…Yolun qurbanı olanlar
21 noyabr Dünya Yol qəzaları Qurbanlarının Xatirəsi günüdür
Birləşmiş Millətlər Təşkilatının qərarı ilə bu gün bütün dünyada qeyd edilir. “Tofaş” “Mercedes”lə toqquşdu: 2 ölü; Bakıda nazirlik işçiləri avtomobildə yanaraq ölüblər; “UAZ” ağaca çırpıldı: 1 ölü… – bu, 16 noyabrın tam olmayan statistikasından götürülüb. Hər gün onlarla belə məlumatla qarşılaşırıq. Yollar, avtomobillər hər gün dünyada minlərin həyatına son qoyur. Qəzada ölən və yaralananların əksəriyyəti də gənclər olur. Statistikaya görə, yol qəzaları dünyada hər gün 3 min 242 adamın ölümünə, 20-50 milyon adamın yaralanmasına səbəb olur. Hər il dünyada yol qəzalarında ölənlərin sayısa təxminən 1 milyon 200-1 milyon 300 min nəfərdir. Məhz buna görə də, Birləşmiş Millətlər Təşkilatı 2011-ci il mayın 11-də “Yol təhlükəsizliyi üçün fəaliyyət dekadası”na start verib. BMT Yol təhlükəsizliyi üzrə əməkdaşlıq qrupu dekada üçün yolları, maşınları daha təhlükəsiz etmək, sürücü və piyadaların davranışını yaxşılaşdırmaq üçün qlobal planını təqdim edib.
Ilin 9 ayında 712 ölü
Hər yeni model avtomobil həm də sahibinin düşməni sayıla bilər. Avtomobillər artdıqca, ölümlərin də sayı artır. Düzdür, bəzi ölkələrdə bu göstərici – ölüm faizi getdikcə aşağı düşsə də, bizdə əksinədir. Son illər Azərbaycanda yol qəzalarının sayı durmadan artır. Məsələn, Respublika Baş Dövlət Yol Polisi Idarəsinin açıqladığı 2011-ci ilin 9 ayı ərzində Azərbaycanda baş verən yol qəzalarının statistikasına baxaq. 2011-ci ilin yanvar-sentyabr aylarında ölkə ərazisində 2237 yol nəqliyyat hadisəsi nəticəsində 712 nəfər ölüb, 2459 nəfər xəsarət alıb.
Azərbaycan paytaxtında isə 1018 yol qəzası qeydə alınıb, qəzalar nəticəsində 261 nəfər ölüb, 1017 nəfər xəsarət alıb. Respublika ərazisində baş verən yol qəzalarının 38 faizi piyadaların vurulması ilə bağlı olub. Belə ki, qeydə alınan 847 qəzada 266 piyada ölüb, 645 nəfər xəsarət alıb. Göründüyü kimi, Dövlət Yol Polisinin butun bunların qarşısını almaqla bağlı müxtəlif adlarla keçirdiyi aylıqlar ciddi nəticə verməyib. Aparılan maarifləndirmə işləri, Inzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər, yəni cərimələrin artırılması, sürücülərə və piyadalara qarşı həyata keçirilən daha ciddi tədbirlər səmərəsiz olub…
Qəzaların artma səbəblərinə mütəxəssislərin münasibəti fərqlidir. Rəsmilərin də qəzaların artma səbəbinə öz baxışı var. Ənənəvi olaraq onlar daha çox özlərini təmizə çıxarmağa, bütün günahı sürücülərin boynuna atmağa çalışırlar. Bakı Şəhər Dövlət Yol Polisi Idarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisiÿVaqif Əsədovun fikrincə, qəzalara əsas səbəb sürət həddinin aşılmasıdır.
Respublika Baş Dövlət Yol Polisi Idarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev isə qəzaların daha çox yay aylarındaÿartdığını deyir və bu mövsümdə yol qəzalarının sayının artmasını bir neçə səbəblə izah edir: “Yayda havalar isti olduğundan, sürücülər yola gecə saatlarında çıxırlar. Sürücünün yuxusuzluğu qəzaların baş verməsinin səbəblərindən biridir. Hava isti olduğundan, sürücülər avtomobili sürətlə idarə edir. VAZ markalı avtomobillər kondisionerlə təchiz olunmadığından, isti hava sürücülərə pis təsir göstərir. Bu təsir sürücünün diqqətini yayındırır… Səbəblərdən biri istirahət mərkəzlərindən qayıdan sürücülərin avtomobili sərxoş vəziyyətdə idarə etməsidir. Bütün bunlar yay mövsümündə yol qəzalarının sayının artmasına səbəb olur”.
Müstəqil ekspertinsə yol qəzalarının artma səbəbinə öz baxışı var: “Yol hərəkəti qaydaları elə olmalıdır ki, sürücü üçün onu pozmamaq pozmaqdan daha sərfəli olsun. Bundan başqa, sürücülük vəsiqəsinin rüşvətlə alınması da qəzaların artmasını şərtləndirir. Cibində pulu olan sürücü qaydanı çəkinmədən pozur, arxayındır ki, rüşvətlə canını qurtaracaq – bu da səsbəblərdən biri. Onun rüşvətə əminliyi olmasa, qaydanı pozmaqdan çəkinər. Yollar da qəzaların bir səbəbidir: təmiri başdansovdu aparılır, yollar tez-tez dağılır. Yol polislərinin də qaydaları gözləməməsi, qanunlara əməl etməməsi, başqalarını da buna həvəsləndirir”.
Sərnişin daşımaq hüququ olmayan sürücülər
Sərnişindaşımada vəziyyət daha acınacaqlıdır. Avtobus qəzaları və bu qəzada həlak olanların sayı ildən-ilə artır. K.Əliyevin verdiyi məlumata görə, bu ilin 9 ayında avtobus sürücüləri 86 yol qəzası törədib və nəticədə 27 nəfər ölüb, 105 nəfər yaralanıb. “Bizdə sürücülük, yol mədəniyyəti problemi var. Əhalinin maddi rifahı artdıqca, yol mədəniyyətinin səviyyəsi aşağı düşür. Bu mədəniyyətin yüksəlməsi yol polisindən asılı deyil. Bu prosesdə ictimaiyyət yaxından iştirak etməlidir”, bu da Əliyevin qənaətidir. Onun sözlərinə görə, sürücülük mədəniyyəti aşağı olan sürücülərin işdən çıxarılması tədbiri həyata keçirilərsə, avtobus sürücülərinin 50 faizi işini itirər.
Bir ay öncə – oktyabrın 17-də şəhərin mərkəzində yüksək sürətlə hərəkət edən avtobusun törətdiyi qəzada 4 nəfər həlak olmuşdu. Sürücülərin günahı üzündən baş verən belə qəzalar çoxdur. Sərnişin avtobuslarında sürət həddini aşma, qırmızı işıqda hərəkət, ötmə əməliyyatının pozulması və s. sürücülərin gündəlik həyat normasına çevrilib. Hər xəttin arxasında yüksək rütbəli məmurun dayanması, son illər isə Nəqliyyat Nazirliyinin “Transgeyt” firması adı altında bu sahəni, demək olar, inhisara alması sürücüləri arxayınlaşdırıb və onları qaydalara əməl etməməyə həvəsləndirib. Bundan əlavə, avtobus idarə etmək hüququ olmayan çox sayda sürücü də var. Bunu sürücülərin özləri etiraf edirlər. Sahiblərinə – məmur-oliqarxlara arxayın olan bu sürücülər heç bir norma gözləmir, qaydanı addımbaşı pozur, tez-tez qəza törədirlər.
Statistikanın dedikləri…
Əvvəlcə noyabrın 10-da verilən statistikaya diqqət yetirək: “Azərbaycanda bayram günlərində – noyabrın 6-7-8-9-da baş verən yol qəzalarında 21 nəfər ölüb, 70 nəfər isə xəsarət alıb”.
Indi isə illər üzrə statistikaya baxaq. 2010-cu il ərzində təkcə paytaxtda 1010 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 288 nəfər həlak olub, 1001 nəfər yaralanıb.
2009-cu il ərzində 884 mindən çox yol hərəkəti qayda pozuntusu aşkar edilib. 2792 yol-nəqliyyat hadisəsi 930 nəfərin həlak olması, 3044 nəfərin yaralanması ilə nəticələnib.
2008-ci il ərzində respublika ərazisində 2970 yol-nəqliyyat hadisəsi qeydə alınıb, 1052 nəfər həlak olub, 3232 nəfər yaralanıb.
2007-ci ildə 461ÿ589 yol hərəkəti qaydası pozuntusu qeydə alınıb. 2007-ci ildə təkcə paytaxtda 1532 yol qəzasında 399 nəfər ölüb, 1736 nəfər yaralanıb.
Əhalisinin sayı Azərbaycana yaxın ölkə ilə müqayisə aparaq. Isveçrənin 9,3 milyon əhalisi,ÿbu ölkədə 6 milyon nəqliyyat vasitəsi var. Il ərzində Isveçrədə təxminən 267 nəfər yol qəzasının qurbanı olur. Azərbaycanda 9 milyon əhali, 1 milyondan artıq nəqliyyat vasitəsi var. Il ərzində qəzalarda ölənlərin sayı 900-ü, bəzi illərdə isə 1000 nəfəri keçir.
Türkiyədə qəzalarda 2006-ci ildə 4 min 633 nəfər, 2007-ci ildə 5 min 7 nəfər, 2008-ci ildə 4 min 236 nəfər, 2009-ci ildə 4 min 324 nəfər və 2010-ci ildə isə 4 min 45 adam həyatını itirib.ÿ
Bu ilin ilk yarısında isə Türkiyədə qəzalarda 1552 nəfər həlak olub, 100 mindən çox adam yaralanıb.ÿ
2009-cu ildə Almaniyada yol qəzasında 4160 nəfər həlak olub ki, bu da 2008-ci illə müqayisədə 7,1 faiz azdır. Statistika göstərir ki, bu ölkədə yol qəzaları və bu qəzalarda həlak olanların sayı ildən-ilə azalır. Əvvəlki illərə nəzər saldıqda bunun şahidi oluruq. 2008-ci ildə həlak olanların sayı 4477, 2007-ci ildə 4949, 2006-cı ildə 5091 olub.
Rusiyada isə yollar can almaqda dünyada ön sıralarda gedir. 2009-cu ildə Rusiyada baş verən 203ÿ603 yol qəzasında 26ÿ084 nəfər həlak olub, 257 034 nəfər xəsarət alıb.
2010-cu ildə Rusiyada qəzaların sayı azalsa da (199431) həlak olanların sayı (26 567 nəfər) artıb. Bu qəzalarda 250 min 635 nəfər xəsarət alıb. 11ÿ485 qəzanı sərxoş, yaxud narkotikli sürücülər törədib ki, bunun nəticəsində 1ÿ954 nəfər həlak olub, 17ÿ280 nəfər isə xəsarət alıb.
2011-ci ilin yanvar-sentyabr aylarında Rusiyada baş verən 143221 yol qəzasında 19ÿ426 nəfər həlak olub, 181ÿ339 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Son
21 noyabr Dünya Yol qəzaları Qurbanlarının Xatirəsi günüdür. Siz də o günü anın, qəzada ölən yaxınlarınızı, dostlarınızı xatırlayın. Düşünün, bir çox hallarda bu qəzalar baş verməyə bilərdi. Əzizləriniz bu gün də sizinlə olardı. Həyatın ləzzətini yaşayardı… Hər birimiz – istər sürücü, istər piyada olaq, məsuliyyətimizi dərk etməliyik. Özümüzü də, özgələri də qorumaq qayğısına qalmalıyıq… Həyat gözəldir, yaşamaq gözəldir. Təsadüfləri nəzərə almasaq, çox şey bizdən – səndən, məndən, hər birimizdən asılıdır… Həyatın bir yol verildiyini ki, hər kəs bilir… Çalışaq yol qurbanı olmayaq. Bütün yollarda uğurlar!
Rövşən Hacıbəyli, azadmekan.org