Nemət Əliyev: «Sahibkarlar sıxışdırılırsa, onda qeyri-neft sektorundan büdcə daxilolmalarını necə artırmaq olar?!»
Bir neçə gündür ki, vergi qaydalarının sərtləşdirilməsi çərçivəsində vergi məbləğləri ilə yanaşı, cərimələr də artırılıb. Dövlət başçısı Ilham Əliyev 2016-cı ilin dövlət büdcəsi paketinə daxil olan sənədləri, o cümlədən Vergi Məcəlləsinə dəyişiklikləri də təsdiqləyib. Bu dəyişikliklər gələn ilin əvvəlindən qüvvəyə minəcək. Ağır vergi yükünün sahibkarlara, xidmət sektorunda çalışanlara hansı “sürpriz”i edəcəyini ehtimal etmək elə də çətin deyil. Belə bir vəziyyətdə vergi qaydalarında məlum dəyişiklik, ağırlaşdırmalar nə vəd edir?
Nəzərdən qaçırmaq olmaz ki, neftin günü-gündən ucuzlaşması fonunda dövlət büdcəsinin, Neft Fondunun və ölkənin bütün gəlirlərinin kəskin şəkildə aşağı düşəcəyi proqnozlaşdırılır. Elə iqtisadçı-ekspert Nemət Əliyev də deyir ki, büdcədə böyük bir boşluğun yaranacağı qaçılmazdır. Nəticədə büdcə qarşısında olan öhdəlikləri yerinə yetirmək çox çətinləşəcək: “Hökumət təəssüf ki, ən primitiv və sadə vasitələrə əl atmaqla, vəziyyəti düzəltmək istəyir. Dərhal vergiləri qaldırmaq haqqında düşünür. Halbuki, vergi yükünün ağırlaşdırılması, sanksiyaların sərtləşdirilməsi hər bir halda, sahibkarlıq fəaliyyətilə məşğul olanlara çox ciddi zərbədir. Belə bir vəziyyət sahibkarları nisbətən sərbəst maliyyə vəsaitlərindən məhrum edir. Həmçinin dövriyyənin artırılması istiqamətində əlavə maliyyə vəsaitlərinə olan ehtiyaclarının ödənilməsi sahəsində ciddi problemlərlə üz-üzə qoyur. Hökumət vergi yükünü artırmağı qarşısına məqsəd kimi qoyubsa, sahibkarların sıxışdırılması şəksiz olacaq. Sahibkarlar sıxışdırılırsa, onda qeyri-neft sektorundan büdcə daxilolmalarını necə artırmaq olar?! Təcrübə göstərir ki, bu, mümkün olmayacaq. Ötən ilin sonlarından, neftin qiyməti aşağı düşməyə başlayandan sonrakı dövrdə qeyri-neft sektorunu inikişaf etdirməyin hava, su kimi lazım olması barədə çoxlu çağırışlar olub. Dövlətin büdcəsi neftdən asılı vəziyyətə düşübsə və neft də kəskin ucuzlaşıbsa, o zaman büdcədə əmələ gələn problemləri qarşılamaq mümkün olmayacaq. Iri infrastruktur layihələrindən, investisiya proqramlarını həyata keçirməkdən isə söhbət gedə bilməz”.
Hökumətin gələn ilin dövlət büdcəsini yerinə yetirməkdə çox ciddi problemlərlə üz-üzə qaldığını deyən ekspertin fikrincə, bundan sonrakı dövrdə vəziyyət daha da ağırlaşacaq: “Indi yanlış davranışlardan əl çəkmək əvəzinə, hökumət vergi yükünü artırmaq istəyir. Belə addım isə çox yanlışdır. Yeganə sanballı yol qeyri-neft sektorunu inkişaf etdirməkdir. Sahibkarlığın inkişafını əngəlləyən, həmin yoldakı bütün maneələri dəf etmək lazımdır”.
Nemət Əliyev deyir ki, sahibkarları təzyiq altına salmaq və onlara digər metodlar tətbiq etmək yolverilməzdir. Vergi yükünün ağırlaşdırılmasını mənfi hal hesab edən ekspert, bunun fəsadlarının kifayət qədər böyük olacağını vurğulayır. O, vergi yükünün ağırlaşdırılmasının qeyri-neft sektorunda çox mənfi nəticələrə gətirib çıxaracağını qeyd edərək, indiki halda əksinə, vergi yükünün azaldılmasını daha məqbul sayır.
Nigar