Əlində arqumenti olmayan “Yeni Azərbaycan” əlacsız durumda təhqirə keçib
“Yeni Azərbaycan” son sayında “Azadlıq” qəzetinin ünvanına təhqir və böhtan dolu məqalə dərc edib. “Azadlıq”ı erməni təbliğatının ruporuna çevrilməkdə ittiham edən müəllif hesab edir ki, qəzetimiz ermənilərin dəyirmanına su tökməklə məşğuldur: “Azadlıq” ermənilərin Azərbaycana qarşı informasiya mübarizəsində əsas vasitələrdən birinə – erməni təbliğatının ruporuna çevrilib. Azərbaycan ictimaiyyəti daxilimizdə oturmuş ermənilərdən də məkrli düşmənlərin azğın fəaliyyətinə nə vaxtacan dözməlidir? Biz “Azadlıq” qəzetinin timsalında “daxili düşmən” terminini leksikonumuza daxil etməli, ermənilərlə yanaşı, “Azadlıq”ın da apardığı antitəbliğat işlərinə qarşı mübarizə aparmalı olacağıq… “.
“Yeni Azərbaycan”ı qəzəbləndirən səbəb “Azadlıq” qəzetində “Eurovision” yarışması ilə bağlı dərc olunan tənqidi məqalələrin Ermənistan mətbuatında yer almasıdır.
Halbuki bu gün “Azadlıq” qəzetinə dünyanın bütün nüfuzlu nəşrləri – ABŞ, Fransa, Ingiltərə, Türkiyə mətbuatı istinad edir. Təbii ki, bu nəşrlər də yalan məlumat yayan bir qəzetə heç bir halda istinad etməzlər. Əgər “Yeni Azərbaycan” qəzetinin tərifləri “Azadlıq”ın tənqidləri kimi, dünya nəşrlərində yer almırsa, bunun günahını bizdə yox, özlərində axtarsınlar. “Yeni Azərbaycan” isə arqumentsizlikdən həmin məqalələrdəki məlumatları dezinformasiya kimi qiymətləndirərək “Azadlıq”ı milli ruhdan və hisslərdən məhrum olunmuş azğın adlandırıb. Məqalədə bir sıra təhqiredici və alçaldıcı ifadələr də yer alıb ki, etik qaydaları pozmamaq və oxucularımıza hörmət adına onları təqdim etmirik. Amma yazının dərcindən dərhal sonra “Azadlıq”ın rəhbərliyi Mətbuat Şurasına müraciət edərək məlum məqalənin qurumun müzakirəsinə çıxarılmasını tələb edib. Şuranın sədri Əflatun Amaşov da məsələyə yazı ilə tanış olandan sonra reaksiya verəcəyini bildirib.
Böhtan və təhqir iddiası ilə addımbaşı Mətbuat Şurasına müraciət edən YAP rəhbərliyi isə nədənsə öz tabeliyində olan qəzetin yazdıqlarına səsini belə, çıxarmayıb. Belə çıxır ki, YAP üçün təhqir və böhtan ancaq özlərinə lazım olanda jurnalist etikasının pozuntusu sayılır.