Bütün ölkənin diqqəti Nardaran kəndinə köklənib. Dünən Daxili Qoşunlar və silahlı dəstələr kəndə girdi, yaşayış məntəqəsi dörd tərəfdən mühasirəyə alındı və deyilənə görə, evlərdə kütləvi axtarışlar aparılır, əməliyyatlar həyata keçirilir. Halbuki, bütün olanlara rəğmən bir gün öncə kənd camaatı meydanı boşaltmış, etiraz aksiyalarını dayandırmışdı. Hamı gözləyirdi ki, bu cür addımın adekvat cavabı olaraq dövlət də kəndin işığını, qazını, suyunu bərpa edəcək. Amma əvəzində kəndə qoşun yeridildi.
Gözlənilməz deyildi, fəqət bir daha təsdiq olundu ki, yalan və oğurluq üzərində dayaqlanan bu rejim öz vətəndaşına yağı düşmən kimi davranır.
Hər cür bəhanələr, real olan və olmayan səbəblər də dövlətə bu haqqı vermir. Dövlət bütün hallarda öz vətəndaşına ədalətli münasibət bəsləməlidir. Dövlət hər zaman qanunlara əməl edərək, şəffaflığı təmin edərək, xalqa gerçək məlumatlar verərək, adekvat addımlar atmalıdır.
“Dindarlar Irana bağlıdır” mülahizəsi heç bir halda ədaləti və qanunları pozmağa, vətəndaşla amansız davranmağa əsas ola bilməz. Hər kəsin əməli əsaslı, qanunlara uyğun olaraq, onun hüquqları qorunaraq, qərəzsiz sübuta yetirilərək mühakimə edilə bilər. Heç kəs, hətta ən qatı cinayətkar belə şərlə, yalanla, böhtanla, qurama əməliyyatla mühakimə edilə bilməz. Bu əməllərə yol verən dövlət şər yuvasına dönür və xalqın bəlasına çevrilir, ona zülmdən başqa heç nə vermir, Irandan heç nə ilə fərqlənmir.
Illərdir ölkədə fəallar və hakimiyyət tənqidçiləri şərlənir, həbs olunur, cinayətkar elan olunur. Dindarları evinə silah və narkotik ataraq tuturlar. Bütün bunlardan sonra bu hakimiyyətin sözünə və ədalətinə kim inana bilər?
Elə indi də ən sadə suallar hər şeyi deyir:
– Nə üçün hələ də insanların öldüyü Nardaran əməliyyatı barədə görüntü və sübutlar ortaya qoyulmur?
– Nə üçün həbs olunanlar vəkillə təmin edilmir, yaxud onların vəkilləri ilə görüşü baş tutmur?
– Nə üçün kənd ağsaqqallarının meydanları boşaltmaq qərarına adekvat cavab verilmədi?
Bu suallar sübut edir ki, son günlərdə Nardaranda baş verənlərdə heç bir xarici məsələ yoxdur. Bu tamamilə daxilə hesablanmış qanlı hədə-qorxu əməliyyatıdır. Açıq şəkildə siyasi mesaj verirlər: “Hər kəsi əzərik, hamı yerində otursun!”
Məsələ bununla da bitmir. Ölkədə iqtisadi durum dəhşətli bir böhrana qədəm qoyur, inkişaf nağılları “neft daşlarına” dəyərək dağılıb, hakimiyyət xalqdan və beynəlxalq aləmdən dayaqlarını itirib. Ağır duruma düşən xalqın gözündə bu hakimiyyətin heç bir dəyəri qalmayıb. Ona görə də bu dəfə hədə-qorxu əməliyyatı təkcə repressiv xarakter daşımır. Rejim xalqa yeni mesaj verir, özünün yeni “dəyər”ini təqdim edir: “Baxın, biz olmasaq, dindarlar gələr hakimiyyətə, sizi məhv edər, hamını terrora məruz qoyarlar”.
Əvvəllər bu mesajı xaricə verirdilər. Amma artıq xaricdə bu çağırışlara inanan yoxdur. Xaricdə qərar budur ki, dini radikalizmin və terrorun qaynağı elə avtoritar hakimiyyətlərin zülmü, onların zərərli idarəçiliyi, korrupsiya və haqsızlığıdır. Bu dəfə “Biz olmasaq, qorxulu dindarlar gələr” mesajı xalqa yönəlib, ölkə daxilinə ünvanlanıb.
Hakimiyyətin təbliğat maşını son günlər dindarların xaricə, açıq desək, Irana bağlı olduğuna eyham vurur. Bəs Irana niyə əvvəllər Qərbə yönələn ittihamlar səslənmir? Iranlı deputatın fikirlərinə belə yalnız mətbuatın verdiyi suallardan sonra Z.Oruc və S.Novruzov cavab verir, o da təmkinli şəkildə. Doğrudanmı, Avropa və Qərbi Iran qədər də görmürlər? Özgə vaxt Avropanı və Qərbi necə asıb-kəsir, ən yüksək rəsmi səviyyələrdə və açıq şəkildə ittiham edirdilər.
Ilham Əliyev bütün çıxışlarında, hətta məktəblilər önündə bu cür ittihamlar səsləndirirdi. Nardaran olayı barədə isə bir kəlmə də danışmayıb! Əgər hər şey deyilən kimidirsə, Irana niyə cavab vermir?