Aktivlər daşınmaz əmlaka və maliyyə korporasiyasının idarəetməsinə yerləşdirilib
Mətbuatdan bəlli olduğu kimi, Dövlət Neft Fondunun büdcə planlaşdırma və layihələr departamentinin müdiri Müşfiq Bayramov Dövlət Neft Fondunun vəsaitlərinin daxili deyil, xarici banklarda saxlanıla biləcəyini söyləyib.
“Bizimyol”un sorğusuna cavab olaraq, departament rəhbəri Fondun investisiya qaydalarında belə bir müddəanın olduğunu, pulların yalnız yüksək reytinqə malik investisiya aktivlərində idarəyə verilə biləcəyini söyləyib. M.Bayramov deyib ki, daxildəki bankların çoxu bu tələblərə uyğun deyil, eyni zamanda, Fondun məqsədinə müvafiq olmadığı üçün vəsaitlər burada saxlanıla bilməz.
Neft Fondunun digər departament müdiri Bəhruz Bəhramov isə ölkə banklarının maliyyələşdirilməsi, onların nizamnamə kapitalının artırılmasının Dövlət Neft Fondunun məqsəd və vəzifələrinə cavab vermədiyini bildirib: “Neft Fondunun məqsədlərindən biri olan makroiqtisadi sabitliyin qorunması heç də ölkə iqtisadiyyatının hər hansı bir sahəsinə xüsusi yardım etməsi anlamına gəlmir. Azərbaycanda bu gün bankların kapitallaşmasında problemlər varsa, sabah da iqtisadiyyatın başqa bir sahəsində problem çıxa bilər. Amma Neft Fondunun məqsədi ölkənin iqtisadiyyatının müəyyən sahələrində olan problemlərin müvəqqəti həllində deyil, daha çox ümumi makroiqtisadi sabitliyin qorunmasına, önəmli olan sosial-iqtisadi layihələrin maliyyələşdirilməsinə və gəlirlərin ədalətli bölgüsünü təmin etmək məqsədilə gələcək nəsillər üçün vəsaitlərin saxlanılmasına xidmət etməkdir”.
Maraqlıdır, görəsən Dövlət Neft Fondunun aktivləri hansı səbəbdən ölkəyə gətirlə bilməz? Buna mane olan nədir?
Iqtisadçı-ekspert Qadir Ibrahimli söyləyir ki, Dövlət Neft Fondunun aktivlərinin bir hissəsi daşınmaz əmlakda, bir hissəsi isə iqtisadi maliyyə korporasiyasına uzunmuddətli idarəetməyə verilib. Ekspertə görə, həmin aktivləri bu səbəblər ucbatından ölkəyə gətirmək mümkün deyil.
Nigar