Rasmussen: «2012-ci ildə parlament, 2013-cü ildə prezident seçkiləri Gürcüstanda demokratiya üçün imtahan olacaq»
2012-ci ildə parlament, 2013-cü ildə prezident seçkiləri Gürcüstanda demokratiya üçün imtahan olacaq. APA-nın Gürcüstan bürosunun məlumatına görə, NATO-nun Baş katibi Anders Foq Rasmussen bu gün Tiflisin “Redisson” mehmanxanasında keçirdiyi brifinqdə bildirib. Rasmussen qeyd edib ki, NATO-Gürcüstan yolunda demokratik islahatlar gücləndirilməli və seçki qanunvericiliyi ölkədə normal vətəndaşlıq cəmiyyətini təmin edən əsas yol olmalıdır.
“NATO Gürcüstanda keçirilən islahatları dəstəkləyir və biz onları həyata keçirməyə kömək edirik və birgə səylərimiz Gürcüstanı alyansa gətirəcək,”-Rasmussen bildirib. O, NATO-nun hər il dəqiq qiymətləndirməsində Gürcüstanın NATO standartları və islahatları istiqamətində inkişaf etdiyini qeyd edib. “Bu yolda Gürcüstan addımba-addım irəliləyir. Inkişaf göz qabağındadır. Amma yenə müəyyən işlər görmək lazımdır,”- Rasmussen bildirib. NATO Baş katibi Gürcüstanın NATO-ya daxil olması müddətini hələ dəqiq bilmədiyini deyib. “Hər şey islahatların demokratik inkişaf yolunda irəliləyişindən asılıdır”.