Regionçu beyinlə bədii bənzətmələr yarışına girmək ölkəni fəlakətə aparar
Azərbaycan hakimiyyəti çürümənin birinci mərhələsini yekunlaşdırdı. Sistem içərisində bir-birilə uyuşmayan elementlər artıq xüsusi axtarışa ehtiyac duyulmadan məlum olur. Hakimiyyətdaxili demoralizasiyanın bir çox səbəbləri barədə danışmaq olar. Amma biz daha çox o məsələnin üzərində dayanmaq istəyirik ki, həm yerli, həm də qlobal tendensiyaların təsirlərini izah etməkdə bizə yardımçı olsun. Baş verənlərə “Ərəb baharı” kontekstində şərh vermək nə dərəcədə düzgün olardı? Yaxud da biz unikal, eyni zamanda, universal bir siyasi gərginlik (ardınca dəyişiklik) modeli barədə mülahizələr irəli sürə bilərikmi?
Bütün aspektlərdən cəhd edərkən bizim üçün kontekst avtoritarizmin silkələnməsi və sonlanmasıdır. Bu kontekstdə fon olaraq biz “Ərəb baharı”nı seçə bilərik. Amma bir qədər təmkinli izahla yuxarıda dediyimiz unikal və universal variantı da tapmaq olar. Yəni, dəyişikliyin o modelini ki, burada bütün iştirakçılar üçün ən optimal təhvil-təslim yolu seçilsin, xalq hakimiyyəti onun liberal iradəsinə təhvil verilsin, radikal müdaxiləyə ehtiyac qalmasın. Amma bütün bunların təmin olunub-olunmaması təbii ki, hadisələrin axarında məlum olacaq. Eyni zamanda, bizim şərhimizin cızdığı proyeksiyanın prosesləri nə qədər əhatə edə bildiyini göstərəcək.
Xalq narazıdır, amma…
Ərəb ölkələri ilə Azərbaycan arasındakı fundamental oxşarlıq ondan ibarətdir ki, o ölkələrdə inqilab öncəsi xalqların narazılıq faizi demək olar ki, hazırda bizim ölkədəkilə eyni olub. Hətta inqilab etmiş bəzi xalqların orta həyat səviyyəsi azərbaycanlılarınkından yuxarı idi. Bu fərqi bizim xalqın passivliyi, yoxsa ərəblərin “Domino effekti”ndən çıxa bilməməsi kimi şərh etmək fikrindən uzağıq. Amma başlıca fərq ondadır ki, narazılıqdakı bərabərlik etirazçılıqda eyni deyil. Hətta heç bir mobil müxalifət təşkilatı olmayan Tunisdə belə, əhalinin etirazçı emosiyası və qabiliyyəti böyük faiz təşkil edirdi. Bu fərqi aradan qaldırmaq üçün əlbəttə ki, böyük təşkilati işə – canlı və elektron şəbəkələşməyə ehtiyac var.
Sirr deyil ki, bütün bunları həyata keçirməyə iddialı olan Ictimai Palata hamıdan öndə olsa da, lazımi mərhələdə deyil. Başqa tərəfdən, xalq özü daxili təşkilatlanmaya meylli deyil və instutisional qaydada “vəzifə bölgüsü” apararaq, hakimiyyətlə mübarizəni müxalifətə həvalə edib.
Digər böhranlı məqam odur ki, Azərbaycanda siyasi həyat sosial həyatdan bir sinfi yaşam tərzi kimi ayrılıb. Buna görə də xalq müxalifəti onun hüquqları uğrunda mübarizə aparmağa borclu bilsə də, özündən bir köynək aralı bilir. Hakimiyyətə münasibət isə daha çox “işğal altındakı şəhər sakinlərinin komendant saatı rejimini icra edən yadelli hərbçilərə bəslədiyi münasibət” kimidir. Nifrət edir, amma hələ ki, tabe olur.
Bütün hallarda bu, qorxulu vəziyyətdir. Ona görə ki, sosial etiraz siyasi nəzarətdən kənarda baş verəndə qətllər, qisasçılıq kimi çirkin proseslərin qarşısını almaq mümkün olmur.
Hakimiyyətin silkələnib parçalanması qaçılmazdır
Bütün xəbərlər, “ötürülmüş” rəylər, elitar qarşıdurmalar güstərir ki, hakimiyyət daxilində ciddi qarşıdurma mərhələsi artıq yaxalaşma həddinə çatıb, tərəflər bir-birini möhkəmcə silkələyiblər. Növbəti mərhələ isə savaşmaq üçün bir-birlərindən ayrılmaları olacaq. Bu savaşın qarşısını almaq üçün hakimiyyət daxilində təxirəsalınmaz ixtisarlar – “budama” alternativsiz variantdır. Yəni, daha güclünün imkanı var ki, istifadə edərək məsələni yarıminzibati-yarımzorakı yolla yarımçıq yekunlaşdırsın. Amma bu əməliyyat hakimiyyəti bütövlükdə və biryolluq xilas etməyəcək. Orqanizmin irinləmiş mühüm hissələrini kəsmək bir müddətlik ölümü ertələyə bilər, amma şikəstlikdən və zəiflikdən sığortalaya bilməz.
Hakimiyyət daxilindəki regional qrupların üzvlərinə kənarda dəstək axtarışı görüntüsü verməsi də diqqəti çəkir. Nədənsə, həmişə eyni fiqurun adı çəkilir və bu da hakimiyyətdəki naxçıvanlıları yenidən, amma başqa cür toparlayır. Görünür ki, məlum fiqur təkcə hakimiyyətin başında duran Ilham Əliyevi şantaj üçün seçilməyib. O, həm də regionu təmsil edən bir çox adamlar üçün qorxu mənbəyidir və əlinə imkan keçən kimi qisas alacağından qorxurlar. Ona görə də məhz “xoxan” planı məharətlə, özü də dəfələrlə işə yarayıb.
Bu dəfə isə vəziyyət tamam başqa kontekstdədir. Yəni, Ilham Əliyevi Ben Əliyə, yoxsa Hüsnü Mübarəkə bənzətməklə siyasi məharət göstərmək iddiası gülüncdür. Indi biz ciddi-cəhdlə istərdik ki, Ilham Əliyev Avropa rəhbərlərindən birinə bənzəsin və xalq hakimiyyəti asanlıqla bərpa olunsun. O da keçmiş prezident kimi qanunların imkan verdiyi şəkildə ölkədə və ürəyi istəyən yerdə yaşasın. Indi Azərbaycanda baş verən hadisələrə ədəbiyyatın epitet yarışması kimi yanaşmaq vaxtı və yeri deyil. Hansısa regional fərqi qabartmaqla yenidən xalqı parçalayıb separatizmə və avtoritarizmə qul etmək cinayət və xəyanətdən başqa bir şey ola bilməz. Siyasi məsuliyyəti olan hər kəs bütöv və həmrəy, eyni zamanda, müxtəlifliyilə zəngin olan bir Azərbaycan üçün çalışmalıdır.
Qafqaz Araşdırmalar Dərnəyi