elnurastanbeyli@gmail.com
Türkiyə türklərinin leksikonunda “bilgi sahibi olmadan fikir sahibi olmaq” kimi bir ifadə var. Bu ifadənin müəlliflik haqqı Türkiyənin ən cəsur qəzetçilərindən biri olmuş və xaincəsinə öldürülmüş Uğur Mumçuya məxsusdur. Anlamı da çox sadədir: hər hansı mövzuda heç bir bilgi sahibi olmadan, o mövzuda heç vaxt, heç nə oxumadan, öyrənmədən, araşdırmadan danışmaq, daha doğrusu, zəvzəkləmək.
Siz belələrinə elmin, təhsilin yerlərdə süründüyü, kitaba, qəzet-jurnala total nifrətin hökm sürdüyü cəmiyyətlərdə istədiyiniz qədər rastlaya bilərsiniz. O sıradan Azərbaycanda. Burada hamı qulaqdandolma söhbətlərin arxasınca düşməyi, “komplo teoriləri” icad etməyi sevir. Söylədiklərinin arxasında elmi faktların, sübutların, dəlillərin dayanıb-dayanmaması, danışdıqlarının həqiqətlə əlaqəsinin olub-olmaması isə heç kimin vecinə deyil.
Uzağa getməyək, dünyadakı ictimai-siyasi hadisələrə, qlobal məsələlərə azərbaycanlıların münasibətini götürək. Onların bu mövzularda yalnız bir istinadgahı var: “Kurtlar Vadisi – Pusu” serialı. Xeyli adam indi Azərbaycanda belə hesab edir ki, ömür boyu bir kitab üzü açmırsan, heç nə oxumursan, oxuduqlarını müqayisə və dərk etmirsən, “qəzetlərdə guya ayın tarixindən başqa nə düzdür ki?” deyib hətta gündəlik informasiyalardan da kənarda durursan, sadəcə, həftədə bir dəfə “Kurtlar Vadisi-Pusu”ya baxırsan, beləcə, bütün qlobal məsələlər, dünyanın hazırkı və gələcək gedişi barədə hər şeyi öyrənmiş, bütün baş verənlər barədə mülahizələr irəli sürmək, bu da cəhənnəm, birbaşa hökmlər çıxarmaq haqqı qazanmış olursan!
Mən, ilk baxışda çox ciddi təsir bağışlayan kifayət qədər adam tanıyıram ki, onlar, estetik baxımdan belə, həddən artıq bayağı, zövqsüz, düşük təsir bağışlayan bu serialın nümayiş etdiriləcəyi günü iplə çəkir, sonra isə ən azı bir neçə gün həmin serialın son bölümündəki geosiyasi mesajları, qlobal proseslər haqqqında sətiraltı ismarışları (hər halda onlar belə hesab edirlər!) müzakirə etməklə məşğul olurlar. Belə adamların əksəriyyətindən nə vaxt hansı kitabın üzünü açdığını soruşsanız, inanın, gözlərini döyəcəklər. Belə adamlar bir o qalıb desinlər ki, nə məktəb, nə universitet, nə təhsil, nə maarifçilik-zad, hamısı boş şeylərdir, əhəmiyyətsiz zadlardır, “Kurtlar Vadisi”nə baxmaq kifayətdir ki, hər mətləbdən hali olasan. Onlar təxminən “hər şey Quranda yazılıb” deyərək, bütün texnoloji yenilikləri, bəşəriyyətin əldə etdiyi bütün elmi nailiyyətləri, bunun üçün sərf edilən əqli və fiziki əməyi bir göz qırpımında zibil qutusuna atan məxluqlardan heç nə ilə fərqlənmirlər. Belələrinə oxumaq, öyrənmək, araşdırmaq, oxuduqlarını, öyrəndiklərini müqayisə və dərk etmək, yalnız bundan sonra fikir sahibi olmaq, mülahizə irəli sürmək kimi vərdişlər yaddır.
Gəlişməmiş, çağdaşlıqdan uzaq üçüncü dünya ölkələrində hakim rejimlər üçün toplumun məhz bu, üstəlik, çoxluq təşkil edən təbəqəsi əvəzsiz və ələdüşməz fürsətdir. “Bilgi sahibi olmadan fikir sahibi olanlar” avtoritar hakimiyyətlərə öz varlığını uzun müddət, təhlükəsiz davam etdirməyə, özünün istənilən niyyətini asanlıqla həyata keçirməyə, çoxluğu istədiyi cür yönləndirməyə imkan verirlər. Axı həmin təbəqənin köməyi ilə cəmiyyətə hər cür yalanı, uydurmanı həqiqətmiş kimi sırımaq, toplumu istənilən cahilliyə alışdırmaq, istənilən “komplo teorisinə” inandırmaq mümkündür!..
Bəli, bir çox hallarda savadlı adamların da vicdanından üz çevirib Şərin yanında dayandığını görürük. Amma bütün müşahidələr onu göstərir ki, belələri oxumağa, təhsilə, maarifə, elmə, bilgiyə yad olub avtoritar rejimlərin dəstəkçisinə çevrilənlərlə müqayisədə qat-qat azdırlar.
Odur ki, siyasəti, bəşəri məsələlərə münasibəti “Kurtlar Vadisi”ndən, elmi, kültürü sadəcə, hədislərdən, dini rəvayətlərdən öyrənməklə kifayətlənənlərin, “bilgi sahibi olmadan fikir sahibi olmağı” böyük mərifət zənn edənlərin üstünlük təşkil etdiyi Azərbaycan toplumunu özünün bu zərərli vərdişini tərgidib, yalnız modern təhsilin, bilginin gücünə inanmağa yönləndirmək üçün çox iş görmək, çalışmaq lazım gəlir. Yoxsa Şər buludlarını vətənimizin üzərindən dağıtmaq ikiqat, üçqat çətin olacaq.