«Bakı Elektroştamp» zavodunun kollektivi Kərəm Həsənovu və Rasim Məmmədovu ittiham edir
Dövlət Statistika Komitəsi (DSK) bir neçə gün əvvəl məlumat yaydı ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda polad ərinti istehsalı 9,9 faiz azalaraq 234,2 min ton təşkil edib. Deyilən dövrdə 184,4 min ton tikinti armaturu istehsal edilib. Bu, ötən ilin eyni dövründəkindən 5,6 faiz azdır. Polad boru prokatı da (29,8 min ton, -1,6 faiz) azalıb.
“Bakı Elektroştamp” zavodunun kollektivi DSK-nın bu məlumatı ilə bağlı bəyanat yayaraq azalmasının səbəblərinə aydınlıq gətirib. Bəyanatda deyilir: “Bu rəsmi rəqəmlər də göstərir ki, son dövrlər qara metallurgiyada azalma il-ildən davam edir və bunun başlıca səbəbi ölkədə sahibkarlara qarşı edilən təzyiqlərdir. Fakt budur ki, sovet dövründən sonra işini dayandırmış, heç kimin yaxın getmədiyi ”Bakı Poladəritmə” zavodu Zülfüqarlı qardaşları tərəfindən yenidən qurulduqdan sonra bu sahədə irəliləyiş yaranmış, sənayenin bu bölümündə bazar canlanmış, rəqabət nəticəsində yeni müəssisələr qurulmuş, qara metallurgiya sənayesi güclənmişdi.
Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovun və “Baku Steel Company” şirkətinin rəhbəri Rasim Məmmədovun əli ilə “Bakı Poladəritmə” zavodunun Zülfüqarlı qardaşlarından alınması isə həmin inkişafın qarşısını aldı. Ən acı nəticələrdən biri odur ki, hazırda “Bakı Poladəritmə” ASC tamamilə fəaliyyətini tamamilə dayandırıb. 500-dən çox insanın çalışdığı bu böyük zavod heç bir məhsul istehsal etmir. Rasim Məmmədov nisbətən kiçik istehsala sahib müəssisələrə də hücum edərək onların da işinə əngəl törədib. Qara metallurgiya məhsullarının istehsalı sahəsini çökdürüb. Bütün bunlar öz mənfi nəticəsini vermiş və artıq Dövlət Statistika Komitəsinin qara metallurgiyada azalma ilə bağlı hesabatlar yaymasına gətirib çıxardıb. Yəni məmurlar və onların himayə etdiyi adamların cinayətkar əməlləri ölkə miqyasında ziyana səbəb olub.
Ardıcıl şikayətlərə baxmayaraq, indiyə qədər Kərəm Həsənovdan və Rasim Məmmədovdan qanunsuz əməlləri ilə bağlı cavabdehlik sorulmayıb, onlarla bağlı qanuni ölçü götürülməyib, onların özbaşınalıqlarına hüquqi qiymət verilməyib.
Zülfüqarlı qardaşlarına məxsus “Bakı Poladəritmə” və “Elektorştamp” zavodlarının kollektivi bir daha bəyan edir ki, qanunsuz alınmış zavodlar öz sahiblərinə geri qaytarılsa, onların fəaliyyəti bərpa olunacaq, iş yerlərinin sayı və istehsal ən yüksək həddə çatdıracaq, qara metallurgiyada azalmanın qarşısını almağa təsirli töhfə verəcəyik”.