Beş məmur 500-dən çox insanın istirahət məkanını əlindən alır
Nəsimi rayon 3-cü mikrorayon, Cavadxan küçəsi 26, 30 saylı binalarının arasında olan 3 sot torpağın Əmlak məsələləri üzrə dövlət komitəsinin rəhbəri Kərəm Həsənovun, deputat Eldar Quliyevin, Nəsimi rayon icra hakimiyyətinin başçısı Nəsib Məhməliyevin əliylə və “Bioloji təbabət” klinikasının rəhbəri Elxan Yaqubov özəlləşdirdiyi üçün sözügedən binanın sakinləri etiraz edirlər. Məhkəmələrdən tutmuş bütün dövlət qurumlarına müraciət edən 120 ailənin səsini eşidən yoxdur.
Dekabrın 7-də ABŞ-ın ölkəmizdəki səfirliyinə sığınacaq üçün müraciət edən vətəndaşlar dünən sözügedən binanın həyətinə toplaşmışdılar. Onlar deyirlər ki, Ekologiya, Fövqəladə Hallar Nazirliyi, Arxitektura şöbəsi rəy verib ki, həmin ərazidə tikinti olmaz. Nəsimi rayon məhkəməsinin hakimi Elmar Kərimov həmin torpaqdakı alğı-satqı müqaviləsinin ləğv olunması barədə iddiasını təmin etməyib: “Bu işdə əli olanlardan biri də deputat Eldar Quliyevdir. Bizim başqa həyətimiz yoxdur”.
“Bizdə məhkəmə sistemi yoxdur. Rüşvət verib qərar qəbul elətdirirlər. Biz ölkə vətəndaşlığından imtina etmək istəyirik. Amerika, Rusiya və yaxud başqa bir ölkə bizə sığınacaq versin.
Sakinlər deyir ki, Elxan Yaqubov həyat yoldaşı Səbirə Yaqubovanın adına həyəti özəlləşdirib: “Burada ya iki, ya da üç mərtəbli klinika tikmək niyyəti var. Ancaq biz buna razı deyilik. Çünki burada hər hansı ofis tikilsə, uşaqlarımızın istirahəti üçün heç bir imkan olmayacaq”. Bina əhli dəfələrlə aidiyyəti qurumlara müraciət edib. Onlara özəlləşdirmənin qanunsuz olduğu rəsmi şəkildə bildirilsə də, hələlik heç bir nəticə yoxdur. Çarəsiz qalan sakinlər sonda öz gücləri hesabına Yaqubovlar ailəsinin layihəsinin qarşısını alırlar.
Şəhərin mərkəzində yerləşən bu ərazinin 3 sotu 4308 manata özəlləşdirilib. Ancaq sakinlər iddia edirlər ki, Elxan Yaqubov Əmlak məsələləri dövlət komitəsinin sədri Kərəm Həsənova 1 milyon manat ödəyərək planlarını həyata keçirməyə çalışır. Sənədlərdə satıcı qismində Kərəm Həsənovun müavini Rafiq Cəlilov, alıcı kimi isə Səbirə Yaqubova göstərilir.
Sakinlərin dediyinə görə, Nəsimi rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev 13 mart 2010-cu il tarixdə BŞIH memarlıq və şəhərsalma baş idarəsinin rəis əvəzi Akif Abdullayevə müraciət ünvanlayıb: “Akif Abdullayev 19.03.2010-cu il tarixdə Nəsib Məhəməliyevin ünvanladığı müraciətə müsbət cavab verir. Cavabda həmçinin sakinlərin razılığının alınması və yaşıllığın qorunması birmənalı qeyd olunur. Icra başçısı isə Səbirə Yaqubovaya adıçəkilən ünvanda ofis tikilməsinə icazə sənədi verib. Digər qurumlar bu sənədin saxta olduğunu üzə çıxarsalar da sonda məhkəmə Səbirənin xeyrinə qərar çıxardı. Biz qərardan apelyasiya şikayəti də verəcəyik. Sona qədər mübarizə aparacğıq”.
Sakinlər bildirirlər ki, problemi həll etmək üçün 120 ailə Prezident Administrasiyasına yürüş edəcək. Onlar Ilham Əliyevdən prezidentin ehtiyat fondundan 1 milyon manat ayırıb Kərəm Həsənova, Səbirə Yaqubovaya, Nəsib Məhməliyevə və Eldar Quliyevə verməsini xahiş edirlər: “Bəlkə bundan sonra onlar verdikləri pulu alıb, bizdən əl çəkərlər”.
Ramin DEKO