AXCP sədri Əli Kərimli noyabrın 15-də BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Fikrət Akçura, BMT Qaçqınlar Üzrə Ali Komissarlığın Azərbaycandakı nümayəndəsi Daq Siqurdson və UNİCEF-in Azərbaycan nümayəndəsi Mark Herevardla görüşüb.
Görüşdə AXCP sədri ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı müxalifətin mövqeyini ifadə edib. Ə.Kərimli xüsusilə ölkədə siyasi məhbus probleminə, bir çox fundamental hüquqların, eləcə də mülkiyyət hüququnun pozulmasına, seçib-seçilmək haqqının tapdanmasına diqqəti cəlb edib. «Ölkədə indiyə qədər keçirilən seçkilərin hamısının saxtalaşdırılması, müxalifət partiyalarına qarşı olan dözümsüz münasibət, faktiki birpartiyalı sistemin yaradılması müzakirə mövzusu oldu. Bundan başqa BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı qəbul etdiyi dörd qətnamə danışıqlar predmeti oldu. Bildirdim ki, həmin qətnamələrdə Azərbaycanın işğal olunmuş torpaqlarının qeyd-şərtsiz azad olunması tələb olunur», – deyə AXCP sədri görüş barədə məlumat verib.
Ə.Kərimli deyib ki, görüşdə həmçinin Azərbaycanın BMT-yə üzv olan zaman üzərinə götürdüyü öhdəliklər də müzakirəyə çıxarılıb: “Vurğulandı ki, Azərbaycan bu öhdəliklərin icrası ilə bağlı mütamadi olaraq BMT-yə xüsusi hesabatlar verilməlidir. Bu öhdəliklər eyni zamanda Azərbaycanın ağrılı yeri olan insan haqları sahəsini əhatə edir. Müzakirələrin fonunda Azərbaycanın öhdəlikləri nə səviyyədə yerinə yetirməsi ilə bağlı monitorinqin təşkili ətrafında fikir mübadiləsi aparıldı.
BMT təmsilçisi bildirdi ki, xüsusilə BMT İnsan Haqları üzrə Ali Komisarlığın ofisi hər bir üzv ölkədə insan haqlarının vəziyyətinin monitorinqini aparır. Həmin ofislə də Azərbaycan müxalifətinin əlaqələrinin qurulacağına yardım ediləcək”.
Görüşdə Azərbaycandakı qaçqınların, əhalinin problemləri, BMT-nin bu sahədə həyata keçirdiyi proqramlar, elecə də ölkəmizdə təhsil, səhiyyə sahəsində problemlərin həllində BMT strukturlarının iştirakı da müzakirə olunub. BMT və UNİCEF təmsilçiləri bildiriblər ki, Azərbaycanda mandatları çərçivəsində fəaliyyət göstərirlər və Azərbaycan cəmiyyəti, müxalifəti ilə dialoqda maraqlıdırlar. Bu kimi görüş və məsləhətləşmələrin davamlı olması qərara alınıb.
Görüşdə AXCP sədrinin müavini Razi Nurullayev də iştirak edib.
İnformasiya şöbəsi