unutmamalıyıq ki, Putin hələ bir il əvvəl xəbərdar edilmişdi. Moskva universitetində çıxışı zamanı ABŞ-ın vitse-prezidenti Cozef Bayden demişdi ki, Putinin prezidentliyə namizəd olması həm onun özü, həm də Rusiya üçün pis olacaq.
Əlbəttə, hələlik hədəfdə Putindir. Amma vəziyyətin daha da gərginləşməsi onsuz da yaxşı olmayan Rusiya iqtisadiyyatını çökdürəcək. Bu da XX əsrin əvvəllərindəki vəziyyəti xatırladır. Yəni, Rusiyada böyük etiraz tonqallarının yanmasına az qalır.
Bir sözlə, Putin üçün son başladı…
Seymur Həzi