İntiqam Əliyev: «ATƏT hökumətin təzyiqi altında öz prinsiplərindən geri çəkildikcə, nüfuzunu itirməyə başladı, kiçildi, sözünün kəsəri itdi»
«Bu cür şeyləri görəndə hiddəti ifadə etmək üçün ən yumşaq ifadə yəqin ki, bu olar: Ayıbdır!»
“Azadlıq”ın dünənki sayında xəbər verdiyimiz kimi, ATƏT-in dünən və bu gün Bakıda “Hüquq peşəsinin gücləndirilməsi və ədalət mühakiməsinə çatımlıq” mövzusunda keçirdiyi beynəlxalq konfrans barədə ictimaiyyətə məlumat verilməyib, media, vətəndaş cəmiyyəti qurumları tədbirə dəvət almayıblar. Azərbaycanın hakimiyyət nümayəndələri (ədliyyə naziri, Prezident Administrasiyasının şöbə müdiri və s.) konfransa dəvət olunduğu halda, ədalət mühakiməsilə bağlı problemləri mütəmadi dilə gətirən vətəndaş cəmiyyəti təmsilçilərinin tədbirdən kənarda qalması istər-istəməz müəyyən suallar yaradır. Elə bu suallara tanınmış hüquqşünas, Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti Intiqam Əliyevlə aydınlıq gətirməyə çalışdıq. Söhbətə isə ATƏT-in bu cür müəmmalı davranışının səbəblərilə başladıq:
– Düşünürəm ki, bu münasibətin kökündə hökumətin ədalətli cəmiyyət istəyən və bu istiqamətdə çalışan kəslərə qarşı pis münasibəti, beynəlxalq təşkilatların isə bu hökumətə üzgörənliyi dayanır. Hökuməti müstəqil vətəndaş cəmiyyəti qurumlarının təmsilçilərini bu cür tədbirlərə dəvət etməkdən çəkindirən arqumentsizlik problemidir. Hökumət nümayəndələrinin vətəndaş cəmiyyətilə normal müzakirə apara bilməsi üçün onlar müstəqil, müzakirələrə açıq olmalı, ən əsası, həmin problemlərin həllini sözdə yox, həqiqətən istəməlidilər. Bunların heç biri indiki halda yoxdur. Onlar anlayırlar ki, haqsızdırlar. Vətəndaş cəmiyyəti təmsilçiləri olmayanda, beynəlxalq təşkilatların və özlərinin yaratdığı qurumların təmsilçilərinin əhatəsində hansı yalanı istəyirlər, rahatlıqla söyləyə bilirlər. Bilirlər ki, etiraz edən olmayacaq. Bu mənada, hansısa dozada hakimiyyət təmsilçilərinin vətəndaş cəmiyyətilə üz-üzə oturmaqdan çəkinməsi elementi var.
– Deyirsiniz, bizim hökumət kimdənsə çəkinir?
– Hökumətim son günlərə qədər Amerika, Avropa, ATƏT, Abropa Birliyi də daxil olmaqla heç kimi saymırdı. Hakimiyyətin, çox güclü təsir rıçaqlarına malik güc sahiblərilə hesablaşmadığı halda, onlarla müqayisə olunmayacaq dərəcədə zəif təsir imkanları olan vətəndaş cəmiyyətilə hesablaşmaması üçün ciddi əsasları var idi. Hökumət öz vətəndaş cəmiyyətini qüvvə saymırdı, onunla bir stol arxasında oturub müzakirələr aparmağa, ona hesabat verməyə özünü borclu saymırdı. Amma vəziyyət dəyişməkdədir, cəmiyyət əvvəlki cəmiyyət deyil. Odur ki, hökumət yaranan gərginliyi problemlərin beynəlxalq təşkilatlarla birgə müzakirəsinin imitasiyası yolu ilə yumşaltmağa çalışır.
– Sizcə beynəlxalq təşkilatlar niyə onlardan bu cür istifadə olunmasına imkan verir?
– Təbii ki, diplomatik korpus nümayəndələrinin davranışlarını şərtləndirən əsas amil bu qurumların baş təşkilatlarının, hökumətlərinin siyasətidir. Amma adamlardan da az şey asılı deyil. Norveçin Azərbaycandakı keçmiş səfiri Steynar Gil çoxlarının xatirindədir. Elə ATƏT-dən Piter Bürhard hara, ondan sonrakı səfirlər hara. Deyirlər ki, Bürhardın işlədiyi dövrlə indiki dövr arasında yerlə göy qədər fərq var, indi beynəlxalq qurumlar daha böyük basqı altında işləyirlər. Bəlkə razılaşmaq da olar. Amma hətta bu dövrdə də həmin qurumda işləyənlər arasında hakimiyyətlə işbirliyinə girib, rahat həyat sürənlər də var, döyüşənlər, vətəndaş cəmiyyətinə dəstək olanlar da. Jaklin Karpenteri nümunə göstərə bilərəm. Bu xanımın parlament seçkilərində məntəqə-məntəqə gəzib seçki saxtakarlıqlarına qarşı etirazlarını, ATƏT-in missiyasının seçkilərin az qala, ən demokratik şəraitdə keçirilməsi barədə bəyanatlarından necə hiddətləndiyini, bütün dünya münasibət bildirdiyi halda, ATƏT-in toplaşmaq azadlığını reallaşdıran insanları həbsxanaya atılmasını pisləyən bəyanat verməsi üçün yaxşı mənada necə dəridən-qabıqdan çıxdığının, bəyanat dərc olunanda uşaq kimi necə sevindiyinin şəxsən şahidi olmuşam. Təəssüf ki, tez tərk elədi ölkəni. Böyük itki sayıram bu cür insanların getməsini, çünki belələrinin sayı o qədər də çox deyil beynəlxalq qurumlarda.
Elə həmin qurumda başqa bir şöbəyə rəhbərlik edən bir xanım var ki, mediaya təzyiqlərdən, polisdə və həbsxanalarda işgəncələrdən, seçkilərdə saxtakarlıqdan danışdığına görə vətəndaş cəmiyyəti təmsilçilərini konfrontasiyada ittiham edir, Nigeriyanı və Afrikanın digər ölkələrini nümunə gətirib, “sizdə heç olmasa, çoxlu QHT-lər, qəzetlər, partiyalar var, onlarda bu da yoxdur” – deyə bizlərə təskinlik verir.
Yeri gəlmişkən, ATƏT-in ayrı-ayrı təmsilçilərinin və bütövlükdə qurumun hökumətlə sıcaq münasibətləri ona gətirib çıxarıb ki, bu qurumun ölkədə fəaliyyəti əsasən təlim və seminarlardan ibarət iş səviyyəsinə enib. Təbii ki, təlim və seminarlar da gərəklidir. Amma müstəqilliyi olmayan hakimə təlim keçməyin nə qədər mənasız olmasını Ali Məhkəmənin hakimi Vafəddin Ibayevin timsalında görmək olar. Ölkə qanunvericiliyini, beynəlxalq hüququ, Avropa Məhkəməsinin presedentlərini ondan yaxşı bilən kimi tapmaq olar ki?! Toplaşmaq, birləşmək, mülkiyyət, işgəncəyə məruz qalmamaq hüququ ilə bağlı elə həmin ATƏT-in sifarişilə onun yazdığı çox gözəl kitablar var. Amma toplaşmaq, birləşmək, mülkiyyət hüququ pozulan, işgəncələrə məruz qalan insanların şikayətləri ilə bağlı çıxardığı qanunsuz qərarları əsaslandırmaq üçün həmin hakimin yazdıqlarını oxuyanda, adamın ayağının altından yer qaçır.
Başqa bir nümunə: məhkəmələrin monitorinqi üzrə bu qurumun hesabatları. ATƏT son illərdə ölkədə az-çox əhəmiyyətli bütün məhkəmə proseslərinin hamısının monitorinqini aparır. Bu işə cəlb olunmuş yerli hüquqçulardan ibarət güclü komandanın zəhməti nəticəsində çox qiymətli hesabatlar hazırlanır. ATƏT onları dərc edib, yerli və beynəlxalq ictimaiyyətin müzakirəsinə vermək, hökumətdən pozuntuları aradan qaldırmağı tələb etmək əvəzinə, hər dəfə hesabatı dərc etdirməzdən əvvəl onu razılaşdırmaq üçün dövlət qurumuna təqdim edir. Həmin qurum da aylarla, bəzən hətta illərlə çəkən danışıqlar dövründə həmin hesabatlarda əhəmiyyətli nə varsa, hamısını qayçılayandan sonra çapına icazə verir. Nəticədə hamının gördüyü, yazdığı, söylədiyi ciddi pozuntular ATƏT-in hökumətlə razılaşdırdığı hesabatlarında hakimlərin proseslərə mantiyasız çıxması səviyyəsinə endiriləcək qədər kiçildilir, əhəmiyyətsizləşdirilir. Çəkilən zəhmətə, xərclənən pullara adamın sadəcə, heyfi gəlir.
ATƏT hökumətin təzyiqi altında öz prinsiplərindən geri çəkildikcə, müstəqil vətəndaş cəmiyyətini özündən uzaqlaşdırdıqca, nüfuzunu itirməyə başladı, kiçildi, sözünün kəsəri itdi.
– ATƏT-in dünənki tədbirində əsas müzakirə mövzularından biri vəkillik olub…
– Azərbaycan hakimiyyəti vəkilliyin güclü instituta çevrilməsində maraqlı deyil. Hakimiyyət bu ölkədə məhkəmələr kimi, vəkilliyin də miskin və asılı vəziyyətdə qalmasında maraqlıdır. Çünki güclü və müstəqil vəkillik məhkəmə, hüquq-mühafizə orqanları sistemində özbaşınalığın, qanunsuzluğun və korrupsiyanın qarşısında ən böyük sədlərdən biridir. Məhkəmələrin əlilə istənilən sifarişli hökm və qətnamələri çıxaran, məhkəmələrə, hüquq-mühafizə orqanlarına həm opponentləri zərərsizləşdirmə, cəzalandırma vasitəsi, həm də varlanma mənbəyi kimi baxanlar güclü vəkilliyi buna mane ola biləcək qüvvə kimi görürlər. Hakimiyyətin bu missiyanı uğurla yerinə yetirən Vəkillər Kollegiyasının rəhbərliyinə himayəsinin və müstəqil vəkillərə qarşı basqıları gücləndirməsinin kökündə də bu dayanır.
– Bu konfransdan gözləntiləriniz nədən ibarətdir?
– Hökumətin qorxusundan tədbirə müstəqil vətəndaş cəmiyyəti təmsilçilərini, ən önəmlisi, vəkillərlə bağlı məsəslələr müzakirə olunduğu halda, onların özünü dəvət etməyə cəsarəti çatmayan ATƏT-in vəkilliyin əsas problemlərini, son dövrlərdə vəkillərə qarşı artan təzyiqlərlə bağlı məsələləri qaldıracağına inanmıram. Uzaqbaşı müzakirələr vəkilliklə bağlı 30-cu dərəcəli məsələlər ətrafında ola bilər; məsələn, vəkillər üçün təlimlərin keçirilməsi, vəkillik məktəbinin yaradılması.
Yeri gəlmişkən, ATƏT-in qanunun aliliyi şöbəsinin rəhbərliyinin konfransqabağı məsləhətləşmələr adı altında QHT təmsilçiləri və vəkillərlə görüşündə məhz bu məsələlər müzakirəyə çıxarılmışdı. Bu cür şeyləri görəndə adam hiddətini mədəni dildə ifadə etmək istəsə, ən yumşaq ifadə yəqin ki, bu olar: Ayıbdır!
Aytən Məmmədova