Beynəlxalq Bankın prezidenti başqasının əmlakını ələ keçirmək üçün ilginc üsullara əl atıb
Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyevin “Kainat” ASC vasitəsilə müdhiş maxinasiyası ilə bağlı ilginc məlumatlar əldə etmişik. Həmin məlumatlardan bəlli olur ki, Cahangir Hacıyev ASC-nin əmlakını ələ keçirmək üçün ən müxtəlif üsullardan istifadə edib. Ötən saylarımızda biz ASC-nin səhmdarlarından olan Şahin Əlizadəyə istinadən bu barədə qısaca məlumat vermişdik.
Bildirmişdik ki, Cahangir Hacıyev şəriki, “Kainat” ASC-nin 73 faizinə sahib olan “Pərvanə” MMC-nin sahibi Xəqani Bəşirovla birgə Beynəlxalq Bankın Şəki filialından cəmiyyətin adına 4 milyon manat kredit götürüb.
Kreditlərin qaytarılmasına təminat kimi “Kainat”ın əmlakı banka girov qoyulub. Kredit götürülən 4 milyon manatdan yalnız 1 milyon manatı ASC-yə yatırılıb. Yerdə qalan 3 milyon manat isə mənimsənilib. Cahangir Hacıyev-Xəqani Bəşirov cütlüyünün rəhbərliyi altında alınıb xərclənən vəsaitlərə görə minor səhmdarlardan bəziləri öz əmlakları ilə məsuliyyət daşımağa etiraz edərək məhkəməyə müraciət ediblər. Məhkəmə zamanı bəlli olub ki, “Kainat” ASC-nin idarə heyətinin sədri heç bir girov müqaviləsinə imza atmayıb.
Bu dəfəki məlumatlarda isə bildirilir ki, “Kainat” ASC-nin idarə heyətinin sədri Teymur Musayev cəmiyyətin banka girov qoyulmasının mümkün olmadığını bildirib. Idarə heyəti səhmdarları ümid edib ki, ASC banka girov qoyulmayıb. Lakin sonradan girov müqaviləsi səhmdarların əlinə keçəndə onun Teymur Musayev tərəfindən imzalandığı aydın olub. Teymur Musayev həmin müqavilədən xəbərdar olmadığını bildirib. Beləliklə, bankın imzanı saxtalaşdırması üzə çıxıb.
Müqavilədə başqa maraqlı faktlar da üzə çıxıb. ASC-nin idarə heyətinin sədri tərəfindən qiymətləndirilən yenidən tikilən soyuducu anbarının qiyməti 87 min 264 manat müəyyən olunsa da, girov qoyularkən 21 min 544 manat göstərilib. ASC-yə məxsus digər əmlaklarla da eyni vəziyyətdir: Yenidən tikilən yarımfabrikat sexi 35 min 157 manat qiymətləndirildiyi halda 5 min 999 manat, ət-piy korpusu 109 min 346 manat qiymətləndirildiyi halda 3 min 794 man, iç məhsulları sexi 61 min 135 manat qiymətləndirildiyi halda 15 min 386 manat, inzibati 123 min 803 manat qiymətləndirildiyi halda 4 min 470 manat yeməkxana binası 101 min 198 manat qiymətləndirildiyi halda 3 min 690 manat, istehsalat binası 416 min 829 manat qiymətləndirildiyi halda 296 min 365 manat, şəkər sexi 229 min 469 manat qiymətləndirildiyi halda 167 min 53 manat və kolbasa sexi 148 min 320 manat qiymətləndirildiyi halda 97 min 891 manat göstərilib. Bu faktlar Cahangir Hacıyevin ASC-nin əmlakının ələ keçirilməsi üçün həyata keçirdiyi növbəti maxinasiyadır. Lakin ASC-nin səhmdarları vəziyyətlə barışmaq niyyətində deyillər. Onlar müvafiq qurumlara müraciət müqavilədəki imza saxtakarlığının və Cahangir Hacıyevlə Xəqani Bəşirovun ASC-ilə bağlı həyata keçirdiyi digər maxinasiyaların ciddi araşdırılmasını tələb edirlər.
Hikmət