Robert Əyyubovun naziri təşvişə salması barədə yeni məlumatlar
Qəzetimizin ötən sayında prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri, general Bəylər Əyyubovun qardaşı oğlu Robert Əyyubovun nəqliyyat naziri Ziya Məmmədovu təşvişə salması barədə xəbər dərc etmişdik.
Həmin xəbərdə bildirilirdi ki, Robert Əyyubov bir neçə gün əvvəl Ziya Məmmədova məxsus “ZQAN Holding”in ofisinə gedib. Generalın qardaşı oğlu həmin vaxt çox əsəbi olub. Robert Əyyubov “ZQAN”nın ofisində nazirin oğlu Anar Məmmədovu hədələyib. Onun Anar Məmmədova əl qaldırdığı da bildirilir. Məlumatda deyilirdi ki, Robert Əyyubovun bu addımına səbəb şəxsi taksilərə lisenziya verilməməsi olub. Görünür, onun da taksi biznesi var. Generalın qardaşı oğlunun bu addımı Ziya Məmmədovu təşvişə salıb. Nazirin hətta qorxudan lisenziyaların verilməsini bərpa etdiyi deyilir.
Dünən bu olayla bağlı yeni məlumatlar almışıq. Məlumata görə, Robert Əyyubov yalnız lisenziya məsələsinə görə qəzəblənməyib. Bu sadəcə Ziya Məmmədovun üzərinə yerimək üçün bəhanə olub. Məlumatda vurğulanır ki, insidentin əsas səbəbi Ziya Məmmədovun Bəylər Əyyubovu əsəbiləşdirməsi olub. Nazir müşavirələrin birində Bakı portunun tikintisində əsas yer alan generala məxsus “Azərkörpü” şirkətinin işindən narazılığını bildirib. Və şirkətin nümayəndəsinə barmaq silkələyərək belə davam edəcəyi təqdirdə onları layihədən uzaqlaşdıracağını deyib. Ziya Məmmədovun bu hərəkəti Bəylər Əyyubovun çevrəsində qəzəbə səbəb olub. Bu baxımdan ilk fürsətdə nazirin üzərinə hücum çəkilib.
Informasiya şöbəsi