Svante Kornell: «Rusiya hər iki tərəfin zəifliyini istəyir, Qafqazda üstünlük qazanmağa çalışır»
Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz Institutunun direktoru, Təhlükəsizlik və inkişaf siyasətinin öyrənilməsi üzrə Stokholm Institutunun həmtəsisçisi və direktoru Svante Kornell APA-ya müsahibə verib.
– Prezidentlərin Kazan görüşündən sonra Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi dalana dirəndi. Sizcə, münaqişənin həlli prosesində durğunluq nə qədər davam edəcək?
– Fikrimcə, gələcəkdə danışıqlar prosesində əhəmiyyətli dəyişiklik ediləcəyi və ya əhəmiyyətli prosesin başlanacağına heç bir işarə yoxdur.
Mən Kazan görüşünün hansısa nəticə verəcəyinə inanmırdım. Indi isə münaqişənin həlli beynəlxalq miqyasda təxirə salınıb. Nə tərəflər, nə vasitəçilər, nə də başqa biri münaqişənin həlli üçün ciddi cəhd göstərir.
– Minsk Qrupunun timsalında beynəlxalq vasitəçilərin münaqişənin həlli prosesində tutduğu mövqenin yanlış olduğunu demək olarmı?
– Fikrimcə, həmsədrlər məsələyə müxtəlif perspektivlərdən yanaşırlar. Rusiyanın münaqişədə aydın və birbaşa marağı var. Rusiya hər iki tərəfin zəifliyini istəyir, Qafqazda üstünlük qazanmağa çalışır. Azərbaycan güclü ölkə olduğu üçün, Rusiya daha çox Ermənistana meyl edir. Prinsipcə, bu, çox praqmatik siyasətdir. Fransa və ABŞ-ın siyasətinə nəzər yetirsək, məncə, onların bu qədər qeyri-obyektiv olmadığını görərik. Həqiqətən, Azərbaycan obyektivliyin olmadığından şikayətlənir, Ermənistanda isə deyirlər ki, həmsədr dövlətlər Azərbaycanın ərazi bütövlüyünü müdafiə edir, buna görə də qeyri-obyektiv mövqe tuturlar. Fransa və ABŞ-da lobbi təsiri var, amma ABŞ-da bu, Konqresin məsələsidir.
– Rusiyanın münaqişədəki rolunu Moskva ilə Irəvan arasında hərbi əməkdaşlıq perspektivi baxımından qiymətləndirmək olarmı?
– Əlbəttə, hərbi baza və ikitərəfli saziş var. Eyni zamanda onlar Azərbaycana da silah satırlar. Mən həmişə deyirəm ki, onlar Ermənistana silahı ucuz qiymətə, Azərbaycana isə baha satırlar.
– Regiona son səfərləri zamanı həmsədrlər hər iki tərəfə yeni variantlar təklif etmişdilər. Sizcə, bu təkliflər prosesdə yaranmış çıxılmaz vəziyyətin həllinə kömək edə bilərmi?
– Yox, çünki həmsədrlər təcrid olunmuş vəziyyətdə işləyirlər, onların siyasi kapitalı yoxdur. Mühüm nəticənin əldə olunması və dalandan çıxmaq üçün ciddi beynəlxalq səylər lazımdır. Həmsədrlər orta səviyyəli diplomatlardır, onların heç birinin yüksək vəzifəsi yoxdur. Mən əminəm ki, onlar çox bacarıqlı diplomatlardır, amma hələ də karyeralarının orta mərhələsindədirlər. Onlar, məsələn, ABŞ-ın Yaxın Şərq, Şimali Koreya və ya Əfqanıstana göndərdiyi diplomatlar səviyyəsində deyillər. Beynəlxalq vasitəçilər ölkələrinin prezidentlərinin xüsusi nümayəndəsi statusuna malik olmalıdırlar. Diplomatın münaqişə həllində təcrübəli olması regiona bələd olmasından daha vacibdir, onun danışıqların vəziyyətini yaxşılaşdırmaqla yanaşı, həm də siyasət yürütmək səlahiyyəti olmalıdır. Yalnız bu şəraitdə əhəmiyyətli irəliləyiş əldə etmək mümkündür.
– Bu il Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi. Bu, münaqişənin həllinə töhfə verə bilərmi?
– Məncə bu, münaqişənin həllinə birbaşa kömək etməyəcək. Bunun prosesə dolayısı təsiri ondan ibarət ola bilər ki, Azərbaycanın regionda və dünyada nüfuzu artır və məsələni Təhlükəsizlik Şurasına çıxarmağa imkan əldə edə bilər.
Real siyasət baxımından götürdükdə, bu, hər hansı bir effektiv nəticə əldə etmək üçün istifadə oluna bilər, amma məncə vəziyyəti dəyişməz. Ən ciddi problem ondadır ki, Qərbin Cənubi Qafqazla bağlı strategiyası zəifdir.
– Sizcə, Avropa Birliyi Qarabağ prosesində niyə aktiv deyil?
– Məncə, bunun bir neçə səbəbi var. Birincisi, Fransa digər Avropa ölkələrinə güzəştə getmək istəməyərək, ABŞ və Rusiya ilə birlikdə Minsk Qrupunda üstünlüyünü saxlamağa çalışır. Digər səbəb isə Avropa Birliyinin daxili problemləri ilə bağlıdır: maliyyə və iqtisadi çətinliklər Avropa Birliyinin mövcudluğunu sual altında qoyub, belə bir vaxtda Şərq qonşuluğu məsələləri ilə məşğul olmaq məqsədə uyğun deyil. Yaxın bir neçə ildə çox şey gözləyə bilmərik, əlbəttə ki, regionda beynəlxalq birliyi hərəkətə keçməyə məcbur edən böhran baş verməsə… Üçüncü səbəb isə budur ki, Qarabağ məsələsi yorucu xarakter alıb. Vaxt gedir, “status-kvo” isə get-gedə qəbul edilən olur. Lakin münaqişə dondurulmayıb, problem də bundadır. Son iki ildə ABŞ Azərbaycana işarə vurub ki, bu məsələ prioritet deyil və yaxın gələcəkdə prioritet olması da gözlənilmir. Azərbaycan isə seçim qarşısında qalıb, ya bu vəziyyəti qəbul etməli, ya da Bakının indi etdiyi kimi, münaqişəni gərginləşdirməlidir.
– Sizcə, bu vəziyyət regionda yeni müharibəyə gətirib çıxara bilərmi?
– Əlbəttə. Amma müharibənin qarşısını almaq onun başlanmasına imkan verməkdən daha asan və ucuz başa gəlir. Gürcüstanda da belə oldu. Avropa Birliyi Gürcüstan iqtisadiyyatına üç milyard dollar vəsait qoymağa və böyük miqdarda siyasi kapital sərf etməyə məcbur oldu. Əgər bu vəsaitin yarısı müharibədən əvvəl sərf edilsəydi, yəqin ki, müharibənin qarşısını almaq mümkün olardı. Beynəlxalq birliyin nə etməli olduğu bir, nə etdiyi isə başqa şeydir.