Spiker Əsədov akademikin ünvanına atmaca atdı
“Rafiq Əliyev və digərləri haqda belə debatlarla insanları qəhrəmana çeviririk”
Milli Məclisin 15 noyabr iclasında akademik Rafiq Əliyevin işdən çıxarılması və bunun doğurduğu ictimai rezonans müzakirə olunub. “Media forum” saytı xəbər verir ki, deputat İqbal Ağazadə professor Rafiq Əliyevin Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdiri vəzifəsindən çıxarılmasına etiraz edib: “Rafiq Əliyev dünyada tanınmış alimdir. Onun göstərilən səbəblərlə işdən azad edilməsi gülüncdür. Ölkə rəhbərliyi, parlament rəhbərliyi təcili şəkildə Azərbaycan Dövlət Neft Akademiyasının rektoru Siyavuş Qarayevin bu yanlışını düzəltməlidir. Rafiq Əliyevin işə bərpa olunması üçün rektora müraciət olunmalıdır”.
Hakim Yeni Azərbaycan Partiyasından deputat Aydın Mirzəzadə İqbal Ağazadənin çıxışına reaksiya verərək deyib: “Bu cür xırda məsələlərin parlament müzakirəsinə çıxarılması gülüncdür. Hansısa bir insanın kafedra müdiri vəzifəsindən azad olunması parlamentdə müzakirəyə çıxarılacaq məsələ deyil. Azərbaycanda onlarla ali məktəb, yüzlərlə kafedra var. Bununla bağlı məsələlərə parlamentdə deyil, elmi şuralarda baxılmalıdır”.
Deputat Fazil Mustafa isə Rafiq Əliyevin kafedra müdiri vəzifəsindən çıxarılmasının xırda məsələ olmadığını deyib. Rafiq Əliyevin dünya şöhrətli alim olduğunu vurğulayan deputat ona və digər ziyalılara hücumları yolverilməz sayıb: “Necə demək olar ki, Rüstəm İbrahimbəyov, Rafiq Əliyev, Cəmil Həsənli ziyalı deyil?”.
Deputat Zahid Oruc deyib ki, hakimiyyət ziyalılara həmişə böyük diqqətlə yanaşır: “Rafiq Əliyevin özünə müəllim hesab etdiyi Lütfü Zadə həmişə böyük ziyalı və alim kimi qəbul olunub. Hakimiyyət ona həmişə yüksək münasibət sərgiləyib. Bəlkə də Azərbaycan Dövlət Neft Akademiyasının rəhbərliyi Rafiq Əliyevə qarşı münasibətdə bir qədər dözümlü ola bilərdi. Amma doğrudanmı Rafiq Əliyevi müdafiə edənlər onu bu qədər çox istəyirlər? Mən buna şübhə edirəm”.
Zahid Orucun çıxışından sonra məsələyə parlament sədri Oqtay Əsədov münasibət bildirib: “Biz Rafiq Əliyev və digərləri haqda belə debatlar aparmaqla insanları üzə çıxarır, qəhrəmana çeviririk. Fikir bir dəfə deyildi. Həm lehinə, həm də əleyhinə olanlar fikirlərini söylədilər. Eyni fikirləri təkrarlamağa ehtiyac yoxdur”.