İqtisadi Tədqiqatlar Mərkəzi Azərbaycanın ixrac prosesi ilə bağlı maraqlı faktlar üzə çıxarıb
Qida məhsulları istehsal edən müəssisələrin çoxu texniki şərtlərə, keyfiyyətli idarəetmə sisteminə əməl etmir
Son illərdə həm dövlət qurumları, həm məhsullarını Avropa Ittifaqına (AI) ixrac etmək niyyətində olan yerli müəssisələr səviyyəsində müəyyən işlərin görülməsinə baxmayaraq, hazırda Azərbaycanda ixrac potensialının çox az hissəsindən istifadə olunur. Bunun səbəblərini müəyyənləşdirmək üçün Iqtisadi Tədqiqatlar Mərkəzi (ITM) “Nar məhsullarının Avropa Birliyi ölkələrinə ixracı” timsalında ümumi ixracın problemlərini araşdırıb. ABŞ Beynəlxalq Inkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən tədqiqatın əsas vəzifəsi ixrac prosesinin mərhələli tədqiqi nəticəsində tapıntıları aşkara çıxarmaq və beynəlxalq təcrübəyə əsaslanaraq prosedurların sadələşdirilməsinə, benefisiarların potensial imkanlardan maksimum faydalanmasına şərait yaradan təkliflər paketi hazırlamaq və onların təsirlərini qiymətləndirməkdir. Tədqiqat prosesində AI-yə ixraca aid qanunvericilik bazası toplanıb, onun ekspertizası aparılıb, potensial ixracatçıların qanunvericlik öhdəlikləri və tələbləri müəyyənləşdirilib. Nar məhsullarının AI-yə ixracı ilə məşğul olan sahibkarlar, ixrac icazəsi verən aidiyyəti dövlət qurumları ilə görüşlər və sorğular nəticəsində məlumat bazası yaradılıb, şirkətlər və dövlət qurumları tərəfindən sərf olunan xərclər (vaxt və pul) müəyyənləşdirilib.
Tədqiqat göstərib ki, nar məhsullarının AI ölkələrinə ixracını tənzimləyən qanunvericilik aktlarının sayı 31-ə çatır. Bura Azərbaycanın 6 qanunu, 1 Məcəllə, Nazirlər Kabinetinin 13 qərarı, prezidentin 2 fərmanı və Tarif Şurasının 5 qərarı və 2 daxili təlimat, 1 Dövlət Proqramı və 1 əsasnamə daxildir.
Ixracatçı məhsulunu AI-yə ixrac etmək üçün 5 sertifikat və 1 təsdiqedici kod nömrəsini almalıdır. Gigiyenik sertifikat Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzindən, uyğunluq sertifikatı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən, fitosanitar sertifikat Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətindən, mənşə sertifikatı Iqtisadi Inkişaf Nazirliyinin (IIN) nəzdindəki Istehlak Mallarının Ekspertizası Bürosundan, keyfiyyət sertifikatı IIN-dən alınmalıdır. Hər bir sertifikatın əldə edilməsi üçün sahibkarlar çoxsaylı sənədlər təqdim etməlidirlər.
Ekspertizaların aparılması nəticəsində təsdiqedici kod nömrəsinin verilməsi və reyestrə salınmasını isə yenə də IIN həyata keçirir və bu barədə Avropa Komissiyasının aidiyyəti orqanlarına bildiriş göndərilir.
Tədqiqat zamanı informasiyanın əlçatanlığının və nar məhsullarının ixracı üçün lazım olan sertifikatlar barədə rəsmi qurumların saytlarında yerləşdirilən informasiyanın yetərliliyi və ona çıxış səviyyəsinin qiymətləndirilməsi göstərib ki, gigiyenik və fitosanitar sertifikatlar barəsində informasiya yoxdur, uyğunluq, mənşə sertifikatları barədə qismən məlumat yerləşdirilib, təsdiqedici kod nömrəsi və keyfiyyət sertifikatının alınma qaydaları barəsində isə tam məlumat var.
Metodologiyaya uyğun olaraq toplanılmış statistik baza əsasında hesablamalar aparılıb. Nəticələrin müqayisəli təhlili göstərib ki, AI ölkələrinə məhsul ixracı prosedurunun hər bir mərhələsinin rəsmiləşdirilməsinə və həyata keçirilməsinə sərf olunan vaxtın böyük hissəsi dövlət qurumlarının payına düşür. Ixrac prosedurlarına şirkətlərin və dövlət qurumlarının ümumi vaxt sərfi müvafiq olaraq 84 saat və 272 saat təşkil edib. Göründüyü kimi, ixrac prosesinə dövlət orqanlarının sərf etdiyi vaxt şirkətləri 3 dəfədən artıq üstələyir.
Şirkətlər üçün Avropa Birliyi ölkələrinə 20 ton nar şirəsinin ixracının təşkili və həyata keçirilməsi xərcləri 658 manat (143 manat vaxt sərfi + 515 manat rəsmi ödənişlər) məbləğində qiymətləndirilib.
Hesablamalar zamanı dövlət qurumlarının ixracın sənədləşdirilməsi ilə bağlı öz funksiyalarını yerinə yetirməsinə çəkdikləri vaxt sərfi xərcləri isə 462 manat məbləğində qiymətləndirilib. Bu, birgə vaxt sərfinin 76%-ni təşkil edir.
Tədqiqat nəticəsində aydın olub ki:
– Ixrac prosedurlarına şirkətlər tərəfindən sərf olunan vaxt, rəsmi rüsum və xidmət tarifləri xərcləri AI-yə ixrac olunan məhsulun dəyərinin təxminən 2.7%-ni təşkil edir (AI-yə ixrac olunan nar şirəsinin 1 litri 2.20 dollara satılır. Hesablamalar zamanı bu rəqəm əsas götürülüb). Beynəlxalq təcrübəyə görə şirkətlərin ixrac xərcləri məhsulun dəyərinin 1%-i civarında olur.
– “Yeyinti məhsulları haqqında” qanunun 14-cü maddəsi “Yeyinti məhsullarının idxalı və ixracı” adlandırılsa da, bu maddədə ixracla bağlı məlumatlar yoxdur.
– Nar məhsullarının ixracı ilə məşğul olan müəssisələrin heç birində standartların, sanitariya-gigiyena norma və normativləri yoxdur. Müəssisə təmsilçiləri bu norma və normativləri necə (elektron, çap məhsulu) və haradan əldə edəcəklərini bilmirlər.
– Uyğunluq və Mənşə sertifikatlarının verilməsi zamanı aparılan laborator analizlərə görə ödənilən xidmət haqlarının məhsulun miqdarına (müvafiq olaraq istehsalın və ixracın həcminə) görə faiz nisbətində müəyyənləşdirilir ki, bu da beynəlxalq tələblərə cavab vermir.
– Dövlət proqramlarında nəzərdə tutulan vəzifələr tam yerinə yetirilməyib.
– Azərbaycanda istehsala tətbiq olunan standartlar yalnız keçmiş SSRI məkanındakı bəzi respublikalarda keçərlidir və onlar beynəlxalq standartlardan, hətta çox vaxt Rusiyada qəbul olunmuş QOST-lardan geri qalır.
– Qida məhsulları istehsal edən yerli müəssisələrin əksəriyyətində texniki şərtlərə, keyfiyyətli idarəetmə sisteminə əməl edilmir, lazımi analizləri aparmağa imkan verən laboratoriyaları əldə etmək üçün vəsait yoxdur.
– Beynəlxalq akkreditasiyadan keçmiş, analizlərinin nəticələrinə xarici partnyorların inamı olan müstəqil laboratoriyalar yoxdur, bu sahədə mütəxəssis çatışmır.
– Sertifikatların verilməsinə və keyfiyyətə nəzarət olunmasına səlahiyyəti olan dövlət qurumlarının sayı çoxdur. 5 sertifikatın və 1 təsdiqedici kodun verilməsi ilə 4 dövlət qurumu məşğul olur. Hətta təsdiqedici kodun, Mənşə və Keyfiyyət sertifikatlarının verilməsinə məsul olan IIN-ə qısa müddətdə ayrı-ayrılıqda 3 dəfə müraciət etmək tələb olunur.
– Banklar, kredit təşkilatları qida məhsullarının istehsalı ilə məşğul olan biznesə müasir laboratoriyaları almaq üçün kredit xəttinin açılmasında maraqlı deyil.
Tədqiqat qrupu yekun olaraq aşağıdakı təklifləri irəli sürür:
Qida məhsullarının Avropa Ittifaqına ixracı zamanı mənşə, keyfiyyət sertifikatlarının və təsdiqedici kod nömrəsinin verilməsi üçün IIN nəzdində Vahid Pəncərənin yaradılması;
Mənşə və uyğunluq sertifikatlarının verilməsinin xidmət haqqı tariflərinə yenidən baxılması, tariflərin təyin olunmasına yanaşma prinsipinin dəyişdirilməsi. Gigiyenik və keyfiyyət sertifikatlarının verilməsi zamanı tətbiq olunan tariflərin daxili qərarla deyil, Tarif Şurası tərəfindən tənzimlənməsinin zəruriliyi; Milli standartların təkmilləşdirilməsi. Qida istehsalı müəssisələrində HACCP (Qida məhsullarının təhlükəsizliyinin idarə olunması sistemi) prinsiplərinin ardıcıl tətbiqi; Standartlara, sanitariya-gigiyena norma və normativlərinə əlçatanlığın təmin olunması; Keyfiyyətə nəzarət analizlərinin aparılmasına imkan verən regional, o cümlədən müstəqil laboratoriyaların yaradılması, mütəxəssislərə təlim və treninqlərin keçilməsi; “Yeyinti məhsulları haqqında” qanunun “Yeyinti məhsullarının idxalı və ixracı” adlanan 14-cü maddəsində ixracla bağlı qaydalar və şərtlərin əks etdirilməsi; Təsdiqedici kod nömrəsinin ildə 4 dəfə deyil, 2 dəfə (6 aydan bir) verilməsi.
Gültəkin