Bu ölkədə gənclər niyə özünü öldürür?
2015-ci ilin ədəbiyyat üzrə Nobel mükafatçısı Svetlana Alekseyeviçin fikrincə, post-sovet ölkələrindən olan insanlar tək mövcud ola bilmirlər, bu onların gücündə deyil: “Çünki onlar anadan olur və hansısa kolletivlik ruhunda böyüyürlər”.
Xoşbəxtlikdən məhrum olanlar
Uşaqlığımın müəyyən qismi sovet dövrünə, daha sonra isə müharibə şəraitinə təsadüf etdiyindən, həmçinin sovet sərhədləri çərçivəsində böyümüş nəslin nümayəndələrilə ünsiyyətdə böyüdüyümdən əmin olduğum bir həqiqət var: sovet insanı mənəvi cəhətdən heç vaxt azad ola bilmədiyi kimi, xoşbəxt də ola bilməyib. Hər zaman kollektiv rəyi nəzərə alaraq, qəlbindəki şəxsi duyğu, istəklərini dəfn edərək yaşamağa məhkum olub.
Azərbaycan da məhz post-sovet ölkəsi kimi kollektiv uğrunda təbliğat maşınının qaydalarına fokuslanan sistemə tabe olduğundan, təbii ki, mənəvi azadlıqdan məhrum bütöv bir nəsil yetişdirmişdi. Müstəllik əldə etsək də, sovet rejimindən qurtulan millət azad düşüncə sahibi olmağa, mənəvi cəhətdən azad yaşamağa meyl etmədi. Əsla! Yaşlı və orta nəslin nümayəndələri müstəqil düşüncəli, yenilikçi, azad, alternativ seçim etməyə can atan gənc nəsli heç vaxt qəbul etmədi. Əksinə, hər zaman geriyə – sovet kollektivçilik ruhuna fokuslanaraq böyümüş nəsildən nümunə götürməyə səslədi. Yeni düşüncə sahibi olmaq istəyən gənc nəsil də odla-su arasında – qərarsızlıq panelində var-gəl etdi. Indi də edir. Çünki bizi böyüdən valideynlərimiz, valideynlərimizin valideynləri mənəvi azadlıqdan, şəxsi xoşbəxtlikdən məhrum insanlar idi…
İntiharlarla bağlı dəhşətli statistika
Sovetdənqalma ideyaların təbliğat töküntülərinə ikiəlli sarılıb övladlarını özlərinə bənzətməyə çalışan ata-anaların, maddi yoxsulluğun, işsizliyin, məmur özbaşınalığının yaratdığı süni problemlər fonunda gənc nəslin mənəvi deqradasiyası sürətləndi. Nəticədə intihar hallarının göstəricisi ildən-ilə yüksəlməyə başladı. Keçmiş zamana dönmək niyyətində deyiləm, gəlin elə son 10-12 gündə ölkə mətbuatında əksini tapan intihar sayına nəzər salaq:
2015-ci il noyabrın 23-dən dekabrın 4-nə qədər 7 intihar hadisəsi baş verib. Bu, dəhşətli fakt, həyəcan siqnalı deyilmi?! Mən hansısa cinayət, qəza prosesindən, borca görə qətldən deyil, məhz özünü öldürmə cəhdindən danışıram. Intihar edənlərin adlarını yazmadım, çünki yazımın məqsədi fərqlidir.
Təxminən on gün ərzində istər beynəlxalq aləmdə, istərsə də vətəndaşı olduğumuz ölkədə baş vermiş hadisələr kifayət qədər gündəmdə oldu. Nəinki Rusiya-Türkiyə münasibətləri, həmçinin Nardaran hadisələri fonunda sosial şəbəkələr də daxil olmaqla, ziyalıdan tutmuş, süfrə ətrafında əyləşən sadə vətəndaşadək hər kəs özünəməxsus şərhetmə mövqeyini sərgilədi.
Lakin bu on gündən artıq müddətdə ölkə mətbuatındakı hansısa yazı və ya sosial şəbəkələrdəki müzakirələrdə baş vermiş intihar hadisələrinə ciddi münasibətə rast gəlmədim. Sosial şəbəkələrdə də sadəcə, intihar qurbanlarının ünvanına “Allah günahlarından keçsin” tərzində biganə münasibət sərgiləyən istifadəçi rəylərilə məsələyə vətəndaş münasibəti də bəlli mövqedə əksini tapmış oldu.
Onların ölümündə hər birimizin günahı var?
Intihar qurbanlarının yaşına nəzər saldıqda isə mənzərə daha üzücü idi. Banka borcu olduğu üçün maşını zorla əlindən alındığına görə özünü yandıran gənc 1981, dərdini deməyə adam tapmayıb, boşanmaqdansa ölməyi üstün tutan azyaşlı uşaq anası 1990, Tibb Universitetinə 5 akademik borcu olub, tək istəyi öz həyatını yaşamaq olan tələbə 1993, işsiz yaşamağa dözməyib ölümə içki ilə ağrısız sarılacağını düşünən fəhlə 1987-ci il təvəllüdlü idi…
Göründüyü kimi, baş vermiş intihar halları təəssüf ki, sosial problemlər, işsizlik və ailə münasibətlərində psixoloji dəstəkdən məhrum insanların çarəsiz durumlarından qaynaqlanır. Biz insan olaraq mənəvi cəhətdən azad düşünə, problemlərimizi sadə həyat həqiqətləri kimi qəbul etməyi, ən əsası gülümsəməyi, özümüzə güvənməyi bacarmırıq. Məhz bu səbəblərdən bizi harınlığı və özbaşınalığı ilə boğaza yığan məmura etirazımızı intiharla bildirir, boşanmış və ya tənha qadın olaraq, el qınağıyla, qohum-qardaş təzyiqi altında, iqtisadi və mənəvi müstəqillikdən məhrum həyat yaşamaqdansa ölməyi üstün tuturuq. Biz düşüncələrimizi yazılmamış tabu “qanunlar”dan təmizləyə bilmirik.
Məhz ölkəmizdə intihara cəhd edənlərin əksəriyyəti (xüsusən də son günlərdəki intihar halları) həyatın hər cür dadını dadıb yaşamağa qeyri-adi xoşbəxtlik tapmadıqları üçün deyil, mənəvi, iqtisadi tənəzzülə məruz qaldıqları, sosial problemlərin doğurduğu ümidsizlik labirintində boğulduqları üçün ümidsizləşib bu addımı atırlar.
Azərbaycan insanının intiharı təkcə intihar edənin qərarı deyil, onu buna sövq edən zəncirvari səbəblərin arxasında dayanan mənəvi azadlıqdan məhrum insanların “əməyi” də rol oynayır. Deməli, son günlər intensivləşən bu prosesdə hər birimiz müəyyən dərəcədə günahkarıq.
Pərvanə Rəhimli