“Ziyalılar Forumun növbəti böyük toplantısının vaxtını müəyyənləşdirmişik”. Bu barədə Modern.az saytına açıqlamasında Forumun təsisçilərindən olan politoloq Eldar Namazov deyib. O, bu ayın sonlarına planlaşdırılan toplantının gec keçirilməsini forumun əksər üzvlərinin xaricdə səfərdə olması ilə əlaqələndirib.
“Bizim böyük toplantılarımız adətən ayda bir dəfə keçirilir. Noyabr toplantımızı biz artıq keçirdik və onun cəmiyyətdə kifayət qədər böyük əks-sədası oldu. Növbəti toplantımız dekabr ayına planlaşdırılır. Sadəcə biz elə bir vaxt seçirik ki, Ziyalılar Forumunun əsas iştirakçıları Bakıda olsunlar. Bəllidir ki, Rüstəm İbrahimbəyovun xarici səfəri başlanıb, onun teatr yubileyi ilə bağlı həm Rusiya, həm Amerikada, həm də Avropada tədbirləri var. Formun digər bəzi üzvlərinin də xarici səfərləri var. Cəmil Həsənlinin xarici səfəri var. Mən özüm də gələn həftə Türkiyədə keçirləcək beynəlxalq tədbirə qatılıram. Ona görə də biz toplantının hamının Bakıda olacağı vaxta, yəni dekabrın sonlarına müəyyənləşdirmişik”.
E.Namazov böyük toplantıya qədər bir sıra konkret tədbirlər keçircəklərini də bildirib. Ancaq o qeyd edib ki, bu, Ziyalılar Formunun tam heyətinin toplantısı olmayacaq.
“Ancaq Ziyalılar Forumunun gənclərlə görüşü olacaq, konkret tədbirlər keçirləcək. Böyük toplantı isə dediyim kimi, dekabrın sonunda olacaq”.
Forumun müzakirə edəcəyi məsələlərə gəlincə, Eldar Namazov bunun toplantıdan öncə koordinasiya şurasında müəyyənləşəciyini söyləyib. Onun sözlərinə görə, dekabrın ortalarında böyük toplantının tarixi və orada hansı məsələlərin müzakirə olunacağı bilinəcək.
“Toplantının öncə koordinasiya şurası toplanır. Bəzi ziyalılarımızı dəvət edəcəyik və burada növbəti iclasın mövzuları müəyyənləşdiriləcək. Bu proses hələ qabaqdadır. Hər dəfə biz çalışırıq ki, cəmiyyət üçün ən aktual olan məsələləri qaldıraq. Ona görə də bizim müəyyən bir planınımız var, mövuzlar da az deyil. Ancaq konkret olaraq bu ayın sonundakı mövzunu biz dekabrın ortalarında müəyyənləşdirəcəyik”.
Xatırladaq ki, Ziyalılar Forumu noyabrın 4-də milli birlik mövzusunda toplantı təşkil etmişdi. Toplantıya akademik Rafiq Əliyev sədrlik etmişdi. Ziyalılar Forumunun hakimiyyəti Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarına əməl olunmasına diqqət yetirməyə çağırıması qarşı tərəfdən sərt təpki ilə qarşılandı. Həmin toplantıda qaldırılan məsələlərdən sonra R.Əliyev çalışdığı Neft Akademiyasındakı vəzifəsindən – kafedra müdirliyindən çıxarıldı və cəmiyyətdə “ziyalı qarşıdurması” alovlandı…