Araz Əzimov hakimiyyətin yaratdığı maneələri mücərrəd ölkələrin üstünə yıxır
Azərbaycan hökuməti növbəti dəfə NATO-dan narazılıq etmək üçün “əsas” tapıb. Xarici işlər nazirinin müavini Araz Əzimov məsələ ilə bağlı ittihamedici mövqedən çıxış edib: “NATO-da konkret bir-iki ölkə dar siyasi, qərəzli mövqedən çıxış edərək, qurumla Azərbaycan arasında imzalanmış Fərdi Əməkdaşlıq üzrə Fəaliyyət Planının üçüncü mərhələsinin təsdiqlənməsini gecikdirir. Bu vəziyyət isə bizim əl-qolumuzu bağlayır”.
Ola bilsin ki, Azərbaycan hökuməti öz əl-qolunu elə özünün sarıdığını görmür. NATO ilə münasibətlərin tarixini araşdırarkən görürük ki, bu qurumun Azərbaycana olan diqqəti Azərbaycanın bu təşkilata olan marağı ilə heç adekvat deyil. NATO 2010-cu ildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul edib. Dəfələrlə Azərbaycan Ordusunun sıra nizamnaməsini və hazırlıq səviyyəsini islahatlar yolu ilə öz standartlarına yaxınlaşdırmaq üçün proqramlar təklif edib. Azərbaycan hökuməti isə bunun qarşısında “baxarıq”, “uyğun deyilik” kimi bəyanatlar verib. Rusiya gözünü ağartdıqca əsib. Və ya başqa cür desək, Rusiyanın ətəyini buraxa bilməyib. Onun da öz siyasi səbəbləri var, təbii ki.
NATO-nun Cənubi Qafqaz dövlətləri – Azərbaycan, Gürcüstan və Ermənistanla əməkdaşlığı əsasən “Sülh naminə tərəfdaşlıq”, “Fərdi tərəfdaşlıq üzrə fəaliyyət planı”, həmçinin, “Planlaşdırma prosesi və analiz” proqramları əsasında həyata keçirilir. Həmin sənədlərdə tərəfdaş ölkələrin Şimali Atlantika Alyansı ilə müdafiə, təhlükəsizlik və hərbi siyasət sahələrində islahatlara dair məsləhətlərin aparılması üzrə məqsəd və niyyətləri müəyyən olunub. Bu ölkələrdən yalnız biri – Gürcüstan NATO ilə intensiv proqramlar həyata keçirir. Azərbaycan isə dəfələrlə NATO ilə təlimləri və təhlükəsizlik məsləhətləşmələrini təxirə salıb. Çünki NATO bəzi tədbirlərini təkcə hərbi deyil, həm də siyasi paketinə uyğun olaraq aparmaq zorundadır. Bu isə inkişaf etmiş standartlara cavab vermək tələbi olduğundan Azərbaycan hökuməti, sadəcə, imtina etmək yolunu tutur. Nəticə etibarilə münasibətlər zədələnir.
NATO illərdir formalaşan prinsiplərini Azərbaycan hökumətinə görə poza bilməz. NATO-nun başlıca prinsiplərindən biri azad seçkidir. Azərbaycanda isə hələ ki, bu kriteriyaya heç hazırlıq üzrə belə, fəaliyyət yoxdur. Göründüyü kimi, biz NATO-ya lazım olmasaq da, NATO bizə lazımdır, amma hökumətə yox.
Analitik şöbə