Amma hökumət devalvasiyaya gedəndə «ixracı stimullaşdıracağıq» bəyanatını verirdi
Vahid Məhərrəmov: «Azərbaycanın elə bir potensialı yoxdur ki, ixracını artırsın»
Bu ilin 10 ayında Azərbaycanda idxal əməliyyatları artıb, ixrac isə azalıb. Dövlət Gömrük Komitəsinin açıqladığı rəqəmlərə görə, idxal 1.08 faiz artıb, ixrac isə 49.13 faiz azalıb. Ixracda əsas mallarda azalmalar belə olub: Xam neft 53.43, neft məhsulları 45.51, təbii qaz 27.37, çay 44.53, bitki və heyvan mənşəli piylər və yağlar 21.65, şəkər 5,44, spirtli və spirtsiz içkilər 25.04, plastmas və onlardan hazırlanan məmulatlar 28.42, emal olunmamış gön (təbii xəzdən başqa) və aşılanmış dəri 47.03, qara metallar və onlardan hazırlanan məmulatlar 22.79 faiz azalıb.
Ixracda əsas mallardan kimya sənayesi məhsulları 29.22%, meyvə-tərəvəz – 2.32%, alüminium və ondan hazırlanan məmulatlar 4.10%ÿartıb.
Idxalda da belə artım olub. Artım isə belə olub: Meyvə-tərəvəz 136.04, buğda 13.13, əczaçılıq məhsulları 14.80, oduncaq və ondan hazırlanan məmulatlar 84.16, qara metallar və onlardan hazırlanan məmulatlar 70.20, nəqliyyat vasitələri və onların hissələri 70.20 olub. Bir sıra məhsulların idxalında isə azalmalar olub: ət 4.12, süd 12,56, kərəyağı 13.17, şəkər 39.86 %, neft məhsulları 57.72% və s.
Statistik rəqəmlər göstərir ki, Azərbaycan ciddi şəkildə geriləyir. Halbuki, fevralın 21-də devalvasiya qərarı verilərkən belə bir əsaslandırma gətirilirdi ki, bu addım ixrac iqtisadiyyatının yaradılması məqsədilə edilib. Amma ötən 10 ay ərzində ixrac artmaqdan daha da azalıb və ölkə idxaldan asılı vəziyyətə düşüb. Digər tərəfdən, hakimiyyət ölkədə kənd təsərrüfatının inkişaf etdiyini bəyan edir. Amma biz əksinə, kənd təsərrüfatı sahəsində idxalın artmasını müşahidə edirik.
Ekspert Vahid Məhərrəmov vurğulayıb ki, ixrac imkanının artırılması məsələsi nisbidir. Azərbaycanın elə bir potensialının olmadığını deyən V.Məhərrəmov vurğuladı ki, bunu iqtisadiyyatı güclü olan ölkələr edə bilərlər. Onlar valyutalarını aşağı salanda bir çox malların idxalında üstünlük əldə edirlər. Azərbaycanda isə vəziyyətin tam fərqli olduğunu deyən V.Məhərrəmovun fikrincə, Azərbaycan kimi ölkələrin milli valyutası dəyərdən düşəndə bu ölkələr idxaldan asılı olduğu üçün daha çox pul xərcləməli olacaqlar: “Azərbaycanda kənd təsərrüfatında toxum, gübrə, digər materiallar, demək olar, xarici ölkələrdən gətirilir və dollarla əldə olunur. Ona görə həmin məhsulların əldə olunması üçün xərclənən milli valyuta əvvəlkinə nisbətdə 30 faiz artmışdır. Bu isə Azərbaycanın istehsal etdiyi məhsulu ixrac qabiliyyətli etmir. Azərbaycan bir çox məhsulları idxal etmək məcburiyyətində qalır. Çünki həmin məhsullar digər ölkələrdə ucuz istehsal olunur. Bu məhsullar Azərbaycana xüsusən Rusiyadan idxal olunur”.
V.Məhərrəmov eyni zamanda onu da bildirdi ki, ölkədə yanacağın da baha olması kənd təsərrüfatı məhsullarının qiymətinə təsir edir.
Xəyal