Britaniya mediasında Azərbaycanla bağlı daha bir qalmaqal
Britaniya mediasında Azərbaycana dair daha bir qalmaqallı məsələ gündəmə gəlib. «The Daily Mail» qəzetinin yazdığına görə, qalmaqalın mərkəzində kral ailəsinin üzvü, Yorq hersoqu şahzadə Endrüdür.
Şahzadə Endrünün adı Azərbaycanla əlaqələrinə görə tez-tez bu ölkə mediasında çəkilir və tənqid olunur. Bu dəfə isə məlum olub ki, Endrü ötən həftə bəzi Yaxın Şərq ölkələrinə kral ailəsinin təmsilçisi statusunda rəsmi səfərə yola düşüb. Lakin təyin olunmuş vaxtda ora gedib çıxmayıb və düz dörd gün ərzində «yoxa çıxıb». Qəzetin yazdığına görə, səfər proqramına görə şahzadəni Qətərdə gözləyirdilər. Lakin o həmin ölkəyə ancaq ötən bazar günü, yəni noyabrın 27-də gedib çıxıb.
Bildirilir ki, Britaniyadan dəbdəbəli şəxsi təyyarəsində yola çıxan şahzadə həmin müddət ərzində Azərbaycanda «məxfi səfərdə» olub. Onun həmin müddət ərzində Bakıda olduğu barədə «The Daily Mail» xəbər tutub. Proqramma görə, şahzadə Qətərdən sonra Birləşmiş Ərəb Əmirliklərinin abu Dabi şəhərinə getməliydi.
Şahzadəni səfərdə şəxsi köməkçisi və təhlükəsizlik xidməti əməkdaşları müşahiət edir. Şahzadənin nümayəndəsi qəzetə açıqlamasında endrunun Azərbaycanda olduğunu təsdiqləyib, lakin deyib ki, bu səfərin detalları ilə bağlı açıqlama verə bilməz. Çünki məlumat məxfidir. Bununla belə şahzadənin təmsilçisi onun Azərbaycana səfərinin Britaniya büdcəsindən maliyyələşmədiyini qeyd edib.
Qəzet yazır ki, şahzadənin Azərbaycanda biznes maraqlarının olduğu, onun Xəzər sahillərində elitar qolf-kurort açıdığı barədə məlumatlar var. Lakin Bukinqem sarayı bu məlumatı təsdiq etmir. Bununla belə, Endrünün Azərbaycana tez-tez səfər etməsi Britaniyada kəskin tənqid olunur. Bildirilir ki, kral ailəsinin üzvü insan haqlarının pozulduğu ölkə ilə bu cür özəl əlaqələrə malik olmalı deyil.
“Yeni Müsavat”