Məcburi köçkün olan şikayətçi həkimlərə inanmadığını bildirib
Əslən Qubadlı rayonunun Novlu kəndindən olan, hazırda Sumqayıt şəhərində məskunlaşan məcburi köçkün Firəddin Şamxalov aylardır Neyrocərrahiyyə xəstəxanasında iflic vəziyyətdədir. Şikayətçi buna səbəb kimi həkimlərin səhlənkarlığını bildirir.
Firəddin Şamxalov əməkdaşımızla söhbətində bunları bildirib: “Bu ilin may ayının 25-də xəstəxanaya daxil oldum, bütün zəruri analizləri verdikdən sonra mənə bildirdilər ki, əməliyyat olunub sərbəst şəkildə yeriyə biləcəm. Mayın 27-də və 29-da həkim Rauf Hüseynli məni iki dəfə əməliyyat elədi. Bildirdi ki, 3-4 həftə ərzində tam yeriyə biləcəm. Amma 3 ay keçməsinə baxmayaraq heç bir irəliləyiş yoxdur, əksinə, hərəkət fəaliyyətimi tam itirmişəm. Təkrar MRT müayinəsi olundum və məlum oldu ki, onurğadakı şiş yerindədir. Yırtıq əmələ gəlib və təkrar əməliyyat olunmalıyam. Amma mənə heç baxan yoxdur. Mənə deyirlər hara gedirsən get, kimə şikayət edirsən et, bizlik deyil. Mən də aidiyyəti qurumlara, Prezident Aparatına, Mehriban xanıma müraciət etmişəm. Şikayətim Səhiyyə Nazirliyinə göndərilib. Səhiyyə Nazirliyinin kuratoru Nurəddin müəllim bildirir ki, Kabus Dadaşova bizim gücümüz catmır. Get başqa təşkilatlara müraciət et.
Mən sentyabr ayında “Medstile” klinikasında MRT müayinisədən keçdim, digər neyrocərrahlarla görüşdüm. Bildiriblər ki, deyilən yerdə əməliyyat izləri yoxdur, onurğada olan şişə toxunulmayıb. Əməliyyatdan əvvəl müayinə zamanı 37 mm-lik şiş olduğu göstərilirdi. Ondan 11 mm onkoloji müayinə üçün kəsilib götürülüb. Nəticəsinin də xoşxassəli olduğu barədə rəy verilib. Şiş 4-ci və 5-ci fəqərələr arasında olduğu halda, 1-ci, 2-ci və 6-cı, 7-ci, 8-ci, 9-cu fəqərələrin arası kəsilib, bunun nəticəsində yırtıq əmələ gəlib”.
Sonda Firəddin Şamxalov ona qarşı baxımsızlıqdan da şikayətləndi: “Aylardır burdayam, mənə baxan yoxdur, əməliyyat edən həkim 2 ay idi bu otağa girmirdi, mətbuatda məsələ işıqlandırılandan sonra nəhayət, həkimlər mənim paltama girirlər artıq. Təkcə bir dərman yazılıb, onu da 3 manat 90 qəpiyə özümüz alırıq. Yeməyi də evdən gətiririk. Mənim bu həkimlərə heç inamım qalmayıb, deyirlər bu çox sadə əməliyyatdır. Xarici ölkələrdə bunu asanlıqla edirlər. Mən bir daha Səhiyyə Nazirliyinə, aidiyyəti qurumlara müraciət edərək ayağa qalxıb yeriməyim üçün müalicəmin təmin olunmasına şərait yaradılmasını xahiş edirəm”.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Mətbuat Xidməti ilə əlaqə saxladıq. Onlarda bu barədə dəqiq məlumat olmadığını bildirdilər. Şikayətçinin əlaqə məlumatlarını onlara göndərdik.
Bu hadisədən sonra xəstə Firəddin Şamxalov Səhiyyə Nazirliyindən onlara zəng olunub şikayəti ilə maraqlandıqlarını bildirdi.