Bərəni əsir alan PKK terrorçusu öldürüldü
Türkiyə xüsusi təyinatlıları noyabrın 11-də axşam saatlarında Mərmərə dənizində PKK terrorçusu tərəfindən girov götürülən və göyərtəsində 22 nəfər olan gəmi-bərədə əməliyyat keçirib. Istanbuldan Izmit şəhərinə gedən “Kartepe” adlı bərədə keçirilən xüsusi əməliyyat nəticəsində PKK-çı öldürülüb.
Əməliyyat zamanı girov saxlanılan 22 nəfərdən heç biri xəsarət almayıb. Heyət üzvlərindən 4-ü bərə ələ keçiriləndən 6 saat sonra azad edilib. Istanbul valisi Avni Mutlunun sözlərinə görə, terrorçunun üzərində aşkarlanan naməlum qurğunun partlayıcı olub-olmadığı araşdırılır.
Xatırladaq ki, terrorçu gəmini noyabrın 11-də girov götürmüşdü. PKK-çı kapitanın otağına soxularaq üzərində partlayıcı maddə olduğunu deyib və istiqaməti dəyişməyi tələb edib. Gəmi bir neçə saat hərəkət etdikdən sonra yanacağı qurtardığından terrorçu gəminin Silivri limanı yaxınlığında lövbər salmasına razılıq verib. Əməliyyat da bu zaman başlayıb. Xüsusi təyinatlıların hücumu zamanı bəzi sərnişinlər özlərini suya atıblar.