«Konkret addım atılmasa, adada iki dövlətin yaranacağı qaçılmaz olacaq»
Elxan Şahinoğlu: «Kipr məsələsi həll olunmadan Türkiyə ilə Avropa Birliyinin münasibətləri inkişaf etməyəcək»
Kiprin yunan icmasının 2012-ci ildə Avropa Birliyinə sədrlik etməsini Türkiyə etirazla qarşılayıb. Prezident Abdulla Gül Ingiltərə səfərindən qayıdarkən Avropa Birliyinə ismarıc ünvanlayıb. Türkiyə prezidenti bildirib ki, Kipr məsələsində 2012-ci ilin ortalarına qədər konkret addım atılmayacağı təqdirdə adada iki dövlətin yaranacağı qaçılmaz olacaq. Prezident Ingiltərənin Kipr məsələsinin çözülməsində qarant dövlət olaraq hərəkətə keçməsinin vacibliyini də vurğulayıb. Onun sözlərinə görə, əgər Ingiltərə bu məsələdə səmimidirsə, indi sözünü deməlidir. Əks halda adada iki dövlət olacaq və onlar bunu tanımağa məcbur olacaq.
Türkiyə prezidentinin açıqlaması Ankaranın bu məsələdə qəti mövqedə olduğunu göstərir. Bu halda Türkiyənin Avropa Birliyi ilə münasibətlərdə hansı addımları atacağını gözləmək olar?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Abdulla Gülün mövqeyində haqlı olduğunu və Avropa Birliyinə həqiqətən də tam olmayan bir dövlətin başçılıq edəcəyini bildirdi: “Əslində Avropa Birliyinə yarım dövlət başçılıq edəcək. Çünki Kipr problemi həll olunmayıb. Hazırda adada faktiki olaraq iki dövlət var. Avropa Birliyi Türkiyəyə belə bir vəd vermişdi ki, türklər referenduma müsbət cavab versələr, bu məsələyə yenidən baxa və vahid Kipri quruma üzv edə bilərlər. O zaman türklər referendumda buna razılıq versə də, yunanlar ”yox” dedi. Buna baxmayaraq, Avropa Birliyi yunanların tərəfini tutdu və Abdulla Gül söylədiyi kimi, yarım dövləti Avropa Birliyinə üzv etdilər”.
Ekspert artıq Kipr probleminin həlli ilə bağlı danışıqların faktiki olaraq dondurulduğunu, heç bir irəliləyişin əldə edilmədiyini də vurğuladı: “Türkiyə yaranmış vəziyyətə etiraz əlaməti olaraq danışıqlar prosesini sürətləndirmədi. Indi də Kiprin yunan icmasının Avropa Birliyinə başçılıq etməsinə etiraz kimi həmin müddətdə Avropa Birliyi ilə üzvlük məsələsində danışıqları donduracaq. Bu onun haqqıdı”.
Ekspertin sözlərinə görə, Ankara digər addımlar da atmaq niyyətindədir. Artıq Türkiyə türk Kiprinin ərazisindən müəyyən neft və qaz araşdırmaları aparır, bəzi anlaşmalar əldə edilib. Bununla da Avropa Birliyinə göstərir ki, Kipr məsələsi həll olunmadan Türkiyə ilə bu qurumun münasibətləri inkişaf etməyəcək.
Fizzə