Yaxud ikinci şəxs statusu məsələsi niyə yenidən gündəmə gətirilib?
“Biz prezident səlahiyyətlərinin parlament sədrinə keçdiyi halda parlamentdə, ölkələrdə nə baş verdiyini görüb, yaşamışıq. Bir icra orqanının səlahiyyətinin digər icra orqanına keçməsi daha məntiqlidir”. Bu sözləri Milli Məlisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli YAP-ın Gənclər Komitəsinin Konstitusiya Günü ilə bağlı keçirdiyi tədbirdə deyib.
Əli Hüseynlinin indiki vaxtda bu məsələni gündəmə gətirməsi bir sıra mülahizələrə yol açıb. Oxuculara xatırladaq ki, 2002-ci ilin avqustunda keçirilən referendum nəticəsində hakimiyyətdə ikinci şəxs statusu baş nazirə keçib. Beləliklə artıq 10 ilə yaxındır ki, hakimiyyətdə ikinci şəxs ölkənin baş naziri sayılır və indiyədək hökumət nümayəndələri bu məsələni gündəmə gətirməyib. Bəs indi nə baş verib ki, Əli Hüseynli bu barədə danışmağa ehtiyac görüb, ikinci şəxsin Milli Məclisin sədri deyil, baş nazirin olmasını daha məqsədəuyğun sayıb? Ilk ağla gələn beynəlxalq strukturların hakimiyyətdən bu məsələ ilə bağlı konstitusiyaya yenidən dəyişiklik olunması tələbidir. Qərbin belə bir tələbi tamamilə mümkündür. Çünki dünyanın normal ölkələrinin heç birində prezidentin səlahiyyətinin baş nazirə keçməsi təcrübəsi yoxdur. Normal ölkələrdə hesab edirlər ki, bir icra orqanının səlahiyyətinin digər icra orqanına keçməsi, Əli Hüseynlinin söylədiyi kimi, məntiqli yox, məntiqsizdir. Bu təcrübədən hakimiyyəti qorumaq üçün əsasən avtoritar ölkələr yararlanır. Ona görə də Azərbaycanın demokratikləşməsini arzulayan beynəlxalq strukturlar bu məsələ üzərində ciddi dayana bilər. Əli Hüseynlinin fikirlərini isə onlara cavab kimi qiymətləndirmək olar. Hökumətin ikinciliyin parlament sədrinə keçməsini istəməməsi AXC hakimiyyətinin aqibətini yaşamaq qorxusu ilə izah etmək olar. Əli Hüseynli də fərqinə varmadan Heydər Əliyevin hakimiyyəti məhz bu yolla zəbt etməsinə işarə vurub.
Bu məsələnin nədən indi gündəmə gətirilməsi barədə başqa bir mülahizə də var. Bu, hakimiyyət daxilində baş nazir postu uğrunda gedən savaşla bağlıdır. Hökumətdəki iri fiqurlar uzun müddətdir ki, baş nazir olmağa can atırlar. Bu sırada fövqəladə hallar naziri Kəmaləddin Heydərovun, nəqliyyat naziri Ziya Məmmədovun, neft şirkətinin prezidenti Rövnəq Abdullayevin və spiker Oqtay Əsədovun adını xüsusi qeyd etmək olar. Hər biri iqtisadi cəhətdən kifayət qədər güclü olan bu məmurlar baş nazir olmaq iddialarını reallaşdırmaqla hakimiyyətdə Ilham Əliyevdən sonra əsas siyasi fiqura çevrilmək istəyirlər. Ola bilər ki, bu savaş başqa qruplaşmalarda ciddi narahatlıq yaradıb. Və ikinci şəxs statusu ilə bağlı hakimiyyət daxilində müzakirələr açılıb.
Analitik şöbə