Məktəbli olanda yay riyaziyyat məktəbinə bir professor gəldi. Adı yadımda qalmayıb, Moskva Polad və Ərintilər Institutundan idi.
Dedi: – Rebyata, heç xəzinə tapmısınız?
Əşi, nə xəzinə, bircə dəfə yoldan 25 manat tapmışdım, bacım əlimdən alıb poçta verdi və elan yapışdırdı ki, qoy pulu itirən gəlib onu alsın.
Bu professor əmi isə bizə xəzinənin yerini tapmaqla bağlı 10 məsələ verdi. Standart və qeyri-standart riyazi üsullarla xəzinənin yerini tapmalı idik.
Öyünmək olmasın, yazarınız heç kimdən geri qalmadı, elə o dərsdəcə düz 2 xəzinə tapdım. Onu da deyim ki, xəzinə tapmaq çox gözəl hiss idi. Elə şirin idi. Sanki göylərdə uçurdum və sevincdən az qala evə zəng edib deyəcəkdim ki, bəs xəzinə tapmışam. Fəqət bir azdan özümə gəldim və gördüm ki, mən sadəcə məsələ həll etmişəm. Ortada xəzinə-zad yoxdur. Üstəlik, heç bilmirdim xəzinə nəyimə lazımdır. Amma bütün hallarda xəzinə tapmaq çox fərqli bir hissi idi, çox sevincli idi. Olduqca çətin olsa da. Düşündüm ki, bunu kağız üzərində tapmaq asan deyil, görün həyatda necədir. Onda “Dəfinələr ada”sını oxumuşdummu, bilmirəm, amma nağıllardan, Sindibadın macəralarından xəzinə tapmağın necə əcaib olduğunu bilirdim. Nağılda o cürdürsə, görün gerçəkdə necə müşküldür!
Gələcəkdə eşidəcəyim xəzinə söhbətləri isə heç ağlıma gəlməzdi. Məsələ ondadır ki, bizim YAP-çılar, məmurlar xəzinə tapmağı lap asan edib və hansı tutulursa, evindən, ya işindən xəzinə tapılır.
Yenə tutulanlardan xəzinələr tapılması barədə xəbərlər yayılıb. Eldar Mahmudovdan tutmuş onu xırda quldurlarınacan… Rabitə Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalovacan… Hamısının saxlancından xəzinə çıxır.
Bundan qabaq da belə olub. Elə bil Asan Xəzinə Xidməti qurublar, ya da Əlvan Metal Ərintiləri Institutunda işləyən keçəl professordurlar və 10 məsələnin hamısını həll edib, xəzinə bolluğuna düşüblər.
Bəlkə Sindibaddırlar?
Bu arada daha bir Sindibad tutulub – ÿ”Aztelekom? MMC-ninÿbaş direktoru Məhəmməd Məmmədov. Onun bir özəlliyi var ki, təkcə xəzinə adamı deyil, YAP rəhbərlərindən biri idi həbsinəcən. Partiyanın Nəzarət Təftiş Komissiyasının sədri idi.
Məhəmməd Məhəmmədovun xəzinə pullarından özünə xəzinə yaratmağı bir yana, sonunda YAP haqqında yaxşı nağıl yaratmış oldu. Siz bunların nəzarətinə və təftişinə baxın, görün kimlərdən ibarətdir. Görün bu partiyaya kimlər toplaşıb. Hamısı Sindibaddır – xəzinə axtarışındadırlar!
Özü xəzinə olan adam
Bu yazı üzərində işləyərkən, həbsdə olan tanınmış vəkil Intiqam Əliyevin oğlu Nəcmin Kamilin kiçik bir müsahibəsini oxudum. Necə işıqlı bir gəncdir bu Nəcmin. Elə həmin andaca onu qardaşım, oğlum kimi bağrıma basmaq istədim. “Atanızdan az yazırlar, unutdularmı?” sualına cavab verir ki, “tək mənin atam deyil axı, o qədər siyasi məhbus var ki!”.
Amma onun atasından çox az yazırıq. Unutduğumuz üçün yox, sadəcə onun atası barəsində hər gün yazılmağa layiq bir insandır.
Nəcmin atasından söz açanda deyir: “Atamın həbsdə saxlanılmasından bizdən çox cəmiyyət itirir. O, yorulmadan insanların hüquqlarını müdafiə edirdi, yeni nəsil hüquqşünaslar yetişdirirdi, ölkədə baş verən pozuntuları beynəlxalq səviyyədə qaldırırdı”.
Bəli, onun atası elə bir adamdır. Mən bunların şahidiyəm. Mən o adamı tanıyıram. Özü bir xəzinədir!