Paşayevlər Naxçıvan klanına yerini göstərdi?
YAP-ın icra katibi Əli Əhmədovun eks-prezidentlərin statusu haqqında qanunun Ayaz Mütəllibovla Əbülfəz Elçibəyə aid edilməməsi barədə təklifi Ilham Əliyevi qəzəbləndirib. Bu barədə “Yeni Müsavat” qəzeti məlumat yayıb. Məlumata görə, hakimiyyətin ən yuxarı pilləsindən göndərilən layihəyə hakimiyyət və iqtidaryönlü deputatların bəzilərinin irad bildirməsi, hətta səs verməyəcəklərini bəyan etməsi Prezident Administrasiyasında müzakirələrə səbəb olub.
Ölkə başçısının parlamentdə yaranmış vəziyyətə çox sərt münasibət bəslədiyi deyilir. Məhz bundan sonra qanun layihəsinin heç bir əks mövqe bildirilmədən tezliklə qəbul edilməsi əmri verilib. Bu gün sənəd Milli Məclisdə ikinci oxunuşda müzakirəyə çıxarılacaq və böyük ehtimalla asanlıqla qəbul ediləcək.
YAP-çı və bəzi iqtidaryönlü deputatların qanunun bu şəkildə qəbuluna qarşı çıxması hakimiyyət daxilindəki ziddiyyətlərdən qaynaqlanırdı. Iqtidardakı Bakı-Şirvan və Naxçıvan klanı arasında hakimiyyətə nəzarət uğrunda gedən mübarizənin fonunda eks-prezidentlər haqqında qanunun bu şəkildə qəbul edilməsi, yəni, sənədin Ayaz Mütəllibova da şamil olunması qarşıdurmanın açıq müstəviyə keçməsinə səbəb olmuşdu. Məlumatlara görə, Ayaz Mütəllibovun rəsmən eks-prezident statusu ilə təmin edilməsi Bakı-Şirvan klanı üçün vahid lider problemini həll etmək üçün lazımdır. Ayaz Mütəllibovun üzərinə düşən vəzifə isə bu statusla kifayətlənərək onu dəstəkləyənləri yeni liderin ətrafında cəmləşməsini təmin etməkdən ibarətdir. Bütün bunlar isə Naxçıvan klanının maraqlarına uyğun olmadığından – bu qruplaşmanın vahid lideri də yoxdur – məsələyə isterik həddə münasibət bildirildi. Amma görünür, Bakı-Şirvan klanı rəqibini yerində oturda bilib.
Analitik informasiya şöbəsi