Razi Nurullayev: «Rəsmi Bakı bu layihə üzərindən gedişlər etməyə imkan tapmayacaq»
ABŞ dövlət katibinin Avrasiyada enerji diplomatiyası üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar Bakıya səfəri zamanı Amerika və Azərbaycanın bütün enerji məsələlərində ümumi ortaq razılıq əldə etdiyini açıqlayıb. O qeyd edib ki, ABŞ “NABUCCO”nun tikintisi ilə bağlı siyasi dəstəyini təklif edib və bundan sonra da dəstəyini davam etdirəcək. Kəmərin tikintisinə Amerika şirkətləri cəlb olunacağı təqdirdə ABŞ banklarının investisiyası da mümkündür. ABŞ-ın bu məsələdə hərtərəfli dəstək verəcəyini deməsi rəsmi Bakının bəhanələrini də əlindən ala bilər. Belə olan halda Morninqstarın bu açıqlaması Azərbaycanın “NABUCCO”ya razılıq verməsi anlamına gələ bilərmi? Eyni zamanda Iran və Rusiyanın buna cavab olaraq ölkəmizə təzyiqlər edəcəyini gözləmək olarmı?
Politoloq Razi Nurullayevin fikrincə, artıq ABŞ Azərbaycanın enerji ehtiyatlarını dünya bazarına çıxarması ilə bağlı strateji qərar qəbul edib. Belə ki, ABŞ onun maraqlarına cavab verən və şirkətlərinin cəlb olunduğu layihələrə dəstək verəcək. Morninqstarın açıqlamasında da aydın görünür ki, ABŞ-ın maraqları nəzərə alınarsa, o zaman “NABUCCO” həyata vəsiqə ala bilər. Artıq Azərbaycanın bundan qaçmağa yeri olmayacaq və rəsmi Bakı bu layihə üzərindən gedişlər etməyə imkan tapmayacaq.
Ekspertini sözlərinə görə, bununla yanaşı ABŞ-ın “NABUCCO” layihəsindən kənara çəkilməsi də mümkündür. Bunun üçün bu layihə ABŞ-ın maraqlarını özündə ehtiva etməli və nisbətən ucuz başa gəlməlidi.
Ekspert ABŞ-ın Azərbaycanla bağlı siyasi qərar da qəbul etdiyini vurğuladı. Bu, özünü müəyyən demokratik proseslərə təsir fonunda da büruzə verəcək. Çünki Azərbaycanın özünü enerji tərəfdaşı hesab edən Vaşinqton ölkənin tam demokratikləşməsi üçün də töhfəsini verməlidir. Bunun üçün ABŞ Azərbaycanda demokratik proseslərin inkişafına çalışacaq. Bu da iqtidarla yanaşı müxalifətlə də danışıqların aparılmasına gətirib çıxaracaq. Ekspert ABŞ-ın son qərarına cavab olaraq Iran və Rusiyanın Azərbaycana təzyiqlərinin artacağını bildirdi. Rusiya artıq məsələ ilə bağlı narahatlığını ifadə edib. Eyni zamanda Iranın da gözlənilməz qərarlar qəbul edəcəyi mümkündür.
Fizzə