elnurastanbeyli@gmail.com
Dünən gözüm xəbər lentlərində “Azərsun Holding”in prezidenti Abdolbari Goozalın açıqlamasına sataşdı, deyirdi ki, zərərlə işləyirik. Təsəvvür edin, bu ölkənin ən iri ərzaq istehsalçılarından biridir, inhisarçı şirkətdir, hakim ailəyə bağlı olduğu məlumdur, amma bütün bunlar belə, onu zərərlə işləməkdən qoruya bilmir. Elə isə digər şirkətlərdəki vəziyyətin nə yerdə olduğunu təsəvvür etmək çətin deyil.
Yaşadığım məhəllədəki dükanlardan birinin satıcısı artıq nisyə çörək almağa başlayanların da sürətlə çoxaldığını dedi. 90-cı illərin əvvəllərində ağır müharibə şəraitini unudub çörək növbələrini addımbaşı Cəbhə-Müsavat hakimiyyətinin sifətinə çırpanlar haqqında bəh-bəhlə danışdıqları “ictimai sabitlik, əmin-amanlıq şəraitində”, üstəlik, “regionun lider dövləti” olduğumuz halda insanların çörəyi belə borca almağa başlaması barədə əlbəttə, susacaqlar. Amma bu, ölkənin getdikcə daha çox qara boyalarla əks olunan ümumi mənzərəsini əlvan rənglərlə göstərməyə kifayət deyil.
Başqa bir dükan sahibi isə deyir ki, çoxdan mağazasının qapısına yekə bir qıfıl vurardı, sadəcə, belədə borcları yığa bilməyəcəyindən qorxur. Hər nə qədər gizlədilməyə, təhrif edilməyə çalışılsa da reallıq budur və əmin olun, bunlar hələ yaxşı günlərdir. Bir azdan indiki günləri belə şamla axtaracağıq.
Yaptokratiya isə hələ də özünü sındırmır, neftin gündən-günə ucuzlaşmasına, manatın devalvasiyasına, iqtisadi böhranın hər keçən gün daha da dərinləşməsinə baxmayaraq, optimizmindən qalmır, əvvəlki təntənəli tonla olmasa da, hər halda iqtisadi inkişafla bağlı nağılları davam etdirir. Başadüşüləndir: belə rejimlər problemin yeganə həll yolunu onu gizlətməkdə, malalamaqda, xalça altına süpürməkdə görürlər.
Illər uzunu neft pulları amansızcasına talan edildi. Təbiətin bu xalqa lütfü olan yeraltı-yerüstü var-yatırlar yalnız və yalnız bir ovuc adamın günbəgün varlanmasına, zənginləşməsinə xərcləndi. Ölkədə heç bir real iqtisadi infrastruktur yaradılmadı. Ümumi dəyəri yüzmilyonlarla ölçülən olimpiya-idman kompleksləri tikildi, Azərbaycanın idman ölkəsinə çevrildiyi fəxrlə elan edildi, amma demədilər ki, xalq sabah-birigün nə yeyib-içəcək, qarnını nə ilə doyuracaq? Tennis şarı ilə? Futbol topuyla? Boks əlcəyi ilə? Bəlkə Olimpiya stadionunun qazonları ilə?
Indi isə bir ucdan nazir demirlər, nazir müavini demirlər, general demirlər, tuturlar, guya bunların indiyədək hansı oyunlardan çıxdıqlarını, hansı hoqqalarla məşğul olduqlarını bilmirlərmiş. Əlbəttə, boş söhbətdir. Tuthatutların bizim bilmədiyimiz bir çox səbəbləri var, şübhəsiz. Amma əsas odur ki, artıq özləri də vəziyyətin xarablığının fərqindədirlər, dünənədək ən sadiq, etibarlı adamlarını qurban etməklə Sistemin xilasına çalışırlar. Hətta manatın növbəti devalvasiyası yubanırsa, bunun səbəbi də tutduqları iribuynuzluların oğurluq pullarını geri alaraq neftin ucuzlaşmasından itirilən gəlirlərin yerini müəyyən qədər doldura bilmələridir.
Şübhəsiz, Eldar Mahmudov, Akif Çovdarov, Ilqar Əliyev kimi cəlladların qoluna qandal vurulduğunu görmək xoşdur, adamın ürəyindən tikan çıxır. Amma kimlərinsə istifadə müddətinin bitməsi və cəzalandırılmağa başlanılması ümumi vəziyyəti yaxşılığa doğru yalnız o zaman dəyişə bilər ki, Sistem özü dəyişsin. 21-ci əsrdə fərqli fikiri düşmən görməklə, müxalifəti yox etməyə, ondan “əl quzusu” düzəltməyə çalışmaqla, azad sözün qarşısına yalançı, qondarma, sifarişli məhkəmə hökmlərilə çıxmaqla, toplaşmaq azadlığını polis dəyənəyi ilə, sümükqıran itlərlə, rezin güllələrlə, səs bombaları ilə qarşılamaqla bir yerə varmağın mümkünsüzlüyü anlaşılsın, milli iradə çeynənilməsin, hakimiyyətin mənbəyi həqiqətən xalq olsun.
Əks halda Azərbaycanın getdikcə ağırlaşan, hər gün bir az daha çox qara rəngə çalmağa başlayan mənzərəsinin dəyişəcəyinə, düzələcəyinə, ölkənin siyasi və sosial partlayış təhlükələrindən sığortalanacağına inanmaq sadəlövhlükdür.
Ömrümüzdən onilləri oğurladı bu recim. Bunca neft pulları ilə, bunca onillər ərzində nələr, nələr etmək olmazdı ki! Hamısı havaya uçdu. Illər də, pullar da.
Ancaq heç olmasa, gələcəyi itirməmək, gələcəyi qazanmaq olar. Bunun üçün heç vaxt gec deyil. Bir şərtlə: Azərbaycanda hüquq artıq işləməyə başlamalı, azadlıqlara hörmət edilməlidir! Buna inanmaq hər nə qədər çətin olsa, hətta mümkünsüz görünsə də.