Əgər MTN-in 99 faizi təmizdirsə….
Xeyli müddətdir ölkənin gündəmi MTN-lə çalxalanır. Hər gün yeni xəbərlər yayılır, yeni həbslər baş verir. Məlum oldu ki, MTN-də yüksək vəzifə tutan generallar qətldən tutmuş, gizli həbsxana saxlamağa qədər çeşidli cinayətlər törədiblər. Artıq 10-dan artıq məsul şəxs həbs edilib və bundan sonra da həbslərin davam edəcəyi bildirilir. Artıq sadə vətəndaşlar arasında da “belə çıxır ki, MTN-də təmiz adam yox imiş” düşüncəsi formalaşıb.
Amma milli təhlükəsizlik nazirinin birinci müavini Mədət Quliyev hesab edir ki, MTN-də vəziyyət əladır: “Hər kəs bilməlidir ki, Azərbaycan hüquqi dövlətdir. Ölkədə qanun şahdır, hər kəs cinayət edərkən bilməlidir ki, gec, ya tez əməlinə hüquqi qiymət veriləcək, o, cinayətinə görə cavab verəcək. Xalqımız hər zaman MTN-ə inanıb, bu gün də inanır. MTN əməkdaşlarının 99 faizi saf, təmiz fəaliyyət göstərir. Əməkdaşlarımız vicdanla dövlətin təhlükəsizliyinin keşiyində dururlar”- deyə Mədət Quliyev bildirib.
Təbii ki, Mədət Quliyev bu qurum haqqında müsbət fikirlər söyləməli, cəmiyyətdə MTN-lə bağlı inamzıslıq yaranmasının qarşısını almağa çalışmalıdır. Ümumiyyətlə, dövlət adamı dövlətin imicini qorumalıdır. Amma indiki situasiyada belə bir taktika seçmək absurd görünür.
Çünki, günlərdi ölkə vətəndaşı “daha bir nəfər yüksək rütbəli MTN əməkdaşı həbs olundu” xəbərini eşidir. Belə bir məqamda “MTN əməkdaşlarının 99 faizi safdır, təmizdir” demək gülüncdür.
Əvvəla, bir nazirliyin əsas sifəti nazirin özüdür. Yəni, rəhbər bir qurumun 90 faizi deməkdir. Ikinci yerdə rəhbər şəxsin müavinləri gəlir ki, Eldar Mahmudovun generalarının hansı oyunlardan çıxdığı göz önündədir.
Digər tərəfdən bu generallar hansısa sahibkara şəxsən işgəncə verməyiblər, yaxud kimdənsə şəxsən “haqq” istəməyiblər, kimisə şəxsən qətlə yetirməyiblər. Yəni, bu admaların tapşırığının yerinə yetirən onlarla əməkdaş olub. Uzun illər bu sistemdə baş verən cinayət əməllərini nəzərdən keçirsək, bu prosesdə yüzlərlə insanın iştirak etdiyini demək olar. Məsələn, xüsusi bir əməliyyatla hansısa iş adamını oğurlayıb, MTN-in təcridxanasında işgəncəyə məruz qoymaq, 1 nəfərin xidməti ola bilməz.
Ona görə də Mədət Quliyev riyaziyyata istinad edəndə diqqətli olmalıdır. Həm də ki, bu hakimiyyət dövlətin imicin elə zədələyib ki, artıq həqiqətləri gizlətmək mümkün deyil.
Bəli, bu gün MTN-in bu vəziyyətə düşməsi mövcud hakimiyyətin yürütdüyü siyasətdən qaynaqlanır. Siyasi sifariş əsasında hansısa müxalifətçinin evinə kamera yerləşdirən, siyasi mövqeyinə görə insanlara işgəncə verən, adamların evinə silah, narkotik atan MTN əməkdaşı, sabah təbii ki, başqa qanunsuz əməllər də törədəcək. Yəni, MTN generallarına bu qədər azadlığı, özbaşınalığı verən məhz bu hakimiyyətdir. Dövlətin əsas strukturlarını iyrənc məqsədlər üçün istifadə edəndə, ölkədə qanunsuzluğu, korrupsiyanı, cəzasızlıq mühitini çiçəklənədirəndə, nəticə belə də olmalıydı.
Mədət Quliyev cəmiyyətdə MTN-ə inam yaratmaq üçün 1 faizi yox, 99 faizi təmizləyəcəyini bildirməlidi. Hələ cəmiyyətə inandırmaq lazımdır ki, o 1 faiz var. Yəni, boş təriflərlə problemi həll etmək olmaz, dolu tənqidlərlə işə başlamaq lazımdı.
Samir